Sumqayıtda qatarla avtobus toqquşub: 1 nəfər ölüb
“Azərbaycan Dəmir Yolları” QSC hadisə ilə bağlı məlumat yayıb
“Azərbaycan Dəmir Yolları” QSC Sumqayıtda baş verən qatar qəzası ilə bağlı məlumat yayıb. AYNA-nın xəbərinə görə, QSC-nin Mətbuat Xidmətindən bildirilib ki, bu gün saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub.
“Hadisə nəticəsində qatar tərtibatçısı Abdullayev Murtuz Aleksey oğlu dünyasını dəyişib. Hadisənin baş vermə səbəbi müvafiq orqanlar aidiyyəti üzrə araşdırılacaq və hüquqi qiymət verəcək”, – deyə qeyd olunub.
Xatırladaq ki, bu gün Sumqayıtda yük qatarı ilə avtobus toqquşub. Nizamlayıcı işləyən 1972-ci il təvəllüdlü Abdullayev Murtuz Aleksey oğlu qatarla avtobus arasında qalaraq ölüb.