23 Dekabr 2024

Sosial libasında şousosial verlişlər

Artıq uzun zamandır ki, məni narahat edən, düşündürən və bəlkə də çoxlarımızın səbirsizliklə gözləyərək izlədiyimiz televerlişlər haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Hansı ki, bu verlişlər itkinlərlə bağlı axtarışlar, ehtiyaclı insanlara yardım,sağlamlıq problemləri olan imkansız şəxslərin pulsuz əməliyyat və müalicələri və.s həllinə yönəlik sosial verlişlər adlanır. Bütün bunlar çox gözəl! Allah hər kəsin təmiz niyyətlərlə həyata keçirdiyi xeyirxahlıqların əvəzini qat-qat artıq versin İnşallah. Amma, mənim düşündüyüm məqam bilirsiniz nədir? Bir insana yardım etmək, sevindirmək, üzündə gülüşə, dilində duaya səbəb biri olmaq nə qədər gözəldirsə, o insanların həyatlarını müzakirəyə çıxararaq alçaltmaq bir o qədər dəhşətli və eyni zamanda da ən böyük günahlardandır. Qurani – Kərimdə Yasin surəsində belə deyilir :”Müsəlman qardaşının eyiblərini örtənin Allah qiyamət günü eybini örtər”. Heç kimsənin özü barədə böyük düşünərək lovğalanmağa haqqı yoxdur. Kimin nə olduğunu və sabah nə olacağını necə olacağını bilmək olmaz. Bəli, o insan yolunu azmış ola bilər, aciz insan ola bilər, ən böyük günah sahibi ola bilər, amma o insanların şəxsi həyatlarını açıb – ağartmaqla televiziya və izləyici qarşısındakı pərdəni götürmək olmaz. Televiziya verilişləri maarifləndirici xarakter daşımalıdır, əlbəttə ki, xeyirli yöndə maarifləndirmədən söz gedir. Hər kəsin həyata baxışı, intellektual və emosional səviyyəsi, ağlı, əqidəsi, iradəsi eyni ola bilməz. Düşünün onsuz da həyasını itirmiş bəzilərinin istər ekspertlər, istərsə digər şəxslərin iradları, tənqidləri ilə güllə atəşinə tutulması o insana heç bir təsir etməyəcək. Olan o olacaq ki, bu yanlış mövqe bəzi şüuraltlara hopacaq.Əlbəttə,talelər fərqlidir və hər kəsi də  eyni adlandırmaq olmaz. Yalnız əsas məqam demək olar ki, hər gün eyni xoşagəlməz mövzuların ortaya atılması ilə dinləyən qulaqlar üçün adiləşən mövzuların zehinləri korlamasıdır.

Bir neçə gün öncə sosial şəbəkədə gənc bir qızın edam videoları izləməsi nəticəsində şüuraltına həkk olmuş öldürmə istəyi ilə məhz nə az, nə çox 25 bıçaq zərbəsi ilə anasını qətlə yetirməsi xəbərini oxudum.İnsan beyninin şüuraltı bir kürəcik hissəsi var. Mən belə adlandıracam hansı ki,yaxşı və ya pis dinlənilən, izlənilən  məlumatlar həmin kürəcikdə  cəmlənir. Gözlər yumulanda, insan yatanda belə həmin kürəcik fəaliyyətini dayandırmır. Təsirə qapılaraq ani cinayətə yol verə, müəyyən xətalar, günah əməllər törədə bilərlər. Onsuz da sosial şəbəkələr, Internet resursları sanki düşünülmüş şəkildə insanların məhvinə çalışır. Bəs, bizim milii-mənəvi dəyərlər, əxlaqi-tərbiyəvi düşüncələr formalaşdırmalı olan telekanallarımız, televerlişlərimiz hara baxır, nəyə xidmət edir? ! Bu verlişlərin yanlış tərəfi şousosial xarakter daşımasıdır. Axı, bu verlişlərə ahıl şəxslər, müəyyən yaşda insanlarla yanaşı, onların yanında yaxşı dinləyici olan uşaqlarımız, yetişməkdə olan gənc nəsil, beyni qan yeniyetmə balalarımız baxır. Ötəri bir dinləmək və baxış artıq şüuraltlara müəyyən qığılcımlar ötürmüş olur. Çox sağ olun, illərlə bir – birini görməyən, bir – birinə həsrət yaxınları, qohum – əqrabaları qovuşdurursunuz.Ancaq, verlişin baxımlı, maraqlı olması üçün insan həyatından şou qurmaq düzgün deyil. Müəyyən məsələləri ağartmadan da pərdəarxası həll etmək mümkündür axı! Aparıcının studiyaya çıxaraq, milyonlarla  izləyəcəyinin qarşısında əyləşən həmin şəxsin günahlarını,şəxsi nöqsanlarını axtarıb tapmağa və kütlə qarşısında onları biabırçı bir duruma salmağa haqqı çatmır. O cür şəxslərdə əməllərindən peşimançılıq olmasa belə, utanacaq üz olmasa belə aparıcının məqsədi televiziya qarşısındakı izləyiciləri, azyaşlı uşaqları, gəncləri düşünmək olmalıdır. Bəlkə də mənim bu yazım birmənalı qarşılanmayacaq, amma bir vətəndaş və izləyici mövqeyindən yola çıxaraqdan düşüncələrimi bölüşmək istədim. Məncə televiziya rəhbərləri verlişləri üçün müəyyən qayda-qanunlar qoysalar yaxşı olar. Yenə də deyirəm milyonların qarşısında insanların həyatlarından şou yaratmaq müsəlman bir ölkənin, müsəlman vətəndaşlarına əsla yaraşmaz.

Əsmər Məmmədova :Pedaqoq, gənc yazar