22 Dekabr 2024

Stalinin almanlara əsir düşən oğlu Yakov – müəmmalar, həqiqətlər, versiyalar

Stalin hakimiyyəti dövrünün bu günə qədər də müəmmalı qalan hadisələrindən biri rəhbərin böyük oğlu Yakov Cuqaşvilinin əsir düşməsi, ölümü və ya öldürülməsinin hansı şəraitdə baş verməsidir. Bu günə qədər bu məsələ ilə bağlı çoxsaylı və fərqli versiyalar səsləndirilir.

Müharibə dövründə baş leytenant rütbəsində olan Yakov Cuqaşvili batareya komandiri vəzifəsində döyüş bölgələrində xidmət edib. O, 17 iyul 1941-ci ildə Belarusiya cəbhəsində Vermaxtın 39-cu tank korpusunun əsgərləri tərəfindən əsir götürülüb.

Cuqaşvilinin əsir götürülməsi məlumatını SSRİ-yə Göbbels fərqli üsulla çatdırıb. Belə ki, almanların rus dilində çap etdirdikləri və SSRİ-nin işğal olunmuş ərazilərində kütləvi şəkildə payladıqları xüsusi vərəqələrin növbəti buraxılışı Yakov Cuqaşviliyə həsr edilib.

Stalin əvvəlcə bu məlumatın düz olmağına inanmayıb. Çünki vərəqələrin paylanması ilə Cuqaşvilinin həyat yoldaşına yazdığı məktub eyni vaxt təsadüf edib. Sonradan məlum olub ki, Cuqaşvilinin məktubu ünvana gec yetişib.

Daha sonra Stalin oğlundan öz xətti ilə yazılmış məktubu alanda sovet lideri oğlunun almanların əsirliyinə düşməsinə tam əmin olub. Məktub qısa və konkret yazılıb:

“Əziz ata, mən almanlara əsir düşmüşəm. Yaxın günlərdə məni Almaniyaya zabit düşərgəsinə göndərəcəklər. Mənimlə yaxşı rəftar edirlər. Hamınıza sağlam olmağı arzulayıram və salamlarımı çatdırıram. Yaşa”.

Stalin bir ata kimi oğlunun əsir düşməsindən narahatlıq keçirsə də, ölkənin lideri, ali baş komandan kimi onun əsir düşməsinə heç cür haqq qazandırmayıb. O, hətta silahdaşlarına bildirib ki, gərək Yakov özünü güllələyəydi, amma almanlara əsir düşməyəydi.

Belə versiyalar da ortaya çıxıb ki, guya Yakov Cuqaşvili əsir düşdükdən sonra almanlarla əməkdaşlığa razılıq verib. Sonralar üzə çıxan bir sənəd bu versiyanın üstündən xətt çəkib. Belə ki, əsir düşdükdən iki gün sonra Cuqaşvili ilə mayor Qolters və kapitan Reuşlenin apardığı sorğunun protokolu üzə çıxıb. Həmin protokolda aşağıdakılar da qeyd olunub:

– Özünüzü təqdim edin.

– Yakov.

– Soyadınız…

– Cuqaşvili.

– Sizin SSRİ Xalq Komissarları Sovetinin sədri ilə (Stalin nəzərdə tutulub) qohumluq əlaqələriniz var?

– Mən onun böyük oğluyam.

– Siz divizya komandiri olmusunuz?

– Xeyr, mən batareya komandiriyəm.

– Könüllü əsir düşmüsünüz, yoxsa sizi əsir götürüblər?

– Mən könüllü əsir düşməmişəm. Mənə güc tətbiq edərək əsir götürüblər. Əsir düşəcəyimi əvvəlcədən bilsəydim, özümü güllələyərdim.

– Əsir düşməyi özünüzə utanc bir hadisə kimi qəbul edirsiniz?

– Bəli, əlbəttə.

– Siz atanızla sonuncu dəfə nə vaxt danışmısınız?

– 22 iyunda, müharibə başlananda.

– O, sizə nə demişdi həmin gün?

– Demişdi ki, get döyüş.

150 sualdan ibarət olan bu sorğudan aydın olub ki, Yakov Cuqaşvili almanlara satılmayıb və əməkdaşlığa razılıq verməyib.
Yakov Cuqaşvili Almaniyanın Oranienburq şəhərindəki Zaksenxauzen əsir düşərgəsində saxlanılıb.

Almanların Stalinqradda məğlubiyyətindən sonra Yakov Cuqaşvilinin feldmarşal Paulsla dəyişdirilməsi məsələsi və Stalinin “mən əsgəri feldmarşala dəyişmirəm” kimi məşhurlaşan ifadəsi konkret bir fakt kimi heç bir yerdə öz əksini tapmayıb. Bu ifadə İngiltərə qəzetlərindən birinin əməkdaşlarına məxsusdur. Düzdür, Cuqaşvilinin dəyişdirilməsi məsələsi bir neçə dəfə gündəmə gəlib, amma konkret Paulsa bağlı olmayıb. Bu haqda Stalinin qızı Svetlana Alliluyeva da öz xatirələrində yazıb:
“Yakovun dəyişdirilməsi məsələsi ortaya çıxanda atam bu məsələyə müsbət yanaşmadı. Həmin ərəfədə aramızda olan söhbətdə o bildirdi ki, mən düşmənlə alver edə bilmərəm. Bu müharibədir, mən də hamı kimi onun qanunlarına tabe olmalıyam…”

Stalini ən çox narahat edən məsələ Yakovun vətənə xəyanət edib-etməməsi olub. Marşal Jukov xatirələrində Stalinin bu narahatlığı ilə bağlı təəssüratlarını belə bölüşüb:

“Gəzintilərin birində Stalin Yakov haqqında narahatlığını bildirdi:

– O əsirlikdən çıxa bilməyəcək. Faşistlər onu güllələyəcəklər. Amma belə düşünürəm ki, mənim oğlum bütün işgəncəli ölümlərə razı olacaq, amma satqın çıxmayacaq.

Mən onun hansı hisslər keçirdiyini anlayırdım. Hitlerin Stalinin oğlundan siyasi alət kimi istifadə etməsi hamımıza aydın idi. Amma inanmırdım ki, Yakov özünün alətə çevrilməsinə imkan verəcək…”

Versiyaların birinə görə, Yakov Cuqaşvili əsirlikdə olarkən ağır depressiya keçirib, intihar etmək qərarına gəlib və 14 aprel 1943-cü ildə düşərgənin ərazisində özünü gərginlik qoşulmuş hasar məftillərinə tullayıb. Bu zaman düşərgə nəzarətçisi Hafrik onu güllələyib.

Digər bir versiyaya görə, Yakov Cuqaşvili düşərgə hospitalında ağır xəstəlikdən vəfat edib.

Zaksenxauzen düşərgəsinin nəzarətçisi Fişer isə fərqli bir versiya söyləyib. Onun dediyinə görə, Yakov Cuqaşvilini yüksək rütbəli ingilis zabitlərinin saxlanıldığı baraka salıblar. Həmin kamerada Çörçillin çox yaxın qohumu olan Tomas Kuşinq də saxlanılıb. Yakov Cuqaşvilinin bu kameraya salınması almanlara satılmış ingilis zabitlərinin Yakova işgəncə verməsi məqsədini daşıyıb. Bununla onlar SSRİ ilə İngiltərə münasibətlərində gərginlik yaratmaq istəyiblər. Bu versiyaya görə, Yakov Cuqaşviliyə barakda dəhşətli işgənclər verilib və o barakdan çıxaraq düşərgənin hasarlarına tərəf qaçıb, nəzarətçi onun bu hərəkətini düşərgədən qaçmaq cəhdi kimi qəbul edərək onu güllələyib.

Digər bir versiyada isə Yakov Cuqaşvilinin əsirlikdən qaçıb İtaliyada gizlənməsi fikri də irəli sürülüb.

Bütün versiyalardan asılı olmayaraq, əsas məsələ o sayılıb ki, Yakov Cuqaşvili almanlarla əməkdaşlığa getməyib, qalib atasının, Stalinin ünvanına xoşagəlməz fikirlərin söylənilməsinə imkan verməyib.

İlham Cəmiloğlu, Musavat.com