22 Dekabr 2024

Sosial şəbəkələrdə koronavirusla bağlı yalan xəbəri paylaşan şəxs müəyyən edilib VİDEO

Son günlərdə sosial şəbəkələrdə Azərbaycanda koronavirusun üçüncü dalğasının daha qorxulu və acınacaqlı olacağı, bu mərhələdə uşaqların kütləvi yoluxacağı və onlar arasında çoxsaylı ölüm hallarının baş verəcəyi, eləcə də xəstə uşaqların qəbulu üçün xəstəxanalarda hazırlıq işlərinin aparıldığı barədə səs yazısı yayılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, həmin səs yazısı həkim tərəfindən paylaşıldığından, vətəndaşlar arasında vahimə və təşviş doğurmaqla yanaşı, cəmiyyətdə dövlətin koronavirusla mübarizə tədbirlərinə inamsızlığa şərait yaradıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində vətəndaşlar arasında çaşqınlığa və əsassız narahatlığa səbəb olmuş həmin xəbəri paylaşan şəxsin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi, hazırda koronaviruslu xəstələrin müalicəsi ilə əlaqədar Qobustan Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuş, 1974-cü il təvəllüdlü Məcidova İlahə Telman qızı olduğu müəyyən edilib.