Statistika Komitəsindən qorxudan rəqəmlər – son 6 ildə…

Görünən odur ki, mövcud xoşagəlməz tendensiya davam edərsə, ölkə çox ciddi problemlərlə üzləşə bilər
Statistika Komitəsi son 12 ilin başlıca demoqrafik göstəricilərini hər biri 6 ildən ibarət olmaqla, 2 ardıcıl dövrə bölüb. Statistik rəqəmlər bu sahədə çox ciddi problemlərin olmasından xəbər verir.
Məsələ ondadır ki, ölkədə 1-ci dövrlə (2009-2014-cü illər) müqayisədə 2-ci dövrdə (2015-2020-ci illər) doğumların və nikahların sayı azalır, boşanmaların və ölümlərin sayı sürətlə artır. Özü də bu tendensiya ilbəil sürətlənir.
Məlumatda qeyd edilir ki, 2009-2014-cü illərdə ölkədə doğum 1011497 nəfər olub. Ancaq bundan fərqli olaraq, 2015-2020-ci illər doğum olub 876447 nəfər. Digər tərəfdən, 2009-2014-cü illərdə ölüm sayı 324904 nəfər olduğu halda, 2015-2020-də 357267 nəfər olub. 2009-2014-cü illərdə nikah sayı 496218, 2015-2020-də 360168. 2009-2014-cü illərdə boşanma sayı 62497, 2015-2020-də 87025 olub. Görünən odur ki, mövcud xoşagəlməz tendensiya davam edərsə, ölkə çox ciddi problemlərlə üzləşə bilər.
Maraqlıdır, bütün bunların kökündə nə dayanır? Ekspertlər vəziyyəti necə dəyərləndirir?

Mehriban Zeynalova
Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, bütün bu cür problemlərin əvvəlində qadınların sosial müdafiəsi, təhlükəsizliyi məsələsi dayanır: “Yəni bu, təkcə qanunvericilik və digər məsələlərlə bağlı deyil. Əgər qadınların sosial müdafiəsi, iqtisadi asılılığı güclənsə, onda onların qorxuları, narahatlığı da aradan qalxar və başa düşərlər ki, ciddi şəkildə sosial müdafiə olunur və ailənin hər hansı bir problemi yarananda qadın və uşağın sosial zəmanəti olacaq. Hələ ki bunlar tam formalaşmayıb, baxmayaraq ki, kifayət qədər islahatlar gedir. Düşünürəm ki, bu məsələnin üzərində ciddi işləmək lazımdır.
Təkcə maarifləndirmə deyil, onunla bərabər xidmət paketlərinin genişlənməsi lazımdır. O cümlədən cəzaların da qanuna uyğun formada tənzimlənmək, alternativ cəzalar forması fikirləşmək lazımdır, təkcə həbs etməklə deyil. Doğuşların sayının az olmasına gəldikdə təbii ki, pandemiyanın da burada öz təsiri var. Pandemiya bizdə elə təəssürat yaratdı ki, həyatda davamlılıq və sağlamlıq məsələsi önəmlidir. Həmçinin pandemiya dövründə iqtisadi amillərin ortaya çıxması da öz təsirini göstərdi. Qadağalar, karantinlər və sairə, bütün bunlar təsirsiz ötüşmədi”.
Mehriban Zeynalova nikahların azalması məsələsindən də söz açaraq qeyd edib ki, hazırda nikaha fərqli yanaşma məsələsi ortaya çıxıb: “Düşünürəm ki, bu səbəbdən nikahların sayı azalmağa başlayıb. İndi bəzi gənclər qeyri-qanuni evliliyə üstünlük verir, bu da bir sıra problemlərlə üzləşdiklərinə görə baş verir. Və yaxud daha ciddi ailə modeli qurmaq üçün yaş məsələsində tələskənliyə yol vermirlər. Ümumən hesab edirəm ki, sosial dəstək, sosial proqramlar gənc ailələr, qadınlar, uşaqlar üçün günün ən vacib tələblərindən biridir”.

Elnur Rüstəmov
Psixoloq Elnur Rüstəmov isə qeyd etdi ki, məlum proses artıq bir neçə on ildir ki, davam edir: “Şübhəsiz ki, əgər boşanmaların sayı artırsa, ailədaxili konfliktlər baş verirsə, həmin ailələrdə böyüyən uşaqlar sabah özləri ailə qurmaq məsələsində çətinlik yaşayırlar. Bu, məsələnin birinci tərəfidir. Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, günün reallıqlarını nəzərə almalıyıq. Bu gün biz qloballaşan dünyada, informasiya əsrində yaşayırıq. Bu dönəmin də özünün davranış, ünsiyyət, yanaşma modelləri var. İndiki yanaşma modelləri əvvəlki illərlə müqayisə oluna bilməz. Məsələn, əvvəllər ailə daxilində münasibətlərin tənzimlənməsində başqa metodlardan istifadə olunurdu. Burada adət-ənənələr, dini, böyük-kiçik faktorları var idi. Bu gün isə bu cür münasibətlər tamam fərqli bir formada tənzimlənir. Yəni bu gün hüquq daha qabarıqdır, gender məsələləri var, insanların həyata baxışları fərqlidir. Yəni bir tərəfdə insanlar ailənin vacib, zəruri olduğunu qeyd edir, bunun yanında da öz şərtlərini bildirir”.
Psixoloq qeyd edib ki, məsələni araşdırarkən ilk öncə ailələrin hansı səbəbdən dağıldığını tədqiq etmək lazımdır: “Bilməliyik ki, burada çətinlik haradan, nədən qaynaqlanır? Və bu çətinliyi yaşayan ailələrə biz necə dəstək ola bilərik? Düşünürəm ki, ilk növbədə ailə quran fərdlərlə bağlı iş aparmaq lazımdır. Yəni tibbi müayinə ilə yanaşı fərdlər həm də psixoloji müayinələrdən də keçsin. Risk qrupuna daxil olan, problem yaşayan ailələr müəyyən olunan, onlar üçün sosial-psixoloji dəstək göstərilsin. Yəni bu kimi digər mexanizmlər müəyyən olunmalıdır. Bir sözlə, konkret olaraq Azərbaycanda ailə institutu yaradılmalıdır. Bu institut Azərbaycan ailəsinin dayanıqlığını təmin edilməsi istiqamətində sistemli iş aparmalıdır”.