Saatlıda qanunsuz işlədilən trenajor zalı aşkarlanıb, 5 nəfər cərimələnib

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Media 1-ə verilən məlumata görə, bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz şəkildə istifadə olunan trenajor zalı aşkar olunub.
Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyini müəyyən edib.
Məkana baxış zamanı 5 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.