Şəhid analarına partiya üzvlük vəsiqələri təqdim edilib

06 avqust 2025-ci il tarixində Ağstafa rayonunda Vətən müharibəsi şəhidləri Mehtiyev Qurban Aydın oğlunun və Kərimov Sübhan Murtuz oğlunun ailələri ziyarət olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilat nümayəndələri şəhidlərimizin ailələrinə baş çəkib, şəhid anaları Nahidə Mehtiyevaya və Elnarə Kərimovaya partiyanın üzvlük vəsiqəsini təqdim ediblər.
Etibar Hacıyev bildirib ki, bu gün bütün şəhidlərimizin ruhu şaddır. Uğrunda şəhid olduqları, azad görmək istədikləri Qarabağ Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad olunub. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib. Bu reallığı yaradan və qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə sonsuz minnətdarıq.
Şəhidlərimizin ailə üzvləri göstərilən diqqət, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.




