24 İyun 2024

Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu tərəfindən Bakı daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatlar və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir.
1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında Müstəqillik Günü adlandırılmasına qərar verilib. Elə həmin gün də ölkə Prezidenti İlham Əliyev “Müstəqillik Günü haqqında qanun”u təsdiqləyib. Qanunun təsdiqlənməsi ilə “28 May – Respublika Günü”nün adı dəyişdirilərək “28 May – Müstəqillik Günü” adlandırılıb.
Azərbaycan 4-cü ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Bu əziz bayram artıq erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur.
Üçrəngli bayraq doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda qürurla dalğalanır.
Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri məhz siyasi-iqtisadi müstəqilliyin nəticəsi, dövlətin gücünün göstəricisidir.
Bu gün Müstəqillik Günü xüsusi əhval-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd olunur.
Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram olaraq keçirilir.
Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri vardır.
Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin regionun lider dövləti kimi beynəlxalq nüfuzu və iqtisadi qüdrəti artıb, iqtisadiyyatın dinamik inkişafı təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşıb, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunub və müstəqilliyimiz daha da möhkəmlənib.
Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!
Bayramınız mübarək!
 
Nilufər Əliyeva – ARANTV.AZ-ın moderatoru