Şəmsiyyə Abbaszadə: Füzulinin yeni siması göz oxşayır
Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə, o cümlədən Füzuli rayonunda da böyük quruculuq işləri aparılır. Prezident İlham Əliyevin şəxsi nəzarəti, tövsiyə və tapşırıqları istiqamətində rayonda işğaldan sonra yeni inkişaf dövrünə qədəm qoyulub. Ötən dövr ərzində, cənab Prezidentin Füzuli rayonuna səkkiz dəfə səfəri olub. Hər səfər çərçivəsində yeni-yeni layihələrin əsası qoyulub, tikintisi başa çatdırılmış sosial obyektlərin açılış mərasimləri həyata keçirilib.
Prezident İlham Əliyevin Füzuliyə səfərləri çərçivəsində 16.11.2020-ci tarixdə Füzuli şəhərində Azərbaycan bayrağı ucaldılıb, Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyulub, 14.01.2021-ci il tarixdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyulub, 14.02.2021-ci il tarixdə Füzuli şəhərinin Baş planın təsdiqlənib, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi keçirilib, Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanış olub, 15.03.2021-ci il tarixdə Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi keçirilib, 29.08.2021-ci il tarixdə Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi və Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub, 17.10.2021-ci il tarixdə Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”inin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və çoxmənzilli yaşayış məhəlləsinin təməlqoymalarını həyata keçirib, 26.10.2021-ci il tarixdə cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanını açıb, 10.05.2022-ci il tarixdə Peşə Liseyinin təməlini qoyub və 27.09.2022-ci il tarixdə rayonun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət edib.
Cənab Prezident İlham Əliyevin cari ilin 17 oktyabr tarixində “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə növbəti səfəri baş tutdu. Səfər çərçivəsində Prezident Füzuli şəhərinə köçürülmüş sakinlərlə görüşüb.
Füzuli indi tamamilə yenidən qurulur. Aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır.
Füzulidə artıq rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib.Erməni vandalizmi nəticəsində Füzuli azad olunanda bir salamat bina olmadı ki, Bayrağımızı qaldıraq. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq – rəsmi İrəvanın siyasəti bunlardan ibarət idi. Ermənilərin dağıtdığı və xarabalığa çevirdiyi Füzuli şəhəri artıq ölkə Prezidentinin rəhbərliyi ilə yenidən qurulur. Şəhərin təməlqoyma mərasiminin keçirilməsi də ondan xəbər verir ki, Füzuli şəhəri yenidən daha müasir standartlara uyğun formada və ağıllı şəhər prinsipinə uyğun olaraq yenidən canlanacaq. Rayon strateji baxımdan Qarabağın vacib bölgələrindən biridir. 44 günlük savaşda Füzuli şəhərinin işğaldan azad olunması müharibənin sonlandırılmasında və zəfərimizin əldə edilməsində xüsusi əhəmiyyətə malik oldu. Bu baxımdan artıq işğaldan azad olunmuş ərazilərimizdə yeni mərhələ başlayır.
Füzuli şəhərində inşa edilən beynəlxalq hava limanı nəticə etibarilə həm Füzulini Qarabağın hava qapısına çevirir, həm də bütövlükdə işğaldan azad olunmuş ərazilərimizin potensialından istifadə edilməsinə imkan yaradır. Şərqi Zəngəzur iqtisadi zonasına aparan dəmir və avtomobil yollarının tikintisi, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, “Zəfər yolu”nun, ikinci Füzuli-Şuşa avtomobil yolunun tikilməsi Füzulini Azərbaycan iqtisadiyyatı üçün ən müasir daşıma imkanları olan rayona çevirir. Zəngəzur dəhlizi açılacağı təqdirdə Füzuli rayonu həm də regional və beynəlxalq bazarlara çıxış baxımından rəqabətqabiliyyətli nəqliyyat qovşağına çevriləcək.
Bizim bütün şəhərlərimiz Füzuli kimi olacaq. Çünki Füzulidə birinci şəhərsalma layihəsi icra edilir. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
Bu mövzuların hər birinə ayrı-ayrılıqda toxunan cənab Prezident İlham Əliyev məktəb və ailələrin gənclərdə vətənpərvərlik hissinin formalaşdırılmasında böyük rolu olduğunu xüsusi olaraq vurğulamışdır. Biz qoymadıq ki, gənclər doğma torpaqlarını unutsun. Qoymadıq ki, Qarabağ mövzusu silinsin. Halbuki bunu bizə aşılamaq istəyən bir çox ölkələr, qüvvələr var idi. Separatçıların kitabı birdəfəlik bağlandı. Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı. Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik!
Şəmsiyyə Abbaszadə – Bərdə Rayon İcra Hakimiyyəti aparatında İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi