18 Aprel 2024

“Snayper ikinci dəfə vurmaq istəyəndə özümü təpədən atdım”- Cıdır düzündə yaralanan Kamil

Vətən Müharibəsinin qaziləri sırasında 27 yaşlı Əhmədov Kamil Kərəm oğlunun da adı var. 1993-cü ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anada olan Kamil 2011-ci ildə hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qoşulub.

Musavat.com xəbər verir ki, 5 ildən artıq müddətli həqiqi hərbi xidmətdə olan Kamil müharibənin ilk günündən Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Füzulinin bir çox kəndinin və Füzuli şəhərinin işğaldan azad edilməsində iştirak edib.

Daha sonra Qubadlı istiqamətinə yollanıblar. Son olaraq isə Şuşa istiqamətində, Daşaltı uğrunda gedən döyüşlərdə iştirak ediblər.

Müharibə başlayan zaman vəzifəsi baş atıcı olam Kamil göstərdiyi nümunəvi xidmətə və cəsurluğa görə qrup rəhbəri təyin olunub.

Daşaltı azad edildikdən sonra Kamil 10 nəfərlik qrupu ilə birlikdə Cıdır düzü istiqamətindən Şuşaya doğru hərəkət ediblər. Üzbəüz döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi məhv ediliblər.

Şuşanın yüksək dağlarında irəlilyən zaman Kamil və döyüşçü yoldaşlarından bir neçə snayperlə vurulub.

İlk olaraq sol budundan snayperlə vurulan Kamilin bəxti onda gətirib ki, güllə ayağının sümük hissəsinə tuş gəlməyib və əks tərəfdən çıxıb. Yaralı vəziyyətdə ikinci dəfə snayperin onu hədəf aldığını görən Kamil özünü təpədən aşağı atıb. Bu zaman onların olduğu təpənin ətəyi düşmən tərəfindən minamyot atəşinə tutulub.

Kamil bu zaman yenə də sol ayağından iki qəlpə yarası alıb. Noyabrın 4-də yaralanan, bir gün sonra da döyüş bölgəsindən təxliyyə edilən Kamil əməliyyat olunub.

Güllə və qəlpə yaraları onun ayağında sinir damarlarını ciddi şəkildə zədələyib. 3 aya yaxındır ki, yataqda olan Kamilin sağlamlığına yenidən qovuşması bir neçə ay çəkə bilər. Çünki həkimlər sinir damarlarının yenidən bərpasının uzun müddət, hətta bir il çəkə biləcəyini deyiblər.

Anası ilə birlikdə şəraitsiz evdə yaşayan Kamilin mənzil problemi var. Yaşadıqları ev, daha doğrusu yarımtikili şəraitsiz olduğu üçün hazırda ana babasının evində yaşayırlar. Çünki onlara məxsus yarımçıq olan ev soyuq və şəraitsizdir.

Subay olan Kamil həmin evdə anası ilə birlikdə yaşayır. Kamil uşaq olan zaman atası onları tərk edib. Cəsur döyüşçümüzün indi dəstəyə ehtiyacı var.

Qeyd edək ki, Kamil müharibədən sonra Füzulinin və Qubadlının işğaldan azad edilməsi uğrunda göstərdiyi qəhrəmanlığa görə medallarla təltif edilib. Həmçinin “Cəsur döyüşçü” medalına da layiq görülüb.

İlkin Muradov,
Musavat.com