13 İyul 2024

“Şirməmməd Hüseynov mükafatı” Rəsulzadənin nəvəsinə təqdim edildi – FOTOLAR

Dekabrın 28-də Mətbuat Şurasında “Şirməmməd Hüseynov mükafatı”nın təqdimat mərasimi olub.

Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rais Rəsulzadə, Mətbuat Şurasının sədri Rəşad Məcid, mərhum alim, görkəmli mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər xanım, Parlament Jurnalistlər Birliyinin rəhbəri Elşad Eyvazlı, Əməkdar jurnalist Qulu Məhərrəmli və media təmsilçiləri iştirak ediblər.

Tədbiri Mətbuat Şurasının sədri Rəşad Məcid giriş nitqi ilə açaraq, Şirməmməd Hüseynovun Azərbaycan mətbuatındakı xidmətlərindən və onun adına təsis edilmiş mükafatın önəmindən danışıb.

“Artıq dörd ildir ki, bu mükafat verilir. İki ildir ki, mükafatın verilməsi Mətbuat Şurasının binasında həyata keçirilir. Həqiqətən də, “Şirməmməd Hüseynov mükafatı”nın ona layiq şəxslərə verilməsi xoşdur. Buna görə Parlament Jurnalistləri Birliyinə təşəkkür edirəm. Sevindirici haldır ki, Şirməmməd müəllimin ardıcılları var”, – o deyib.

Daha sonra Parlament Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elşad Eyvazlı çıxış edib.

“Bu mükafat ilk dəfə tanınmış diplomat, ictimai xadim, araşdırmaçı alim, diaspor fəalı, mərhum Ramiz Abutalıbova verilib. 3-cü il isə mükafatı Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev alıb. İndi isə Rais Rəsulzadə bu mükafata layiq görüldü. Mükafatın kimə verilməsi bir nəfərin qərarından asılı olmur. Bu məsələ üçün komissiyamız fəaliyyət göstərir. Bütün məsələlər müzakirə olunur. Səs çoxluğu əsasında mükafatın qalibi müəyyənləşir. Şirməmməd müəllim hamımızın ustadı və müəllimidir. Hətta mən deyərdim ki, bizim atamızdır. Gücümüz daxilində onun adının əbədiləşdirilməsi üçün belə bir tədbiri planlaşdırdıq. Bir daha Akif Aşırlı sizə, Ülkər xanıma, Parlament Jurnalistlər Birliyinin aktiv üzvlərinə təşəkkür edirəm ki, belə bir tədbirin keçirilməsində iştirak etdiniz. Rais müəllimi təbrik edirik”, – o deyib.

PJB sədri daha sonra mükafatı Rais Rəsulzadəyə təqdim edib.

Rais Rəsulzadə mükafata görə qürur duyduğunu dilə gətirib:

“Mənim üçün ikiqat şərəfdir ki, “Şirməmməd Hüseynov mükafatı”nı tanış simaların əhatəsində alıram. Şirməmməd Hüseynov böyük alim və tarix elmimizə töhfə vermiş bir şəxsiyyətdir. Bizim ailəyə həmişə yüksək diqqət göstərib”.

Rais Rəsulzadənin ardınca Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynova çıxış edib.

“Biz o zaman Türkiyəyə getmişdik. Məhəmməd Əmin Rəsulzadənin qəbrini ziyarət etdik. Məzar torpağından torbaya topladıq. O torpaq hamımıza əziz və doğma gəlirdi. Nə yaxşı ki, xalqın belə böyük oğulları olub. Onlar yoxdan dövlət qurdular. Rais bəy, düzdür, sizin babanız, Topçubaşov əziyyətlər gördülər. Mühacirətdə yaşadılar. Cümhuriyyətin bəhrəsini görmədilər. İndi ölkəmiz müstəqildir. Biz bu bəhrəni görürük. Gərək, cavanlar bu müstəqilliyi qorusunlar. İndi çox şükür ki, İlham Əliyev kimi Prezidentimiz var. Allah ona uzun ömür, cansağlığı versin. Rais, 1988-ci ildə Şirməmməd müəllimin portretini çəkmisən. Həmin portret indi onun nəticəsinin otağının divarından asılıdır. Nə qədər ki, o nəticə var, o şəkil də asılı olacaq. Bu mükafata layiq görüldüyünə görə səni təbrik edirəm”, – o deyib.

Ülkər Hüseynovadan sonra söz alan Əməkdar jurnalist Qulu Məhərrəmli Şirməmməd Hüseynovun cümhuriyyət tarixinə göstərdiyi xüsusi diqqətdən bəhs edib:

“Rəsulzadə, Üzeyir Hacıbəyov kimi şəxsiyyətlər Şirməmməd müəllim üçün mühüm məsələydi. Cümhuriyyət dövründən danışanda Şirməmməd müəllimin üzünə xüsusi enerji gəlirdi. Rəsulzadədən danışanda gözləri necə parıldayırdı. Çox şövq və ləzzərtlə danışırdı. Adam bütün o tarixi ruhuna hopdurmuşdu. Mənim onun qarşısında tələbə kimi vəzifəm olduğu kimi sürücü kimi də vəzifəm vardı. Onu evinə aparanda elə danışırdı ki, özümü cümhuriyyət dövründə hiss edirdim. Özümü Rəsulzadənin, Zərdabinin yanında hiss edirdim. Parlament Jurnalistlər Birliyi, Elşad bəy çox sağolsunlar ki, Şirməmməd Hüseynov adına mükafat təsis ediblər. Adın yaşaması üçün bu çox yaxşı addımdır. Şirməmməd müəllimin gedən cismidir. Ruhu burdadır. Onun ardıcılları var. Rais bəy Rəsulzadə üçün bioloji daşıyıcıdır. Şirməmməd müəllimin övladları bioloji daşıyıcısıdır. Elşad bəy, bayaq yaxşı vurğuladı ki, biz də onun mənəvi övladlarıyıq. Mən sizə minnətdaram, Elşad bəy. Mükafatın görüntüsü ildən-ilə cilalanır. Gələcəyin ən yaxşı elmi araşdırmaları, media fəaliyyəti üçün ən yaxşı mükafatlardan biri olacaq. Seçim çox doğrudur. Mükafatı layiq olan adama vermək çox müsbətdir. Rais bəy, sizi təbrik edirəm. Simvol olaraq, sizinlə fəxr edirik”.

Əməkdar jurnalist Akif Aşırlı çıxışında mükafatın məhz Rais Rəsulzadəyə verilməsinin böyük əhəmiyyətinin olduğunu deyib:

“Şirməmməd müəllim cümhuriyyət dövrünün daşıyıcısı idi. Müəllim, ağsaqqal kimi yanaşırdımsa, digər yandan cümhuriyyətin daşıyıcısı kimi baxıram. Cümhuriyyət irsini bizə tanıdan, sistemli şəkildə bizim elmi fəaliyyətlərimizə əsaslar yaradan Şirməmməd müəllimə tanrıdan qəni-qəni rəhmət diləyirəm. “Şirməmməd Hüseynov mükafatı”nın Rais Rəsulzadəyə verilməsinin çox böyük əhəmiyyəti var. Bioloji genetik baxımdan bizi o dönəmlərə aparıb çıxarır. Rəsulzadənin şəklini görürük. Elşad müəllim, sizə təşəkkür edirəm ki, Şirməmməd müəllimin adını yaşadırsınız”.

Sonda PJB üzvü Aqil Camal çıxış edib və mükafatın həm də Məhəmməd Əmin Rəsulzadəyə verilmiş olduğunu söyləyib:

“Hər kəs müxtəlif adlar təklif edir. Nəticədə bir nəfər səs çoxluğu ilə qəbul edilir. Rais Rəsulzadəyə verilən mükafat həm də Məhəmməd Əmin Rəsulzadəyə verilən mükafatdır. Çünki Məhəmməd Əmin Rəsulzadə özü həyatda olsaydı, bəlkə, o da Şirməmməd Hüseynova təşəkkür etmək istəyərdi”.