Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. Qeyd edək ki, 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Suötürmə qabiliyyəti saniyədə 78 kubmetr və uzunluğu 122 kilometr olan kanalın 65 ildən artıq fasiləsiz istismar edilməsi, illik su itkilərinin kəskin artması və qurğuların qəzalı vəziyyətə düşərək funksiyalarını itirməsi nəticəsində torpaqların meliorativ vəziyyəti pisləşərək deqradasiyaya uğrayıb. Bütün bunlar mövcud əkin sahələrinin vegetasiya dövründə suvarma suyu ilə təminatında çatışmazlıqlar yaradıb, bölgənin suya daim artan tələbatının ödənilməsindəki gərginliyi daha da dərinləşdirməklə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.
Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.
Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. Təbii olaraq bu da itkilərə səbəb olub, su itkiləri kifayət qədər çoxdur. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür.Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk. Eyni zamanda, Qarabağ kanalının da, – vaxtilə bu, Yuxarı Qarabağ kanalı adlandırılmışdır, indi isə bunun adı Qarabağ kanalıdır, – inşası ilə əlaqədar Sərəncam imzalanıb, texniki-iqtisadi əsaslandırma aparılacaq və bu işin nəticəsində yeni layihə işlənib hazırlanacaq. Biz Qarabağ kanalının inşasına gələn ildən başlamalıyıq. Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq.Təbii ki, bütün bunlar böyük vəsait tələb edir. Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir.
Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir. Dediyim bu layihələrin hamısı icra ediləcək. Hələ bunlardan başqa bir çox layihələr olacaq ki, sadəcə onlar işin həcmi nöqteyi-nəzərdən daha kiçikdir. Amma hər bir layihənin əhəmiyyəti var və beləliklə, su ehtiyatları məhdud olan Azərbaycan bu sahədə də özünü tam təmin etmiş olacaq.Əminəm, Azərbaycan xalqı da tam əmindir ki, deyilən bütün sözlər, verilən bütün vədlər hər zaman yerinə yetirilir və bu gün dediyimimiz, bu layihələrin icrası da tam təmin ediləcək. 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı