Sabiq idarə prokurorunun məhkəməsi başladı
Bakıda rüşvət verməkdə təqsirləndirilən Bakı şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov və onunla birlikdə həbs edilmiş Fərid Eldarovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Bakı şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov bundan əvvəl də məhkumluq həyatı yaşayıb.
Məlum olub ki, S.Nəsirov 2018-ci ildə vətəndaşlara 150 min manatdan çox dələduzluq edib. S. Nəsirov həmin vaxt Baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric edilib, xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi S.Nəsirov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçib və o, məhkəmə zalından azadlığa buraxılıb.
S.Nəsirov daha sonra rüşvət vermə ittihamı ilə həbs edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə ittiham olunur.
İlkin Muradov,
Musavat.com