08 Sentyabr 2024

Sən elə bir ZİRVƏsən!..

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini heç zaman unutmayacaq

Milli varlığını, əzəli və əbədi mövcudluğunu, şərəfli, bir o qədər də keşməkeşli tarixini, bəşər sivilizasiyasına bəxş etdiyi mədəni irsini qoruyub-saxlamaq, yaşatmaq və ən nəhayət öz dövlətçilik ənənələrinə sahib çıxmaq xalqımıza asan başa gəlməyib. Minillərin, yüzillərin ağır sınaqlarından, çətin imtahanlarından ləyaqətlə, üzüağ çıxmağı bacaran  müasir Azərbaycanın inkişaf etmiş, güclü və qüdrətli müstəqil dövlətə çevrilməsi üçün keçdiyi tarixi yol da enişlə-yoxuşla doludur.

Bu, bir həqiqətdir ki, milli azadlıq və istiqlaliyyət heç kimə pay verilmir, dünyanın bir sıra xalqları üçün həmin müqəddəs sərvəti əldə etmək həmişə əlçatmaz arzu olub. Ancaq müstəqilliyi əldə etmək qədər də onu qoruyub saxlamaq, möhkəmləndirmək prosesi bəzən xilaskar rolunun ağırlığını çiyinlərinə götürəcək dahi insanların zühur etməsinin vacibliyini zərurətə çevirir. Həmin dahilər özlərinin ən çətin vəziyyətdən çıxmaq bacarıqları, qətiyyətləri ilə mənsub olduqları xalqı arxalarınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamağı bacarırlar. Bu baxımdan Azərbaycan xalqını xoşbəxt hesab etmək olar. Çünki Tanrı bizə onillər boyu həsrətini çəkdiyimiz müstəqilliyimizi qoruyub-saxlayamaq, güclü və yenilməz dövlətin təməllərini ata bilmək üçün Heydər Əliyev kimi müdrik dövlət xadimi, dahi siyasətçi, Ümummilli Lider bəxş etmişdir. Danılmaz faktdır ki, Azərbaycan dünyada layiq olduğu mövqeyə məhz Onun uzaqgörənliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Ulu Öndərin canından artıq sevdiyi xalqı qarşısında böyük xidmətləri Onun Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdən başlayır. O illər ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. Çünki həmin vaxta kimi zəngin yeraltı və yerüstü sərvətlərə malik Azərbaycan nəinki dünya, hətta keçmiş İttifaq miqyasında o qədər də tanınmır, respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başladı. Qısa vaxt ərzində onun təşəbbüsü ilə ölkəmizdə mühüm sənaye müəssisələri inşa edildi, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirildi. Uzun illər sonra – Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edəndə Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilmiş böyük layihələrin nə qədər əhəmiyyətli olduğu bir daha özünü göstərdi.

Xalqımızın xilaskar oğlu Heydər Əliyevin Azərbaycanda ikinci hakimiyyət dövrü isə çox çətin və mürəkkəb dövrə təsadüf edir. Ötən əsrin sonlarında müstəqilliyini bərpa etmək kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Bu dəfə xalqımız daha ağır imtahanla qarşı-qarşıya idi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə hədəfə almışdı. Ümumiyyətlə, həmin ərəfədə Azərbaycanın ağır ictimai-siyasi mənzərəsini təsəvvür etmək üçün məşhur “91”lərin müraciətinə ulu öndər Heydər Əliyevin 24 oktyabr 1992-ci il tarixli cavabında aşağıdakı sətirlərə nəzər salmaq kifayətdir: “Müraciətinizdən, mətbuat və televiziyadan, Azərbaycanın müxtəlif bölgələrindən gələn məktublardan aldığım məlumatlardan aydın olur ki, respublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narahatçılığı haqlıdır və təqdirəlayiqdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir.”

Heydər Əliyevin “91”lərin müraciətinə müsbət cavab verməsi, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının Sədri, daha sonra Onun milyonlarla insanın arzularını ifadə edərək 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başladı…

Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində müasir müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətlənmə mərhələsinə qədəm qoydu. O, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparır, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilir, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə sabitlik mərhələ-mərhələ bərqərar edilirdi. Məhz Heydər Əliyev dühası nəticəsində dövlət çevrilişlərinin qarşısını almaq mümkün oldu, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edildi. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə başlanıldı.

20 dekabr 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında çıxış edən Ümummilli Lider həmin dövrü belə xarakterizə edirdi: “1990-cı ildən 1994-cü ilə qədər Azərbaycanın iqtisadiyyatı dağılma dövrü keçiribdir. Əgər Azərbaycanın son dövr tarixinə nəzər salsaq, bunu təxminən belə qiymətləndirmək olar: 1988-ci ildən Azərbaycanda qeyri-sabitlik hökm sürübdür. Dağlıq Qarabağ münaqişəsi, Ermənistan– Azərbaycan münaqişəsi Azərbaycanın həyatını gərginləşdirmiş və o vaxtdan daxili vəziyyət sabitliyini itirmişdi. 1992–1993-cü illərdə isə bu vəziyyət daha gərgin və ağır idi. Həm torpaqların böyük bir qismi işğal olunmuş, həm də Azərbaycanın daxilində parçalama qüvvələri peyda olmuş və Azərbaycan artıq parçalanmışdı. Demək, sonrakı dövrdə biz bir tərəfdən iqtisadiyyatı normal vəziyyətə gətirməli idik, ikinci tərəfdən isə ictimai-siyasi sabitliyi təmin etməli idik. Eyni zamanda beynəlxalq aləmdə Azərbaycanın mövqelərini yaratmalı idik. Bunlar hamısı çox böyük enerji və zəka tələb edirdi. Biz bunların hamısına nail olduq.”

Bəli, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri ölçüyəgəlməz və əvəzsizdir. Onun şərəfli ömür yolunun yalnız bir müqəddəs qayəsi olub – bütün varlığı ilə xalqımızın gələcəyi, Azərbaycanın inkişafı naminə çalışmaq, müstəqil dövlətimizin yaşamasına, güclənməsinə nail olmaq. Bu gün  Ulu Öndərin ruhu şaddır. Çünki sona çatdıra bilmədiyi bütün ali məqsədlər Onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilir. Əbəs deyil ki, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”.