23 Dekabr 2024

“Şuşa Bəyannaməsi” iki ölkə arasında imzalanmış olsa da, o, bütövlükdə bölgəyə işıq salır

“Şuşa Bəyannaməsi” Azərbaycanla Türkiyənin dostluq, qardaşlıq, qonşuluq münasibətlərini daha yüksək zirvəyə – müttəfiqlik münasibətləri səviyyəsinə qaldırdı. Doğrudan da, başqa iki müstəqil ölkə tapmaq çətindir ki, onların arasında “Şuşa Bəyannaməsi”ndən üstün Müttəfiqlik Bəyannaməsi olsun. Bizim yetərincə yüksək əlaqələrimiz olub, var və olacaqdır.

“Şuşa Bəyannaməsi” Azərbaycanın siyasi, diplomatik, iqtisadi və əlbəttə, hərbi uğurudur. Azərbaycanla Türkiyənin münasibətlərini daha üstün səviyyəyə qaldıran sənəd, yeni işbirliyi ruhu və hüququ ilə bölgə əhəmiyyətli bütün əməli fəaliyyət sahələrini əhatə edir. Bu sənəd hər iki ölkənin beynəlxalq nüfuzuna öz müsbət təsirlərini göstərməkdədir.

Qardaşlığın yeni mühüm mərhələsini təşkil edən “Şuşa Bəyannaməsi” beynəlxalq münasibətlərin və münasibətsizliklərin həssas dönəmində müttəfiqliyin geostrateji önəmini daha da artırır. Şuşada qoşa dalğalanmaqla ölkələrimizin birliyini nümayiş etdirən Azərbaycan və Türkiyə bayraqları yalnız siyasi, hüquqi anlamlarda qalmayıb, ruhi-mənəvi, mədəni iqlimimizi təcalla etdirir. Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik münasibətləri ölkələrimizin münasibətlərinin bütün müstəvilərdə davamlı inkişafını təmin etmə gücündə olub, çoxşaxəli müttəfiqliyin simvoludur. Bu Bəyannamə sayəsində Azərbaycanla Türkiyə arasında siyasət, diplomatiya, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələr üzrə əməkdaşlıq yeni məzmun və yeni səviyyə qazanıb. “Şuşa Bəyannaməsi” iki ölkə arasında imzalanmış olsa da, o, bütövlükdə bölgəyə işıq salır, sülh, əmin-amanlıq üçün şansları artırır, mehriban qonşuluq, birgə yaşayış və beynəlxalq hüquq normalarına uyğun münasibətlərin imkanlarını, əhatə dairəsini genişləndirir. Yəni haqlı olaraq belə dəyərləndirilir ki, “Şuşa Bəyannaməsi” bölgədə inteqrasiya proseslərini, yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır.

“Şuşa Bəyannaməsi” bu ilin əvvəlində hər iki ölkənin parlamentində ratifikasiya edilərək, təsdiq olunub. Azərbaycan Prezidentinin 15 iyun 2021-ci il nitqində vurğulandığı kimi, “Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.

Bəyannamənin mətnindən və ruhundan irəli gələn vəzifələr keyfiyyətcə daha yüksək işbirliyinə təminat yaratmaqdadır. “Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə prezidentlərinin yalnız öz ölkələrinə deyil, Avrasiyada sülh, əmin-amanlıq, iqtisadi inkişaf və digər kateqoriyalarda tərəqqi üçün göstərdikləri tarixi xidmət səciyyəsi daşıyır.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı