24 İyun 2024

Strateji tərəfdaşlıq

Azərbaycanın çoxşaxəli xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da genişlənərək inkişaf edir. Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır.

Tacikistan Prezidenti Emoməli Rəhmonun mayın 23-də ölkəmizə dövlət səfəri münasibətlərimizin dünəninə, bu gününə və perspektivlərə işıq saldı. Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında səsləndirilən fikirlər möhkəm təmələ, dostluq münasibətlərinə əsaslanan bu əməkdaşlığın uğurlu gələcəyi olduğunu təsdiqlədi. “Bu gün nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətimizlə bağlı məsələlərin geniş spektrini müzakirə etdik, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətimizin üzvlərinə konkret tapşırıqlar verdik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalandı.  Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Ötən il dövlətlərimiz arasında ali səfərlər baxımından olduqca məhsuldar il olub. Azərbaycan Prezidenti 2023-cü ildə dost ölkəyə iki dəfə səfər edib.  2023-cü ilin aprelində Tacikistanda dövlət səfərində olan cənab İlham Əliyev sentyabrda Prezident Emoməli Rəhmonun dəvəti ilə   Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında yeganə fəxri qonaq qismində iştirak etdi. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən ilin noyabrında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə oldu.

Tacikistan Prezidenti Emoməli Rəhmonun bu günlərdə ölkəmizə dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Səfər çərçivəsində mətbuata bəyanatında “Bu gün regionun ən böyük sənaye, iqtisadi və elmi-texniki mərkəzlərindən biri olan qədim tarixə malik gözəl Bakı şəhərini növbəti dəfə ziyarət etdiyimə görə çox şadam. Azərbaycan paytaxtının təkrarolunmaz siması ölkənin dinamik sosial-iqtisadi inkişafının və Azərbaycan xalqının rifahının davamlı olaraq yüksəlməsinin təcəssümüdür” söyləyən Tacikistan Prezidenti onu da əlavə etdi ki, bugünkü görüşlərimiz Tacikistan-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xas konstruktiv və etimad mühitində keçdi. Danışıqlar zamanı iki ölkə arasındakı münasibətlərin bütün kompleksini ətraflı müzakirə etdik. Bu münasibətlərin uzunmüddətli inkişafının təməlini əhəmiyyətli dərəcədə gücləndirən bir sıra vacib razılaşmalar əldə edildi. Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq.

Emoməli Rəhmon Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti sessiyasını (COP29) keçirməsi ilə bağlı qərarını alqışladığını da bildirdi.

Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində də COP29 tədbiri xüsusi diqqətdə olub. Cənab İlham Əliyev bildirib ki, COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaq: “Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq?”

Qeyd etdiklərimiz fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu özünü qabarıq şəkildə büruzə verir. Azərbaycanın münasibətlərdə qarşılıqlı etimad mühitinə xüsusi önəm verməsi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri