29 Mart 2024

Şimali Kipr Türk Cümhuriyyətinin 39-cu ildönümü qeyd olundu-Fotolar, video

Noyabrın 29-da Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 39-cu ildönümü münasibətilə tədbir keçirilib.

Musavat.com xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk xanım Turganer, Milli Məclisin deputatları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, media mənsubları, ictimaiyyət nümayəndələri, hər üç qardaş ölkənin bir çox tanınmış simaları iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib.

Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb. O, ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib. Qardaş ölkənin diplomatı ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda şəhid olan qəhrəmanlarımıza böyük ehtiramını ifadə edib. Ufuk xanım Quzey Kipr Türk Cümhuriyyətinin Türk Dövlətlər Təşkilatında müşahidəçi olaraq yer almasını da böyük hadisə olaraq qiymətləndirdi.

Milli Məclisin deputatı Hikmət Babaoğlu ölkələrimiz arasında əlaqələrdən bəhs edib, tarixi köklərimizdən, bağlarımızdan məmnunluqla danışıb. Millət vəkili Şimali Kipr Türk Respublikasını müstəqillik günü münasibətilə təbrik edib. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edən H.Babaoğlu bildirib ki, xalqımız bunun əyani təzahürünü 44 günlük Vətən müharibəsində gördü.

Tədbir daha sonra konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətinin müstəqillik günü ilə bağlı tədbirin keçirilməsi 15 noyabra məzərdə tutulsa da, qardaş

Türkiyədə törədilmiş xain terror hücumu və şəhidlərimizin olması səbəbindən tarix dəyişdirilmişdi.

Xatırladaq ki, 1974-cü ilin yayında Türkiyə Silahlı Qüvvələri Kiprdə sülhməramlı əməliyyat keçirib. Əməliyyat Türkiyənin dövrün baş naziri Bülənt Ecevit və baş nazirin müavini Necmettin Erbakanın şəxsi göstərişi ilə Kiprdə etnik türklərə qarşı zorakılıq və təzyiqlərə cavab olaraq başlayıb. Türkiyə hərbçilərinin əməliyyatları Kiprdə axan qanı dayandırdı və adaya sülh gətirdi və 1975-ci il fevralın 13-də Kipr Türk federal dövləti yaradıldı.

1983-cü il noyabrın 15-də Kipr Türk Federal Dövlətinin Qanunvericilik Məclisi Şimali Kipr Türk Cümhuriyyətini elan etdi.

7 may 1985-ci il konstitusiyasına görə, ölkədə idarəetmə forması yarı prezidentdir. Prezident ümumxalq səsverməsi ilə 5 il müddətinə seçilir. Birpalatalı parlament proporsional əsasda 5 il müddətinə seçilən 50 üzvdən ibarətdir.

Kipr məsələsi ilə bağlı danışıqlar 1968-ci il iyunun 3-dən davam edir və yunan tərəfinin destruktiv mövqeyi ucbatından irəliləyiş olmadığı üçün dəfələrlə yarımçıq qalıb.

Bir müddət öncə Türk Dövlətlər Təşkilatına müşahidəçi statusu ilə üzv qəbul olunması Şimali Kipr Türk Cümhuriyyətinin ən böyük diplomatik uğuru sayılır. İnanırıq ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və Quzey Kiprin bayrağı BMT-də dalğalanacaq.

E.Paşasoy