29 Mart 2024

Şuşa Bəyannaməsinin ardından Daşkənd Bəyənnaməsi – böyük hədəfə doğru

Türkiyə, Azərbaycan və Özbəkistanın qurmağa başladığı üçlü əməkdaşlıq yalnız bu ölkələrin özlərinin deyil, bütövlükdə türk dünyasının yaxınlaşmasına gətirib çıxaracaq formatdır

Məlumat verdiyimiz kimi, avqustun 2-də Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan Respublikası xarici işlər, ticarət-iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilib.

Üçtərəfli görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təmsil ediblər. Görüşdə xarici siyasət və regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığının tam potensialının həyata keçirilməsi üçün görülən işlər ətrafında müzakirə aparılıb. Həmçinin, energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycan, Türkiyə və Özbəkistanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə edilib. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb. Zəngəzur dəhlizi daxil olmaqla, regionda bütün kommunikasiyaların açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcəyi qeyd edilib.

Ceyhun Bayramov: Azərbaycan, Türkiyə və Özbəkistan qardaşlığın  möhkəmləndirilməsi yollarını müəyyən edir - AZƏRTAC

Görüşün yekunu olaraq nazirlər tərəfindən Daşkənd Bəyənnaməsi imzalanıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Twitter hesabından görüşlə bağlı paylaşım edərək “Türk dünyasının rifahını yüksəldəcək və əlaqələrimizi gücləndirəcək Daşkənd Bəyannaməsini imzaladıq” qeydini yazıb. Nazir həmçinin  “…davamlı hala gətirəcəyimiz bu mexanizmlə konkret layihələr həyata keçirəcəyik”, – deyə vurğulayıb.

O bildirib ki, geosiyasi reallıqlar “Şimal Dəhlizi”nə alternativ olan “Orta Dəhliz” üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə, “Orta Dəhliz”lə tranzit daşımalar həm qiymət baxımından sərfəlidir, həm də təhlükəsizdir: “Qədim dünyanın ən önəmli ticarət yolu olan ”İpək yolu”nun yenidən canlanması türk dünyasını daha da bütövləşdirəcək”.

Türkiyə XİN rəhbəri türk dövlətləri arasında ticarət əməkdaşlığının dərinləşdirilməsi üçün tarixi “İpək yolu”nun bərpasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, geosiyasi reallıqlar “Orta Dəhliz”də yeni imkanlar yaradır və “Şərq-Qərb” nəqliyyat əlaqələri, təbii ki, çox vacibdir: “Eyni zamanda ”Şimal-Cənub” istiqaməti də mühüm əhəmiyyət kəsb edir. Xəzər dənizi vasitəsilə yüklərin tranzitini nəzərdə tutan “Orta Dəhliz” günümüzün reallıqlarında xüsusi əhəmiyyət kəsb edir. Ukraynadakı müharibə bizə təhlükəsiz yük daşımalarının və logistikanın vacibliyini bir daha xatırladıb. Bu marşrut həm də iqtisadi nötqeyi-nəzərdən effektlidir”.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında qeyd edib ki, Daşkənd görüşü Azərbaycan, Özbəkistan və Türkiyə arasında əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat-logistika imkanlarından səmərəli istifadə edilməsi istiqamətində məhsuldar müzakirə platforması olub: “Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşündə iştirakdan məmnun oldum. Üçtərəfli görüşün yekunları barədə imzalanmış Daşkənd Bəyannaməsi ölkələrimiz arasında tərəfdaşlıq və dostluq əlaqələrinin daha da dərinləşməsi və möhkəmlənməsinə mühüm töhfədir”.

Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçılarının müzakirə etdiyi  məsələlər açıqlanıb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu Daşkənddə bəyan edib ki, Türkiyə tərəfi Avropa və Asiya arasında yük daşımaları üçün güclü logistik baza təşkil edən “Orta Dəhliz”in inkişafına xüsusi diqqət yetirir. Onun sözlərinə görə, “Orta Dəhliz” digər marşrutlara sərfəli alternativdir.

Özbəkistan tərəfi isə “Türkiyə – Qafqaz – Mərkəzi Asiya – Əfqanıstan vasitəsilə Cənubi Asiya” yeni multimodal dəhlizinin formalaşdırılması təşəbbüsü ilə çıxış edib.Təşəbbüsü səsləndirən Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov bildirib ki, Cənubi Asiya ölkələri ilə yükdaşımaları inkişaf etdirmək üçün birgə səylər göstərmək lazımdır: “Özbəkistan daşıyıcıları Əfqanıstandan keçməklə yüklərin Pakistana daşınmasına başlayaraq avtomobil nəqliyyatı ilə artıq marşrutu sınaqdan keçirir”.

Qeyd edək ki, Pakistan-Əfqanıstan-Özbəkistan marşrutu ilə yükdaşımaların həcmi getdikcə artır. Təkcə 2022-ci ilin birinci yarısında daşınan yüklərin həcmi 2,6 dəfə artaraq 330 min ton təşkil edib. Eyni dövrdə Özbəkistanla MDB, Yaxın Şərq, Qafqaz və Aİ ölkələri arasında yükdaşımaların həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə artaraq 52 min tona çatıb.

Məlumat üçün bildirək ki, Orta dəhliz Çindən gələn yüklərin həm Qazaxıstan, həm də Özbəkistan üzərindən daşınmasını nəzərdə tutur. Həm Qazaxıstan, həm də Özbəkistan öz ərazisindən yükdaşımaları artırmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirirlər. Azərbaycan və Türkiyə hər iki türk dövləti ilə əməkdaşlığın genişlənməsində maraqlıdı.

Nəzərə almaq lazımdır ki, Avropa ölkələri Asiyadan və Asiyaya yükdaşımaların Rusiyadankənar ərazilərdən daşınması üçün alternativ marşrutları sürətlə inkişaf etdirirlər. Belə marşrutlardan ən perspektivlisi Azərbaycan və Özbəkistanın da daxil olduğu Orta marşrutdur. Artıq yüklərin  Asiya və Sakit okean regionu ölkələri – Çin-Qırğız Respublikası-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu üzrə daşınmasına başlanıb.  İyun ayında bu beynəlxalq multimodal nəqliyyat dəhlizinin yaradılması layihəsinin iştirakçı ölkələrinin dəmiryolu administrasiyaları bu dəhlizlə yükdaşımaları üçün güzəştlərin tətbiqi barədə razılığa gəliblər. Layihə Çindən Avropaya qarışıq yük daşımalarını nəzərdə tutur. Layihə çəvçivəsində yüklərin böyük hissəsinin konteyner qatarlarla daşınması planlaşdırılır. Çin, Özbəkistan, Qırğızıstanı birləşdirəcək 540 km-lik dəmir yolunun inşası ilə bağlı investisiyalar ayırmağa başlayıb.

Azərbaycan, Türkiyə və Özbəkistan arasında Daşkənd Bəyannaməsi imzalandı -  FOTO

Türkiyə, Azərbaycan və Özbəkistanın Orta dəhlizlə birləşməsi onların iqtisadi-ticari əlaqələrində son illərdə müşahidə olunan dərinləşmənin daha da inkişaf etdirilməsi üçün zəmin yaradır. Azərbaycanın rəsmi statistikasına əsasən, 2020-ci ildə Özbəkistanla ölkəmiz arasında qarşılıqlı ticarətin həcmi 82, 3 milyon dollar təşkil edib ki, bunun da 59,2 milyon dolları bizim idxalımızın, 23,1 milyon dolları isə ixracımızın payına düşüb. 2021-ci ildə ticarət həcmində ciddi artım baş verib –  111,9 milyon dollar. Bunun 78,4 milyon dolları Azərbaycanın Özbəkistandan idxalı, 33,5 milyon dolları isə bu ölkə ixracıdır. 2022-ci ilin 6 ayında isə ölkələr 87,5 milyon dollarlıq alver ediblər ki, bunun da  65,3 milyonunu Özbəkistan Azərbaycana, 22,2 milyonunu isə Azərbaycan Özbəkistana satıb. Birinci yarımildə qarşılıqlı ticarətin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə (47,6 milyon dollar) 83,8 faiz və ya 40 milyon dollar artıb.

Bu ilin birinci yarısında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2,9 milyard dollara çatıb. Bunun 1,9 milyard dolları bizim qardaş ölkəyə ixracımız, 1 milyard dolları isə oradan idxalımızdır. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,8 faiz artım deməkdir.

Türkiyə ilə Özbəkistan arasındakı ticarət həcmi 2020-ci ildəki 2 milyard 106,3 milyon dollara qarşı 2021-ci ildə 62,1 faiz artım nümayiş etdirməklə 3 milyard 388,3 milyon dollara çatıb. Bunun 1 milyard 690,1 milyon dolları Özbəkistanın Türkiyəyə ixracı, 1 milyard 698,3 milyon dolları isə oradan idxalının payına düşür.

Orta dəhlizin bütün seqmentlər üzrə inkişafı ölkələr arasında iqtisadi-ticari əlaqələrin yaxınmümüddətli dövrdə bir neçə dəfə artmasına gətirib çıxara bilər. Bu dəhliz həm də Asiya türkləri ilə Türkiyə və Azərbaycan arasında bağların daha da möhkəmlənməsini şərtləndirəcək…

‘’Yeni Müsavat’’ın təhlilinə görə, Azərbaycanın Qarabağdakı qələbəsinin ardından Türk dünyası yeni dirçəliş və yenidən təşkilatlanma dönəmini yaşayır. Azərbaycan və Türkiyənin birgəliyindən, Türk dünyasına illər sonra qələbə və torpaq qazandırmasından, Ermənistanın timsalında, dünyanın antitürk gücləri üzərində zəfər əldə etməsindən sonra sanki dünyada yeni bir çağ başlayıb. Bu çağın adına “Türk çağı”, “Türk əsri” də demək olar. Bu gün türk dünyası Azərbaycanın Qarabağdakı qələbəsinin meyvələrini toplamaqdadır. Məhz bu qələbə Türkiyə və Azərbaycanı birləşdirdi, qardaş ölkələrdən, “bir millət-iki dövlət” statusundan ittifaq dövlətlərinə çevirdi. Bu status da 2021-ci ilin 15 iyununda Qarabağın ən yüksək zirvəsi olan Şuşada Şuşa Bəyannaməsi ilə rəsmiləşdirildi. Şuşa Bəyannaməsi, eynilə Qars müqaviləsi kimi, Azərbaycan və Türkiyənin qarşıdakı 100 ilinə hesablanmış böyük bir aktdır, Güney Qafqazda əməkdaşlıq və təhlükəsizlik platformasının əsası və təminatçısıdır.

Bunun ardınca baş verən proseslər isə Türk dünyasının gerçəkdən dirçəlişi və birliyinə yönəlik möhtəşəm addımlardır. 2021-ci ilin 12 noyabrında İstanbulda baş tutan Türk zirvəsində Türk Dövlətləri Təşkilatı quruldu. Bu, faktiki olaraq, Yeni Turanın əsaslarının atılması prosesi idi. Təşkilatın ilk rəsmi zirvəsi bu ilin noyabrında Daşkənddə keçiriləcək. Bütün bunlardan sonra  hər fürsətdə Türk dövlətləri arasında inteqrasiya prosesi sürətlənir və böyük bir coğrafiyada birlik məsələləri müzakirə edilir. Şərti olaraq “Turan birliyi”, ‘’Yeni Turan’’ adlandırılan proses ən müxtəlif istiqamətlər üzrə inkişaf edir. Daşkənd Bəyannaməsi bu yöndə atılan növbəti və mühüm addımlardan biri kimi qiymətləndirilir.

Türkiyə, Azərbaycan və Özbəkistanın qurmağa başladığı üçlü əməkdaşlıq yalnız bu ölkələrin özlərinin deyil, bütövlükdə türk dünyasının yaxınlaşmasına gətirib çıxaracaq formatdır. Bu ölkələr tarixi İpək yolu ilə birləşməklə onun yenidən dirçəlməsində açar rolunu oynamaqdadılar. Bu baxımdan, onların ticarət, nəqliyyat, informasiya kommunikasiyaları sahəsində əməkdaşlığı Asiya-Avropa aralığında ticarət əlaqələrinin genişləndiyi Orta dəhlizin rolunun artmasına gətirib çıxaracaq.  Çindən başlayaraq Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya çıxan Orta dəhlizlə yükdaşımaların artmasında bütün iştirakçı ölkələr maraqlıdır.

Dünya SAKİT,

“Yeni Müsavat”