Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır
15 iyun 2021-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır.Türkiyə-Azərbaycan münasibətlərinin çox dərin kökləri var. Bu gün bu münasibətlərin yeni müstəviyə çıxdığını, qədəm qoyduğunu görürük.Türkiyə-Azərbaycan münasibətləri elə bir geosiyasi amilə çevrilib ki, artıq dünya da onunla razılaşır. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır.İki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir.
Azərbaycan-Türkiyə müttəfiqliyini ehtiva edən Şuşa Bəyannaməsi ilə Qafqazın tarixinin yenidən yazıldığını demək olar. Həqiqətən də burada iki qardaş ölkənin xidmətləri misilsizdir. 44 günlük vətən müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazdakı rolu haqqında səslənən fikirlərə, müzakirələrə Şuşada cavab verildi. Artıq Türkiyə Cənubi Qafqaz regionunda iki böyük gücdən biri hesab edilir. Bəyannamənin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatında vurğulandı ki, Türkiyə Azərbaycanla birlikdə işğaldan azad olunmuş torpaqlarda quruculuq-bərpa işlərini bərabər aparacaq. Azərbaycan və Türkiyə birgə addımlar atacaq. Bu baxımdan, ən vacib məqam ondan ibarət idi ki, bundan sonra Azərbaycana ediləcək hər hansı bir təhdid, hücum Türkiyəyə qarşı edilmiş kimi qəbul olunacaq və Türkiyə anında Azərbaycanla bərabər bu məsələlərə cavab verəcək. Eyni zamanda, Türkiyəyə qarşı da ediləcək bu kimi addımlar Azərbaycana qarşı da edilmiş olacaq və Azərbaycan birmənalı olaraq hər şeyi ilə Türkiyənin yanında olacaq. Bu Bəyannamə ilə Azərbaycanın Cənubi Qafqazda yeri və rolu daha da güclənməklə yanaşı, Türkiyənin rolu, Türk dövlətlərinin birliyi də güclənir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında qeyd etmişdir ki, imzalanmış Bəyannamə tarixə əsaslanır: Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi