23 Dekabr 2024

Şəhid Təbriz Həsənovun ad günü qeyd edilib

Azərbaycanın minlərlə qəhrəman oğullarından biri Şəhid Təbriz Həsənov 1994-cü il avqust ayının  25-ində Bərdə rayonunun Qaradəmirçi kəndində dünyaya göz açıb.Böyüyüb, boya-başa çatan Təbriz qan yaddaşında vətənin işğalçılardan azad olunmasını həmişə canlandırıb. Ölkəmizin istiqlalı, torpaqlarımızın yağı düşməndən azad edilməsini daim arzusunda yaşadırdı. Onu bu yola sövq edən, müqəddəs ideallara doğru irəliləməsinə səbəb heç şübhəsiz ki, vətənpərvər ailədə doğulması, Azərbaycan idealını amalları sırasında sevən Rəşid atanın övladı olmaqdı. Təbriz adının seçilməsi də bu vətənpərvərliyin nümunəsidir. Övladına Təbriz adının verilməsi də məhz atanın istəyi olub. Böyük Azərbaycanın o tayındakı ən böyük şəhərimizin adını vətən sevdalılarımız həmişə belə bir məhəbbətlə yaşatmalı olublar.Təbrizin adı bu tayda doğulan övladlara verilib. İndi Təbrizin adı böyük vətənimizin rəmzidir, desək, yanılmarıq.

Bu gün, yəni avqustun 25-də Həsənovlar ailəsinə yaxın olanlar Təbrizin doğum gününü qeyd etmək üçün bir yerə toplaşıb. Təbriz Həsənovun doğulub , böyüdüyü ocağa çoxlu sayda gələnlər var. Rəşid dayı da oturmağa macal tapmır. Gələnlərin bir-bir qaşılanması ilə məşğuldur.

Kənd məzarıstanlığına üz tutanlar hamılıqla şəhid Təbrizin hüzurunda sayğı duruşuna dayanıb. Bərdə Rayon İcra Hakimiyyətindən, Veteranlar Birliyinin Bərdə rayon şöbəsindən və şəhidin hərbçi döyüş yoldaşları, kənd camaatı  tər qərənfillərin Təbrizin sinədaşına düzürlər. Məzar üstündə şəhidlərin xatirəsi dərin ehtiramla yad olunur. Şəhid Təbriz Həsənov haqqında dərin məzmunlu fikirlər söylənilib.

Şəhid Təbriz Həsənovun evində yaradılmış guşədə hərbçinin həyatına dair şəkillər, fəxri fərmanlar, hərbi geyim və üzərindəki medallar görənləri duyğulandırır. Təbrizin atası Rəşid Həsənov bildirir ki,  Təbrizin uşaqlıqdan marağı hərb sənətinə olub. 2013-cü ildə həqiqi hərbi xidmətini başa vurandan sonra ordu sıralarında qalıb,işləməyə qərar verib.

Rəşid Həsənov Təbriz haqqında xatırladıqlarını danışarkən bildirirki, övladında xüsusi keyfiyyətlər cəmlənibmiş. Cəsarətli,hünərli bir oğul imiş.”Mənimlə o , tək ata-bala deyil, həm də yoldaş , dost kimi idi. Təbriz təmiz əqidəli, mənəvi keyfiyyətlərə malik biriydi. Uşaqlığından qorxmaz, hünərli, cəsarətliydi. Bu gün Təbrizin dünyaya gəlişinin 27-ci ilidir.Həmişə bu günü qeyd eləmişik.İndən belə də bu ənənəni davam etdirəcəyik. “- deyir, Rəşid əmi.

Rəşid əmini qəhər boğur. Təbriz haqqında xatirələrini danışarkən kövrəlir.

“ Təbriz tank tuşlayıcısı idi. Təlimlərdən sonra daim, komandanlıqdan fəxri fərmanlar alırdı. İşinə çox məsuliyyətlə yanaşardı. Hərb işi çətin olsa da yorulmaq bilmirdi. “ deyən Rəşid Həsənov vurğulayır.

Şəhid atası Rəşid Həsənovun bildirdiyinə görə, döyüşlər başlayana qədər Təbrizgilin tank bölüyü Tərtərin Şıxarx qəsəbəsində olub. Ancaq, müharibə başlayanda Təbriz harada olduqlarını ailə üzvlərinə bildirmirmiş. Həmişə ruh yüksəkliyi ilə danışıb, qələbənin yaxında olduğunu deyirmiş.

Hər il hamılıqla bir yerdə bu günü qeyd etsələrdə indi ailə üzvləri Təbrizin mövludunu ondan ayrı dünyalarda qeyd etməli olub. Təbriz cənnətdə dünyanın o üzündə,ailə üzvləri, ata,ana,qardaşları, həyat yoldaşı və iki ciyərparası- Cəsarət,Cəsur dünyanın bu üzündədir. Üzü dönmüş ayrılığın yaratdığı kədər Təbrizin əzizlərinin qəlbini sızlatsa da təsəlliləri də var. Onlar Şəhid Təbrizin cənnətdə olmağına əminliklə inanırlar.  

Media1.az