23 Dekabr 2024

Sakinlər bu binanın faəliyyətindən narazıdır: “Əxlaqsızlıq yuvasıdır”-FOTOLAR

Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, bina 46d ünvanında yaşayan sakinlər narazıdır. Sakinlər ayrı-ayrı rəsmi qurumlara ünvanladıqları şikayət məktublarında qeyd edilən ünvandakı binanın aşağı mərtəbəsində fəaliyyət göstərən obyektin əxlaqsızlıq yuvası olduğunu qeyd edirlər.

Musavat.com-a da müraciət edən sakinlər yazır ki, son bir il ərzində ünvanladıqları şikayət məktublarına heç bir cavab ala bilməyiblər.

Söhbət “Nord-West” hotelinin fəaliyyətindən gedir.

“Obyekt günün istənilən saatında açıqdır. Axşam saatlarında isə həmin obyektin qarşısından keçmək mümkün deyil. Hər gün ora yüngül həyat tərzi keçirən qadınlar gəlir. Obyekt yol kənarında yerləşdiyinə görə gün ərzində onun qarşısından ailə, qadın, uşaqlar keçir. Yaşayış yerinin yanında belə bir obyektin mövcud olması nə dərəcə düzgündür? Obyekt instagram sosial şəbəkəsində “hotelnordhwest” adı altında fəaliyyət göstərir. Qeyd olunan səhifədə həmin obyektin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsini sübut edən şəkillərdə mövcuddur”- sakinlər baş prokurora göndərdikləri məktubda yazırlar.

Sakinlərin redaksiyamıza göndərdiyi videolarda hotel qarşısında gecə saatlarında baş verən mübahisələri izləmək olur. Ayrı-ayrı vaxtlarda çəkilən həmin videolarda gecə saatlarında hotel qarşısında müştərilər, obyektdə çalışan şəxslər mübahisə edirlər.

Bu narazılıqlara görə hotel əməkdaşları ilə qonşular arasında bir neçə dəfə mübahisələr yaşanıb. Bir neçə gün əvvəl yaşanan mübahisə tərəfləri polis bölməsinə qədər aparıb.

Hotelin instaqram səhifəsində yazılan şərhlərdən isə belə nəticəyə gəlmək olur ki, müştərilər seçim edərkən bu hotelin əsas fəaliyyət istiqamətini bilirlər. Məsələn, əsas sual nikah şəhadətnaməsinin tələb olunub-olunmamasıdır. Buna görə də hotel elanlarda nikah şəhadətnaməsinin tələb olunmadığını xüsusi ilə qeyd edir.

Müştərilərin əsas suallarından biri də otaqların sutkalıq yox, bir neçə saatlıq istifadəyə verilib-verilməməsi ilə bağlıdır.

Mövzu ilə bağlı hotellə əlaqə saxladıq. Suallarımızı cavablandıracaq səlahiyyətli şəxsin olmadığı bildirildi.

İlkin Muradov
Musavat.com