22 Dekabr 2024

SOS: ölkədə 2003-dən bəri ən aşağı doğum qeydə alınıb

Ekspertlər və sosioloq bunun səbəblərindən danışır

Ölkədə 2003-dən bəri ən aşağı doğum göstəricisi qeydə alınıb. Belə ki, 2020-ci ildə Azərbaycanda həm doğum, həm də ölüm göstəricilərində dəyişikliklər gözə çarpır. Ötən il ölkədə 126 min 571 uşaq dünyaya gəlib. Bu göstərici 2019-cu illə müqayisədə 10 faiz az olmaqla yanaşı, həm də 2003-cü ildən bəri ən aşağı doğum göstəricisidir.

Azalmanın bu il də sürəcəyini ehtimal etmək olar, çünki 2020-ci ildəki xüsusi karantin rejimi ərzində Azərbaycanda toy mərasimlərinin yasaqlanması qeydə alınan nikahların sayında da ciddi azalma doğurub. Əgər 2019-cu ildə Azərbaycanda toplam 63 min 869 nikah qeydə alınmışdısa, ötən il bu rəqəm 45 faiz azalaraq 28 min 521-ə enib.

Bu ilin ilk ayında da doğulanların sayında ötən ilin eyni dövrü ilə müqayisədə nisbi azalma qeydə alınıb. Azərbaycanda 2020-ci ilin mart ayında xüsusi karantin rejimi, aprel ayında isə sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Sərtləşdirilmiş karantin rejiminin tətbiqindən 9 ay sonra, 2021-ci ilin yanvarında 10 min 840 uşaq doğulub. Bu rəqəm 2020-ci ilin eyni ayı ilə müqayisədə (11 min 687) 7.2 faiz daha aşağıdır.

Beləliklə, bir çox mütəxəssislər bu məsələdə səbəb kimi daha çox pandemiyanı əsas gətirsə də, məlum məsələdir ki, burada digər amillər də var. Hələ pandemiyadan əvvəl ölkədə çoxuşaqlı ailələrin sayında ildən-ilə azalma müşahidə olunurdu. Hazırda Azərbaycanda daha çox ikiuşaqlı ailələrin olması populyardır. İş o yerə gəlib ki, artıq üçuşaqlı ailələr bir çox hallarda çoxuşaqlı ailə kimi qəbul edilir. Bəs səbəb nədir? Sosial-iqtisadi problemlər, qloballaşma, yoxsa?..

Bu və digər suallarla bağlı “Yeni Müsavat” bir neçə ekspertin rəyini öyrənməyə çalışıb.

Mehriban Zeynalova: "Əgər bu gün kişi yumruğunu masanın üstünə vurursa,  sabah o zərbə sizin üzünüzə dəyə bilər" - URBAN - Şəhər, insanlar,  tədbirlər.

Mehriban Zeynalova 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova qeyd etdi ki, bu məsələnin kökü əslində yüz il əvvələ gedib çıxır: “Bu məsələ dünyada gedən proseslə bağlıdır. Yüz il əvvəl dünyada urbanizasiya artdı, insanlar kənddən şəhərə üz tutmağa meylli oldu, iqtisadiyyat inkişaf etməyə başladı və sairə. Bu zaman çoxuşaqlı ailələr də getdikcə azalmağa doğru getdi. Bundan sonra ailələr daha çox uşaq sahibi olmağa deyil, uşaqlarının daha yaxşı, hərtərəfli böyüməsinə, yaxşı təhsil almasına çalışmağa başladılar. Yəni uşağın çoxluğu yox, onun keyfiyyətli inkişafı məsələsi ilə bağlı mesajlar verildikdən sonra belə bir tendensiya yarandı. İndi çoxuşaqlı ailə əsasən üçuşaqlı ailə hesab olunur. Doğrudur, ölkəmizdə bu məsələ o qədər də pis vəziyyətdə deyil. Hələ də ailələrdə 5, 6 uşaq olur. Yəqin ki, bugünlərdə bir hadisənin şahidi oldunuz, 6 uşaqlı ailə çox ağır vəziyyətdə yaşayırdı, sosial köməyə ehtiyacı var idi. Amma cəmiyyət ona dəstək vermək əvəzinə qınadı, mesajlar verdi ki, ”əgər bu uşaqlara baxa bilməyəcəkdinizsə, niyə onları dünyaya gətirirdiniz?” Belə mesajlar təbii ki, digər ailələrə də təsir edir”.

Mehriban Zeynalova qeyd etdi ki, ölkədə çoxuşaqlı ailələrin sayının artması üçün dövlətin sosial proqramı olmalıdır: “Bəzən görürük ki, 6 uşaqdan sonra ailəyə ev verilir. Lakin bu, insanlar üçün kifayət qədər təsirli görünmür. Çünki iqtisadi, eyni zamanda sosial psixoloji vəziyyət, evsizlik, çətinliklər özünü daha güclü göstərir, nəinki sosial proqramla bağlı məlumatı əldə etmək və yaxud ona çıxışı bacarmaq. Bir daha qeyd edirəm ki, digər ölkələrlə müqayisədə bizdə hələ də çoxuşaqlı ailələr var. Eyni zamanda paralel olaraq ən yüksək göstərici ikiuşaqlı ailələrdir. Təbii ki, pandemiya həm dünyada, həm də ölkəmizdə yeni doğulan uşaqların sayına təsir göstərdi. Amma qeyd etdiyim kimi, bu əsas səbəb deyil.

Bakıda 22 yaşlı qadın doğuş zamanı ölüb - son xeberler

Əvvəllər ailələrə dəstək ailənin digər üzvlərindən gəlirdi. İndi bu dəstək məsələsi bir qədər məhdudlaşıb, çünki ailədə çoxu işləyir, hərənin başı öz işinə qarışır. Digər məsələ isə məsuliyyət hissini daşımamaqdır. Lakin bir sıra ölkələr bununla bağlı müxtəlif proqramlar ortaya qoyur. Məsələn, bugünlərdə Türkiyədə belə bir qərar qəbul edildi ki, nəvələrinə baxan nənələrə əməkhaqqı veriləcək. Bu, gözəl nümunədir. Burada həm ailə modeli möhkəmlənir, həm nənə öz təcrübəsini nəvəsi ilə bölüşür və onun himayəçisinə çevrilir. Həmçinin dayənin uşağa baxmağındansa, nənənin öz nəvəsinə baxması daha etibarlı olur. Yəni bununla bir neçə dəyər möhkəmləndirilir. Bizdə isə problem odur ki, uşaqlarla bağlı sosial  proqramlar güclü deyil, təkmilləşməyib. Rusiyada uşaq doğulan andan sosial siyasəti budur ki, uşağın dərmanları, yoxlanılması, müalicəsi pulsuz təmin olunur. Ukraynada da yeni doğulmuş uşaqlar üçün müəyyən uşaqpulu verilir. Hesab edirəm ki, Türkiyə modeli bizim üçün daha yaxşı olardı”.

Mehriban Zeynalova çoxuşaqlı ailələrin tərəfdarı olduğunu bildirdi: “Lakin uşaq dünyaya gətirmək yarış olmamalıdır. Qadının orqanizminin sabit vəziyyətdə olması və sağlam uşaq dünyaya gətirmək önəmli məsələdir. Bir də əgər çox uşaq dünyaya gətirib, az sosial ailəyə çevriləcəksə, bu olmasın. Və yaxud bu ailə aliment, sosial yardım almaq üçün tələb qoyacaqsa, doğru deyil”.

Mehriban Zeynalova çoxuşaqlı ailənin müsbət tərəflərindən söz açıb: “Çoxuşaqlı ailənin müsbət tərəfləri odur ki, ilk növbədə ailə bir-birinə dəstək verir, uşaqlar bir-biri üçün nümunə olur, bir-birinin qayğısına qalır, situmullaşdırır. Tək uşaq isə eqolu olur, daxili bir aqressiyalı olur, əksər hallarda kompleksləri olur və kənardan məsləhət almağa başlayır. Ana-ata tam məşğul olduğuna görə uşağın tərbiyəsi və inkişafı ilə bağlı kifayət qədər diqqət olmur. Dayə həmin hissi, sevgini yarada, verə bilmir”.

Elnur Rüstəmov: “İntiharlar hadisələri digər abituriyentlər üçün mənfi  örnəkdir”

Elnur Rüstəmov

Psixoloq Elnur Rüstəmov isə qeyd etdi ki, doğulan uşaqların sayında azalma olsa da, ümumu əhalinin sayında artım var: “Hər il əhali sayında artımı müşahidə  edirik, amma ailələrdə ümumi olaraq uşaqların sayının getdikcə azaldığının şahidi oluruq. Bu, keçən əsrin 90-cı illərindən sonra tendensiya halına çevrilib. Cəmiyyətdə işləyən xanımların sayının daha da artması, erkən nikahların azalması, boşanmaların çoxalması ailələrdə uşaq sayının azalmasına gətirib çıxarır. Ailədə uşaq sayı o vaxt çox olur ki, ailədəki tərəflər özünü qarantiyalı hiss edirlər. Və yaxud ailədaxilində münasibət yaxşı olarsa, konfliktlər olmazsa, uşaq dünyaya gətirmək prosesinə müsbət təsir göstərir. Heç kəsə sirr deyil ki, xanımlar  onlara qarşı sevgi, hörmət hissi görəndə uşaq dünyaya gətirmək arzusunda olur. Lakin həmin sevgini, qayğını görməyəndə, özünü qarantiyada hiss etmir və uşaq dünyaya gətirməkdən qorxur, çəkinir”.

Psixoloq qeyd etdi ki, bu gün həm də uşaq tərbiyə etmək əvvəlki illərlə müqayisədə çox çətindir: “Elə bir dövrdə, əsrdə yaşayırıq ki, ailədə 10 uşaq tərbiyə etmək çətindir. Təbii ki, bu cür hallara rast gəlmək olur, amma sayı çox azdır. Uşaq dünyaya gətirəndə gərəkdir ki, onu hərtərəfli tərbiyə edəsən, təhsil verəsən və sairə. Bütün bunlar indiki dövrün reallığında asan bir məsələ deyil. Burada söhbət təkcə maddiyyatdan getmir. Bütün hallarda düşünürəm ki, bununla bağlı tədbirlər görülməli, təşviq proqramları hazırlanmalıdır. Hamiləlikdən sonra müavinətlərin verilməsi, bu gün bu istiqamətdə təşviqat işlərinin aparılması, stimullaşdırıcı tədbirlərin görülməsi və ailə planlanması, uşaq dünyaya gəlməsi ilə konfliktlərin idarə edilməsi ilə bağlı konsepsiyanın hazırlanması ailədaxili münasibətlərin sağlamlaşdırılmasına, ailədə uşaq sayının normallaşmasına və eyni zamanda böyüyən uşaqların sağlam bir mühitdə böyüməsinə müsbət təsir göstərəcək”.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu:

Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu da vurğuladı ki, ölkədə üçuşaqlı ailə modelinin təbliğinə böyük ehtiyac var: “Çünki ailədə 1 uşaq olanda evdə onun üçün uşaq mühiti, oynayacağı tay-tuşu olmur. Uşaq bununla da uşaq ünsiyyətindən məhrum olur ki, bu da uşağın psixologiyasına təsir edir, onda eqoistlik, bəzən arzuolunmaz xüsusiyyətlər yaradır. Daha bir məsələ, ailələrdən uzaq, bəzən uşaq hansısa səbəbdən, hadisədən ölə bilər və bu zaman ailə tamamilə uşaqsız qalır. Həmçinin ailələrdə 1 uşaq olanda ölkədə əhali artımı aşağı olur. Bəs əhali az olsa nə baş verər? Bu zaman çox böyük problemlər yaranır. Belə ki, ölkədə əhali azalanda miqrantlar ölkəyə gəlir, bu zaman isə xalqın etnik tərkibi dəyişir və özü ilə bərabər xeyli problemlər yaradır. Adicə ermənilərin bizim torpaqlarımıza gəlməsi və bunun nəticəsində hansı problemlər yaranıb, göz qabağındadır. Ailədə iki uşaq olanda belə problem yaranır. Uşaqlar bütün günü bir-biri ilə münaqişədə olur və onlarda münaqişəyə meyllilik olur. Bu zaman da əhalinin artımı az olur, çünki iki uşaqdan biri bəzən ailə qurmur, ya sonsuz olur və sairə. Ona görə də ailədə 3 uşaq olmalıdır. Bu zaman ailədə uşaq mühiti yaranır, onlar bir-biriləri ilə ünsiyyətdə, xoş münasibətdə olur, arada ziddiyyət olmur. Bu, həm uşaqların psixologiyası, mənəviyyatı üçün uyğundur, həm də ölkədə əhali artımı normal olur”.

Əhməd Qəşəmoğlu qeyd etdi ki, yeni doğulan uşaqların sayının azalmasında pandemiyanın çox ciddi rolu olub: “Bu məsələ təkcə nikahların az olması ilə bağlı deyil. Bir  çox adamlar indiki vaxtda istəmir ki, yeni övladı olsun. Çünki hazırda xəstəxanaya getmək qorxuludur, pandemiya şəraitində uşağa baxmaq, onu xəstəxanaya aparmaq təhlükəlidir, çünki virusa yoluxmaq riski var. Bu iki amilin ortaya çıxması yeni doğulan uşaqların sayının kəskin azalmasına gətirib çıxarıb.

Əlbəttə ki, pandemiyadan əvvəl də ildən-ilə yeni doğulan uşaqların sayı azalmağa doğru gedirdi. Bu isə cəmiyyətdə gedən proseslərin nəticəsidir. Cəmiyyət günü-gündən mürəkkəbləşir, proseslər dəyişir, digər tərəfdən, dünyanın bir çox beynəlxalq mərkəzləri əhali artımının qarşısını almaq üçün müxtəlif yollara əl atır. Biz bunu hiss etməsək də onlar bizim ölkəmizdə də öz mexanizmlərini həyata keçirirlər. Bununla bağlı proseslər gedir və bunun hesabına əhali azalır. Amma biz oturub gözləməməliyik ki, bu mərkəzlər ölkəmizdə prosesləri necə istəyir o cür idarə etsin. Bu sahədə ciddi, elmi mərkəzlərimiz, savadlı adamlarımız olsa, bütün bunlarla bağlı tədqiqatlar, müşahidələr aparar, layihələr həyata keçirər. Çalışarlar ki, nə olursa-olsun ailələrdə 3 uşağın olması modeli yaransın. Bunun üçün də dövlətin və müəyyən qurumların boynuna öhdəlik düşür. Ailədə üç uşağın olması üçün dövlətin qayğısına ehtiyac var. Neçə ildir ki, uşaqpulu ilə bağlı müzakirələr səslənir, bəziləri deyir ki, bu bütün ailələrə, bəzisi isə deyir ki, yalnız yoxsul ailələrə şamil edilməlidir və sairə. Bütün bu müzakirələrə son qoyulmalı və aydın bir konsepsiya olmalıdır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”