“Space”in rəhbəri yeniliklərdən DANIŞDI: HD yayım, təzə studiyalar…
“Space” TV-nin yeni rəhbəri Müşfiq Hətəmov telekanalın 24 illiyi ilə bağlı açıqlama verib.
Media1.az-ın məlumatına görə, “Space”in 1997-ci il oktyabrın 12-də fəaliyyətə başladığını xatırladan M.Hətəmov özünün də 2006-cı ilə qədər bu televiziya ilə əməkdaşlıq etdiyini bildirib.
“Və tale illər sonra “Space” TV-nin yaxşı günlərinin şahidi olmuş bir insanı yenidən doğma məkana qaytardı.
Hazırda uzun illər “Space”də çalışan əməkdaşların və çağırışımıza səs verən peşəkarların işbirliyi sayəsində antiböhran tədbirləri həyata keçiririk. İlk olaraq kritik vəziyyətdən çıxmaq üçün fəaliyyətimizə mane olan problemlər aradan qaldırılır. HD yayıma tam keçid, yüksək zövqlü efir tərtibatı və tanıtım çarxları, “Sənədli filmlər” və “Eksperimental layihələr” studiyalarının qurulması işləri yekunlaşmaq üzrədir. Paralel olaraq imkanlarımız daxilində fərqli təqdimatda, yeni əhval-ruhiyyədə TV proqramlarını tamaşaçılara təqdim etmək üçün ciddi fəaliyyət başlayıb və həmin proqramların bir neçəsi artıq yayıma buraxılıb.
Bütün bunlar “Speysçilər”in ilk və qısa müddətə hesablanmış hədəfləridir. Təbii ki, bizim daha böyük hədəflərimiz də var. Yaxın zamanda daha böyük iddialarla, rəqabətədavamlı fəaliyyətlə teleməkana yeni nəfəs gətirməyi qarşımıza məqsəd qoymuşuq”.
M.Hətəmov bildirib ki, “Space”in efirində bütün yeniliklər və dəyişikliklər TV-nin yarandığı gündən şüarı olan “Maariflədirmək. Məlumatlandırmaq. Əyləndirmək.” prinsipləri əsasında tamaşaçılara təqdim olunacaq.
“Əmin ola bilərsiniz ki, “Space” TV-nin 25 illik yubileyində kanalımız tam fərqli və yüksək zövqlü tərtibatda evlərinizin qonağı olacaq”,-deyə telekanal rəhbəri vurğulayıb.