Sabir Rüstəmxanlı “Şərq”i təbrik etdi
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Şərq” qəzetini 25 illik yubiley münasibəti ilə təbrik edib. Deputat bildirib ki, uzun illərdir söz və informasiyanın etibarlı ünvanı olan “Şərq” qəzetinin 25 yaşı tamam olur. S.Rüstəmxanlının sözlərinə görə, “Şərq” qəzeti olmadan müasir, milli mətbuatımızın palitrası zəngin və cəzbedici görünməzdi:
“Bu zənginliyi təmin edən, qəzetin həyatiliyini şərtləndirən başlıca amil isə onun baxışlarından, yaşından, dünya görüşündən asılı olmayaraq cəmiyyətin hər bir üzvünün həmsöhbətinə çevrilmə bacarığıdır. “Şərq” qəzetini səciyyələndirən daha bir cəhət müstəqil fikrə, baxışlara hörmətlə yanaşması, tərəfsiz və qərəzsiz mövqeyinə daim sadiqliyidir. Nəşr peşə dəyərlərinə bağlılığının nəticəsində özünü ictimai təşəbbüs sahibi kimi təsdiqləməyi də bacarıb. Əlbəttə, qəzetin 25 illik şərəfli bioqrafiyasının, uğurlarının arxasında zəhmətkeş bir kollektiv və onu yönəldən Akif Aşırlı kimi bir istedad, bacarıqlı baş redaktor və menecer dayanır. Yaşından xeyli əvvəl müdrikləşmiş, amma sadəliyini, ləyaqətini, səmimiyyətini, genetik mərdliyini qoruyub saxlamış dostum Akif bəyin yaratdığı mühitin nəticəsidir ki, qəzetin xoş aurası az qala bütün mediaya sirayət edib. 25 ilin “Şərq” qəzeti bir müstəqil mətbu orqan olaraqAzərbaycan həyatının bütün sahələrini əhatə edən dolğun, özünə xas yaradıcılıq ənənələri ilə püxtələşmiş, gözəl, bənzərsiz, geniş oxucu auditoriyasını qazanmış nəsillərə örnək olacaq sənət nümunəsidir. Hesab edirəm ki, dərin inama və yüksək etimada əsaslanmış bu status nəşri daha böyük zirvələrə daşıyacaq, buna əminəm. Yubileyiniz mübarək, əziz “Şərq”çilər!”.