23 Dekabr 2024

Sülhəddin Əkbər: “Ehtiyac varsa, Azərbaycan Qoşulmama Hərəkatından çıxmalıdır”

“Azərbaycan bu ilin sonundan gec olmayaraq, öz strateji seçimini etməlidir”

Milli Məclisin komitə sədri Zahid Oruc parlamentin yaz sessiyasının ilk iclasında Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi vəziyyətə diqqət çəkərək, 11 il əvvəl qəbul edilmiş hərbi doktrinamızda dəyişiklik zərurətinin yarandığını deyib. Millət vəkili qeyd edib ki,  Azərbaycan ərazisində hərbi bazaların olması məsələsi də hərbi doktrinada yer alıb və bu məsələyə baxa bilərik. Məsələnin mühümlüyünü və parlament tribunasından səslənməsini nəzərə alıb mövzunu peşəkar ekspertlə, politoloq Sülhəddin Əkbərlə davam etdirdik:

– Sülhəddin bəy, parlament tribunasından hərbi doktrina, hərbi bazalarla bağlı səslənən təkliflərə sizin münasibətini necədir?

– Hərbi baza ilə bağlı Azərbaycanın qarşısında heç bir maneə yoxdur. Əvvəla, Azərbaycanın hərbi doktrinası buna imkan verir. Çünki hərbi doktrinada da qeyd olunub ki, regionda hərbi-siyasi durumda köklü siyasi dəyişiklik olarsa, Azərbaycan bu məsələyə yenidən baxa bilər. İkincisi, hərbi doktrina qanun xarakteri daşımır. Adından da göründüyü kimi, o, Azərbaycanın hərbi təhlükəsizlik sahəsinə rəsmi baxışlar sistemini əks etdirir. Bilirsiniz ki, mən də dəfələrlə bu məsələni qaldırmışam ki, Azərbaycan Türkiyə ilə ilk növbədə hərbi-siyasi-ittifaq müqaviləsi imzalamalıdır. Çox zaman deyirlər ki, Rusiya tərəfindən təzyiq ola bilər. Əslində ilk addımı Rusiya atıb. Məhz Rusiya regionda balansı pozub, Ermənistanla hərbi ittifaq müqaviləsi bağlayıb, sonra da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaradaraq, onu ora daxil edib. Yəni regionda hərbi-siyasi tarazlığın pozulması yönündə ilk addımı Rusiya atıb, səbəbkar odur. Azərbaycan buna ancaq reaksiya verib. O da zəif reaksiya… 2010-cu ildə Türkiyə ilə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bağlamaqla. Bu, adekvat bir reaksiya deyil. Adekvat reaksiya ondan ibarətdir ki, hələ həmin dövrdə Azərbaycan da Türkiyə ilə analoji addım atmalı idi. Amma indi gec də olsa, xüsusən də 44 günlük müharibədə dövlət başçısının dediyi kimi, dostumuzla, düşmənimiz açıq şəkildə bəyan olduqdan sonra Azərbaycan bu addımı atmalıdır. Çünki istər dünya və region, o cümlədən Azərbaycan geopolitik burulğan dövrünə daxil olub, xüsusən də postsovet məkanı. Bu baxımdan bu geopolitik burulğandan Azərbaycanın çıxması, yeni dünya nizamında və yeni geopolitik sistemdə öz layiqli yerini tutması üçün Azərbaycan bu addımı atmalıdır. Mən buna heç bir maneə görmürəm.

– Bəs Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması və hətta hazırda bu quruma sədrliyi necə, əngəl ola bilərmi?

– Mənim fikrimcə, Azərbaycan belə bir qərar verməlidir və burada da ehtiyac varsa, Qoşulmama Hərəkatından da çıxmalıdır.

– Amma müharibə günlərində Azərbaycanı təşkilat olaraq ən çox müdafiə edən Qoşulmama Hərəkatı oldu…

– Bu müharibədə Azərbaycanı əsas müdafiə edən Türkiyə olub, ondan sonra da Pakistan. Təşkilat olaraq Qoşulmama Hərəkatı Azərbaycana nə edəcək, sanksiya tətbiq etməyəcək ki… Müqayisə etmək lazımdır, hansı bizə daha çox lazımdır. Tibb dili ilə desək, müəyyən dövrlər olur ki, xəstəyə müdaxilə etmək həyati göstəriş olur. Yəni o müdaxilə olmasa, xəstənin həyatı təhlükə altında qala bilər. Mənim şəxsi fikrim budur ki, Türkiyə ilə ittifaq sazişinin bağlanması Azərbaycan üçün həyati göstərişdir. Çünki bu, Azərbaycana həyatı bahasına başa gələ bilər. Nəzərə alsaq ki, müharibə bitməyib, Azərbaycanın Rusiya, Ermənistan kimi açıq düşmənləri var. Deyək ki, Rusiya birbaşa düşmənçilik etmir, amma Azərbaycana qarşı vəkalət müharibəsi aparır və onun da vəkilliyini Ermənistan edir, bunu bilməyən yoxdur. Məsələn, Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin açıqlamaları ilə yəqin tanışsınız. Açıq şəkildə deyir ki, Rusiya bizə kömək etmək üçün maksimal hər şeyi etdi. Bunu mətbuata özləri açıq deyirlər, görün hələ deyilməyən nələr var. Özü də bunu təkcə o demir, bundan əvvəl də Ermənistanın hərbi-siyasi rəhbərləri analoji açıqlamalar vermişdilər. Yəni heç kimə sirr deyil ki, bizim düşmənlərimiz bir-birinə hərbi müttəfiqdirlər, həm ikitərəfli ittifaq sazişləri var, həm də KTMT-də bir yerdədirlər. Bu gün də Azərbaycanın bir hissəsi Rusiya-erməni birliyinin nəzarətindədir, bu da faktdır, adını nə qoyursunuz-qoyun. Mənim fikrimcə, yaranmış vəziyyətdə hərbi-siyasi tarazlığı təmin etmək üçün Türkiyə ilə hərbi ittifaq sazişi imzalanmalıdır. Özü də təkcə bu yox, digər çoxsaylı addımlar da atılmalıdır. Amma ilk növbədə Türkiyə ilə hərbi ittifaq sazişinin imzalanması həyati göstərişdir. Ona görə də digər məsələlər – sizin toxunduğunuz məsələlər də daxil olmaqla – arxa plana keçir.

– Üstəlik, siz Türkiyənin Azərbaycanda hərbi bazasının olmasını vacib sayırsınız, eləmi?

– Bəli, vacib sayıram. Ona görə ki, birinci, hələ müharibə bitməyib, Azərbaycan müharibə vəziyyətindədir. Bəziləri elə hesab edirlər ki, müharibə bitib. Onlara xatırlatmaq istəyirəm ki, Birinci Qarabağ savaşında da müharibə bitmişdi, 1994-cü ildə atəşkəs sazişi imzalanmışdı. Görürsünüz, 26 il keçdikdən sonra İkinci Qarabağ müharibəsi oldu. Biz bu gün yalnız atəşkəsə nail olmuşuq. Ərazimizin bir hissəsi hələ də faktiki olaraq Rusiya-erməni birliyinin işğalı altındadır, rəsmi adı başqa olsa da. Yəni müharibə bitməyib, ortada sülh sazişi yoxdur. Ən azı formal, rəsmi baxımdan sülh sazişi yoxdursa, bu, o deməkdir ki, müharibə bitməyib. Müharibə bitmədiyinə görə də, yəni istənilən an qızışa biləcəyinə görə, biz müharibəyə hazır olmalıyıq. Müharibəyə hazır olmaq üçün də əsas məsələlərdən biri Türkiyə ilə ittifaq sazişinin bağlanması, Türkiyənin burada bazalarının olması, Azərbaycan Ordusunun Türkiyə ordusuna müvafiq şəkildə yenidən qurulmasıdır. Bundan ötrü də bazaların burada olmasına çox böyük ehtiyac var. Çünki operativ müdaxilə imkanı yaradır. Ən başlıcası isə bazaların burada olması çəkindirici güc kimi çıxış edəcək. Bu çəkindirici güc bəlkə də üçüncü Qarabağ savaşının qarşısını alacaq. Digər tərəfdən, yeni dünya nizamı quruculuğu və geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. Görürüsünüz ki, postsovet məkanında, Azərbaycan ətrafında hərbi-siyasi vəziyyət kəskinləşir. Bu, o deməkdir ki, Azərbaycan başqa müharibələrə də cəlb oluna bilər. Yəni təkcə Qarabağ müharibəsindən söhbət getmir, geopolitik digər savaşlara da cəlb oluna bilərik. Məsələn, deyək ki, Zəngəzur dəhlizinin açılması, Cənubi Azərbaycan məsələsinin gündəmə gəlməsi ilə bağlı olaraq. Ona görə də xatırlayırsınızsa, mən deyirdim ki, Azərbaycan üç potensial müharibəyə hazır olmalıdır. Üçüncü Qarabağ savaşına, Zəngəzur dəhlizi məsələsinin həllinə, Cənubi Azərbaycan məsələsinin həllinə. Bu, o demək deyil ki, üç müharibənin üçü də olacaq. Sadəcə, biz buna hazır olmalıyıq.   

– Deputat Zahid Oruc bildirib ki, Vətən müharibəsi günlərində Bakı, Mingəçevir kimi şəhərlər və oradakı strateji obyektlər yüksək səviyyədə qorunsa da, Bərdə, Gəncə şəhərinin qorunmasında düşmən boşluqlar tapa bildi. Sərhədboyu ərazilərimizin qorunması, hava hücumundan müdafiə sisteminin mükəmməl şəkildə qurulması üçün Türkiyə ilə əməkdaşlıq həyata keçirilə bilərmi?

– Burada həm Azərbaycan birtərəfli qaydada öz hərbi-təhlükəsizlik sistemini qurmalıdır və əgər sazişə gedirsə, artıq inteqrativ sistemlər qurulmalıdır. Yəni sistemlər bir-biri ilə bağlanmalıdır. Əslində yaxşı olardı ki, Azərbaycan özünün hava hücumundan müdafiə sistemini Türkiyə hava hücumundan sistemi ilə birləşdirsin. Görürsünüz, KTMT daxilində də, NATO çərçivəsində də hava məkanının qorunma sistemi, hava hücumundan müdafiə sistemi vahiddir. Ona görə də Azərbaycan bu istiqamətdə, ittifaq müqaviləsi bağlanana qədər təbii ki, tərəfdaşlıq çərçivəsində birgə addımlar ataraq, öz milli-müdafiə sistemini qurmalıdır. İttifaq olacağı halda da artıq ikitərəfli birgə, hələ ortaq hava hücumundan və raket hücumundan müdafiə sistemi qurulmalıdır. Yəni bu sistemlər bir-birinə bağlanmalıdır. Türkiyə hərbi texnologiyasının inkişafı sahəsində atılan addımları izləyirsinizsə, artıq Türkiyə ciddi şəkildə hava hücumundan müdafiə milli sistemlərinin də istehsalına başlayıb. İstehsal olunanlar da var, sınaqdan keçirilənlər də, hazırlanan mərhələsində olanlar da. Bəzi layihələri iki-üç ilə, bir sıra layihələri isə 5-10 il ərzində. Nəzərə alsaq ki, regionda hərbi-siyasi vəziyyət də, geopolitik durum da dəyişib, Azərbaycan artıq yalnız bu günü düşünməməlidir. Ən azı yaxın perspektivi düşünməlidir. Strateji planda yaxın perspektiv deyəndə minimum beş il nəzərdə tutulur. Biz heç olmasa, yaxın beş ili nəzərə alıb, öz hərbi planlaşdırmamızı aparmalıyıq.

– Yaranmış şərait hərbi doktrinaya hansı dəyişiklikləri zəruri edir?

– Mənə elə gəlir ki, Azərbaycan bu ilin sonundan gec olmayaraq, öz strateji seçimini etməlidir. Hətta siyasi-strateji seçimini etməsə də, hərbi-strateji seçimini etməlidir. Çünki şərtlər və şərait buna məcbur edəcək. Yəni postsovet məkanında başlayan proseslər artıq ilin sonuna doğru klinik şəkil alacaq, açıq şəkildə görünəcək. Mütəxəssisləri bir kənara qoyuram, əslində hadisələri yaxından izləyən izləyən jurnalistlər belə, postsovet məkanında vəziyyəti görürlər. Belarusda yaranmış pat vəziyyət, Moldovada qərbpərəst prezidentin hakimiyyətə gəlməsi, Ukraynada Donbasın bir hissəsinin işğalı, Krımın işğalı və ilhaqı, Gürcüstanda siyasi böhran, Ermənistanla Azərbaycan arasındakı Qarabağ savaşı və onun hələ də ortadakı nəticələri, Qırğızıstanda dəyişiklik, Qazaxıstana qarşı Rusiyanın ərazi iddiaları, nəhayət, Rusiya daxilində başlayan yeni proseslər… Bütün bunları və ABŞ-dakı hakimiyyət dəyişikliyi, Baydenin xarici siyasətlə bağlı açıqlamaları onu göstərir ki, biz yeni bir dövrə daxil oluruq, postsovet məkanı ilə bir yerdə. Burada İran məsələsinin də gündəlikdə olduğunu nəzərə alsaq… Azərbaycan məsələsi iki paketdə gedir, həm postsovet məkanında, həm də İran məsələsi ilə bağlı olaraq. Çünki Azərbaycanın böyük bir hissəsi – Cənubi Azərbaycan – həm də millətin böyük bir hissəsi müasir İranın tərkibindədir. Ona görə də Azərbaycan məsələsi eyni vaxtda iki istiqamətdə gündəliyə gəlib: həm İran məsələsi, həm də postsovet məkanı ilə bağlı olaraq. Odur ki, vəziyyət çox həssasdır. Azərbaycan xarici təzyiqlərə açıqdır. Burada müttəfiqlik münasibətlərinin qurulması, düzgün addımların atılması çox vacibdir, həyati əhəmiyyət kəsb edir.

– Necə bilirsiniz, Vətən müharibəsindən sonra Azərbaycan hərbi doktrinasında dostları və düşmənləri siyahısına yenidən baxmalıdırmı?

– Bəli. Əslində bu müharibə Azərbaycanın gerçək dostlarının da, düşmənlərinin də kim olduğunu ortaya qoyub. Həm bunu nəzərə almaq, həm də dostların sayını artırmaq, düşmənlərin sayını mümkün qədər azaltmaq strategiyası izləmək lazımdır. Heç olmasa, düşmənlərin sayını azalda bilməsək də, onların bir hissəsini neytrallaşddırmaq. Məsələn, deyək ki, düşmən ölkədirsə, onu dost olmayan ölkəyə çevirmək, yəni aqressivliyini azaltma xətti yürütmək lazımdır. Amma təbii ki, ilk növbədə biz dostarımızla münasibətləri rəsmi hala gətirməliyik ki, Azərbaycan dostları ilə bir yerdə çəkindirici gücə çevrilsin. Amma çəkindirici güc olmayacaqsa, yenidən aqressiya üçün şirnikləndirici bir mərkəz halına gələcək. Onu nəzərə alın ki, Türkiyə və Pakistanın Azərbaycanın yanında olması, Böyük Britaniyanın, İsrailin ona dəstək verməsi ortaya çıxdı, Azərbaycan müəyyən bir çəkindirici gücə çevrilib. Amma bu, konyukturalı, şəraitə uyğun operativ-taktiki münasibətlərdir, davamlı, qalıcı münasibətlər deyil. Onun davamlı hala gətirilməsi lazımdır. Bu da ancaq ittifaq münasibətlərinin, tərəfdaşlıq münasibətlərinin qurulması ilə ola bilər. Azərbaycan tərəfdaşı olan Türkiyə ilə ittifaq münasibəti qurmalıdır, indiki strateji əməkdaşlıq etdiyi tərəfdaşlarla da operativ-taktiki münasibətlərini artıq strateji hala gətirməlidir. Onun üçün də rəsmi sazişlər imzalamalıdır. Bu, Böyük Britaniya, İsrail, Pakistana da aiddir. Eyni zamanda biz ABŞ, Avropa Birliyi və NATO ilə də münasibətlərimizə yenidən baxmalıyıq.

Elşad PAŞASOY,
“Yeni Müsavat”