21 Dekabr 2024

Səməd Vəkilov Ələyəz kənd sakinləri ilə görüşüb – FOTOLAR

Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsini uğurla davam etdirir.

QHT.az xəbər verir ki, Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin sədri araşdırmaçı-hüquqşünas Səməd Vəkilov layihə çərçivəsində  Bakıda yaşayan Qərbi Azərbaycanın Dərləyəz mahalının Ələyəz kənd sakinləri ilə görüşüb. Görüş barədə məlumat verən S.Vəkilov bildirib ki,  görüşün məqsədi  Qərbi Azərbaycandan öz doğma yurd-yuvalarında min bir məşəqqətlə köçmüş əhalinin şəxsi hekayələrini toplamaqdır.  S.Vəkilov onu da qeyd edib ki, 1988-ci il tarixədək Ələyəz kəndində yaşamış Telman İbrahimov və onun yaxınlarının həyat hekayəsini həyacansız dinləmək mükün deyil. Telman İbrahimov Dərləyəzin ən qədim və əsrarəngiz gözəlliyə malik kəndlərindən olan Ələyəz kəndinin müdafiəsi ilə bağlı kənd əhalisinin müqavimətini və Azərbaycanın o vaxtkı səriştəsiz rəhbərliyinin onları müdafiə etməməsi səbəbindən kəndi tərk etmək zorunda qaldıqlarından danışıb. İbrahimovlar ailəsinin bir hissəsi də Çalxanqala kəndində məskunlaşıb.

Ələyəz kəndinin ən köklü ailələrindən olan İbrahimovlar ailəsinin məhək daşı olan Talıb İbrahimov bir müddət kəndin sovet sədri vəzifəzində çalışıb. Onun oğlu Hüseyn İbrahimov II Dünya müharibəsində göstərdiyi şücaətə görə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Uzun illər müxtəlif vəzifələrdə çalışan H.İbrahimov və həyat yoldaşı Nadejda xanım eyni zamanda Ələyəz və ətraf kəndlərində  pedaqoji fəaliyyətlə məşğul olublar. H.İbrahimov BDU-nin Coğrafiya fakultəsində təhsil alarkən yazdığı “Ermənistan SSR ərazisində Arpa çay hövzəsininin faydalı qazıntıları” adlı diplom işi Qərbi Azərbaycanın öyrənilməsində gözəl mənbələrdən biridir.

Qeyd edək ki, Huseyn İbrahimovun ailəsində hərbi sənətinə olan maraq davam etmişdir. H.İbrahimovun oğlu istefada olan mayor Telman İbrahimov  uzun illər C.Naxçıvancki adına hərbi məktəbdə riyaziyyat fənnindən dərs demiş hərbiçilərimizin vətənpərvər ruhda tərbiyə edilməsində xüsusi rol oynayıb. Onun yetişdirmələri içərisində yüksək rütbəli zabitlərlə bərabər Milli Qəhrəman Murad Mirzəyev öz oğlu polkovnik-leytenant Araz İbrahimovda da var. Araz İbrahimov 44 günlük Zəfər savaşında xidmətlərinə görə müxtəlif medallarla təltif edilib. Telman İbrahimov nəvəsi Nihad İbrahimovun simasında ata-baba yurdumuza bağlı yeni nəslin yetişməsində öz tövhəsini verməkdə davam edir.    

Qeyd edək ki, görüşdə MHM-nin sədr müavini Qarabağ müharibəsi iştirakçısı Mobil Vəkiloğluda iştirak edib. Görüşün sonunda S.Vəkilov Telman İbrahimova ötən il çap olunmuş “Qərbi Azərbaycandan Deportasiya: İmirlidə məskunlaşma” adlı kitabını hədiyyə edib. 

Xatırladaq ki, layihə çərçivəsində Qərbi Azərbaycandan Çalxanqala kəndinə köçən əhali ilə bağlı kitab nəşr ediləcək. Odur ki, Çalxanqala sakinlərindən xahiş olunur ki, öz şəxsi hekayələrini və bioqrafiq məlumatlarını layihə rəhbəri S.Vəkilovun elektron poçtuna (svekilov@yahoo.com) göndərsinlər.

Fotolar