28 İyul 2025

Səməd Vəkilov: “Zəngibasar həsrətli Əkbər Əliyev” / FOTOLAR

“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində Salyan rayonu Yeni Uluxanlı kənd sakinləri ilə görüşüb.

Bu barədə QHT.az saytına layihənin rəhbəri tədqiatçı-hüquqşünas S.Vəkilov məlumat verib. O bildirib ki, Yeni Uluxanlı kəndi əsasən  Qərbi Azərbaycanın Zəngibasar mahalından İ.Stalinin qərarı ilə öz doğma yurdlarından deportasiya edilmiş Azərbaycan türkləridir. Belə şəxslərdən biri də Əliyev Əkbər Adil oğludur. O, 18 may 1941-ci ildə Qərbi Azərbaycanın dilbər güşəsi olan Zəngibasar mahalının Zəngibasar kəndində anadan olub.  İlk ibtidai  orta təhsilini Zəngibasarda alıb. Sonra 1949-cu ildə öz doğma yurdlarını məcburi olaraq tərk etmək məcburiyyətində buraxılaraq Azərbaycana  Papanin (Əli Bayramlı) rayonuna I saylı Şirvan Pambıqçılıq sovxozunun 3-cü şöbəsinə köç ediblər.

Əkbər Əliyev: “Biz gələndə burada Vedibasar mahalının Vedi kəndindən 6-7 ailə məskunlaşmışdır. Tədricən 1949-cu ildən 1952-ci ilədək köçürülmə davam etmişdir. Biz 1949-cu oktyabr ayında bir vaqonda 11 ailə olmaqla ev əşyaları və heyvanlarla  bir vaqonda Azərbaycana gəldik. Biz gələndə kəndin yolu yox idi. İşıq yalnız 1955-ci ildə çəkildi. İbtidai məktəb 4-cü sinifə qədər idi. Sonra 7 illik məktəb oldu”.

Əkbər Əliyev o günlərdən danışarkən dərin ah çəkir. Atam  Kərimov Adil Əli oğlu 1941-ci ilin mən doğulandan 6 ay sonra dünyasını dəyişib.Ailə başçısı kimi anam Xədicə Kərimova qeyd edilmişdir. Anam Kərimova Xədicə Cabbar qızı əslən İrəvan şəhərindən idi. O,1903-cü ildə İrəvan şəhirində doğlub. İndiki Ararat stadionu anam babam Cabbar kişinin bağ sahəsi olub. Əkbər kişi digər ailə üzvləri haqqında məlumat verir.  Onun bacı-qardaşları hamısı Zəngibasarda doğulsa da yurd həsrəti ilə Salyanda dünyasını dəyişiblər.

  1. Əliyeva Sara Adil qızı (1927-2014-cü il)
  2. Kərimova Xanımzər Adil qızı (1932-2016-cı il)
  3. Əliyeva Məryəm Adil qızı(1938-2021)
  4. Əliyev Yaqub Adil oğlu (1930-1993)

Əkbər Əliyevin oğlu Zülfüqar I Qarabağ müharibəsinin iştirakçısı onun adını daşıyan Əkbər adlı nəvəsi isə 2024-cü tədris ilində ildə 550 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər fakültəsinə qəbul olmuşdur. Diplomat olmaq, siyasətlə məşqul olmaq onun uşaqlıqdan arzusudur. O, siyasət, tarix, coğrafiya ilə yaxından maraqlanır.Əsasən Qərbi Azərbaycan İcmasının tədbirlərində fəal iştirak edir, Qafan Rayon Gənclər Şurası ilə əməkdaşlıq edir. Qərbi Azərbaycanla bağlı bütün layihələrdə iştirak etməyə çalışır və onları dəstəkləyir, babasının məcburi çıxarıldığı Qərbi Azərbaycan torpaqlarına qayıtmaq uğrunda mübarizə aparmaq və doğma yurda qayıtmaq ən böyük arzusudur. 

Fotolar