28 Mart 2024

Suriyada “Şeyx Süleyman” uğrunda döyüşən azərbaycanlı Bakıda məhkəmə qarşısına çıxarılır

Suriyada silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunan “Azəri camaatı”nın üzvü 45 yaşlı Akif Osmanovun cinayət dosyesi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Artıq iş üzrə hakim də təyin olunub. Akif Osmanovun cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 19-na təyin edilib.

Akif Osmanov 2022-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Beynəlxalq terrorçuluqla mübarizə istiqamətində keçirilən kompleks əməliyyat-istintaq tədbirləri çərçivəsində Türkiyədə ələ keçən Akif Osmanov silahlı terror təşkilatının bu ölkədə fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə saxlanılıb. O, Türkiyə ərazisində saxlanılarkən özünü Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi təqdim edib və onun adına saxta pasport təqdim edib. Araşdırmalardan sonra təqsiri sübuta yetirilmədiyi üçün azad edilib.

Bir müddət sonra isə 45 yaşlı Azərbaycan vətəndaşı Akif Aydın oğlu Osmanovun dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub. Cinayət işi üzrə aparılan sonrakı araşdırmalar nəticəsində məlum olub ki, Akif Osmanov Suriyanın Artma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçib, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəyib, radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak edib. Akif Osmanovun qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alıb. Onun terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib və həbs olunub.

Akif Osmanova Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə ittiham verilib.

E.MƏMMƏDƏLİYEV