26 Aprel 2024

Separatçılar indi də su terroruna əl atdı-Sərsəngdən Suqovuşana təxribat

Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdə ermənilərin apardığı talançılıq fəaliyyəti təkcə mədənlərin yağmalanması ilə bitmir. Erməni separatçıları keçmiş Ağdərə rayonu ərazisində olan Sərsəng Su Anbarından da ölkəmizin əhalisinə qarşı məkrli niyyətlə istifadə edirlər. Musavat.com sosial şəbəkələrdə əksini tapmış məlumatlara istinadən bildirir ki, Tərtər rayonu ərazisindəki Suqovuşan dəryaçasında su ehtiyatları kəskin şəkildə azalıb. Qeyd edək ki, Musavat.com-un əməkdaşı hələ yay aylarında Suqovuşana ezam olunan zaman buradakı su ehtiyatları indiki ilə müqayisədə qat-qat artıq idi. Belə məlum olur ki, separatçılar əvvəlcədən elan etdikləri kimi, Azərbaycan ekoloqlarının Laçın yolundakı sivil aksiyasına “cavab” olaraq bölgədəki 100 mindən artıq azərbaycanlını “su sanksiyası”na məruz qoymağa qərar veriblər. Qeyd edək ki, bu istiqamətdən Kəlbəcərə aparan yol da ermənilər tərəfindən bağlanıb. Beləcə, erməni separatçılar Azərbaycan əhalisinin təkcə yolunu kəsməyib, həm də suyunu kəsib.

Sosial şəbəkələrdə yer alan məlumata görə, daşnaklar təkcə Sərsəngin qarşısını kəsib, suyun Suqovuşana axmasını əngəlləmir. Üstəlik, Suqovuşana birbaşa axan çayların da istiqamətini dəyişdirib Sərsəngə yönəldir. Bununla növbəti ekoloji terror və cinayət törədilir. Bildirilir ki, Suqovuşan su anbarına axan Torağay çayının yuxarı axarında əsas bolsulu qolları üzərində 3 sutoplayıcı qurğu quraşdırılıb və borularla Sərsəng su anbarına ötürüb.

Xatırladaq ki, ötən il Azərbaycan mütəxəssisləri Sərsəngə baxış keçirmişdilər. Belə görünür separatçılar növbəti həyasızlığa əl atmaqla səbrimizi daşırmaq istəyirlər və cavablarını alacaqlar! Yeri gəlmişkən, 2016-cı ildə Avropa Şurası Parlament Asambleyası Ermənistana qarşı 2085 saylı qətnamə qəbul edib. Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə bildirilirdi ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması bütün ətraf ərazilər üçün təhlükə yaradır.

“Assambleya vurğulayır ki, Sərsəng su anbarının baxımsız vəziyyətdə qalması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər: “Bu vacib humanitar problemi nəzərə alaraq, Assambleya tələb edir:

7.1. Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və bununla:

7.1.1. müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi;

7.1.2 sutoplama dövründə Sərsəng su resurslarının istifadəsi və onların saxlanmasının beynəlxalq idarəçiliyi;

7.1.3. suvarma kanalları, Sərsəng və Madaqiz su anbarlarının vəziyyəti, payız və qış mövsümündə su verilməsi cədvəli və su hövzələrinin həddən artıq istismarına beynəlxalq nəzarət;

7.2. Ermənistan hakimiyyəti su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırsın.

8. Assambleya bu məsələ ilə bağlı hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktını kəskin şəkildə pisləyir. Assambleya Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyini hesab edir. Assambleya bu və parlamentarilərin səlahiyyəti dövründə yarana biləcək buna oxşar məsələlərdə atacağı addımları nəzərdən keçirir.

9. Assambleya aidiyyəti tərəfləri Sərsəng su anbarının resurslarından birgə istifadə sahəsində yaxından əməkdaşlıq etmək üçün öz səylərini artırmaga çağırır və bildirir ki, bu kimi əməkdaşlıq istənilən münaqişənin həlli üçün vacib olan etimad quruculuğu tədbirlərini yarada bilər”.
Üstündən 6 il keçib və nə AŞ PA qətnaməsi, nə də 10 noyabr 2020-ci il bəyannaməsinin tələbləri icra olunmayıb. Separatçıların su terrorunun da qarşısını almaq görünür, Azərbaycanın üzərinə düşəcək…

Əvvəl

ed2b974d-f841-42cf-b425-c59c02ef.jpg (98 KB)
4edd5a8f-79b9-4175-842a-fb23fcda.jpg (136 KB)

Sonra

2bba24b2-ff5c-4ea9-bf05-4aea7b2e0e9a.jpeg (100 KB)
8a6f8a65-3016-4f49-976c-cbb097f2.jpg (152 KB)
1812947e-d53e-47da-a2a7-dd18355b.jpg (165 KB)