23 Dekabr 2024

Şuşa Bəyannaməsi – həmrəyliyin və qardaşlığın təcəssümüdür

İki il öncə- 15 iyun 2021-ci il tarixində Tükiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev azad Şuşada müttəfiqlik haqqında Bəyannaməyə imza ataraq bu tarixi günü bir daha əbədiləşdirmiş oldular. 29 il əvvəl xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev həmin gün Azərbaycanı böyük fəlakətdən qurtarmışdı. Bu Bəyannamənin imzalanması ilə 15 iyun ikiqat əlamətdarlıq qazanmış oldu.

Şuşa Bəyannaməsi nəinki hərbi inkişafla bağlı, eləcə də digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur. Həmçinin regionda mövcud olan müxtəlif çağırışlara qarşı birgə addımların atılması da bu Bəyannamədə əks etdirilən mühüm istiqamətlərdən biridir. Eyni zamanda, regional iqtisadi inkişaf perspektivləri də Şuşa Bəyannaməsində əksini tapıb.

Şuşada imzalanmış Bəyannamə hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, region dövlətləri arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılması, beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirilməsinin vacibliyi və bir sıra digər olduqca mühüm müddəaları özündə ehtiva edir. Bu isə qarşıdakı dövrdə Türkiyə və Azərbaycan üçün əlaqələrin inkişafında yeni bir mərhələ yaradır.

Şuşa Bəyannaməsi əslində Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bəyan edən növbəti bir mesajdır. Şuşa Bəyannaməsinin preambulasında Azərbaycan ilə Türkiyə arasında imzalanan tarixi sənədlər xatırlanır. Belə ki, Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq Müqaviləsinə, Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad edir. Bundan əlavə, Şuşa Bəyannaməsində Ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün iki qardaş ölkə barədə kəlamları da bir daha təsdiqlənir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi