Sərsəng su anbarından istifadə mexanizmi necə olacaq – rəy
Ədalət Verdiyev: “Yaxın bir il ərzində Azərbaycanın müvafiq qurumları bu anbardan istifadə ilə bağlı planlaşdırma və layihələndirmə işlərini həyata keçirəcəklər”
Dağlıq Qarabağ və ətraf rayonların Ermənistanın işğalından azad olunması Azərbaycanın dağlıq ərazilərində formalaşan böyük həcmli su ehtiyatlarına nəzarəti yenidən özünə qaytarması ilə nəticələnib. O cümlədən ermənilərin dağ çayları üzərində qurduqları 17 su elektrik stansiyası və su anbarı Ordumuz tərəfindən azad olunub. Eyni zamanda Kəlbəcər dağlarında yerləşən təbii göllər də ermənilərdən təmizlənib.
Bu barədə noyabrın 25-də Kəlbəcər rayonunun azad olunması münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev də məlumat verib: “Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırır. Ancaq mənfur düşmən bizi bu imkanlardan məhrum etdi. Çünki Tərtər çayı 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Sərsəng su anbarına axıdılır. Sərsəng su anbarı o vaxt o məqsədlə tikilmişdi ki, Qarabağın Aran zonasında yerləşən 6-7 rayonda suvarma işləri təmin edilsin. O vaxt Sərsəng su anbarı inşa ediləndən sonra heç vaxt suvarılmayan 100 min hektar ərazi artıq suvarılmağa başlamışdır. Ağdam, Goranboy, Yevlax, Bərdə, Tərtər və digər rayonlar oradan qaynaqlanırdı. Mənfur düşmən suyumuzu kəsdi. Yayda suyu kəsirdi, qışda buraxırdı və su basırdı bütün torpaqları. Bax, bizə qarşı ekoloji terror təşkil edilirdi. Ermənistan terror dövlətidir, bu terrorun bir çox əlamətləri var. Tarixi abidələrimizin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrimizin qırılması, çaylarımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var. Baxın, Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi, bizə isə su gəlmirdi. Biz Suqovuşan qəsəbəsini alandan sonra indi artıq suyun verilməsi başlamışdır və 100 min hektara suyun verilməsi nəzərdə tutulur”.
Qarabağ ərazisində ən böyük su anbarı Sərsəngdir. Sərsəng su anbarı Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1976-cı ildə 12 kilometr uzunluğu olan Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib və tutumu 565 milyon kubmetr olaraq regionun ən iri su hövzəsidir. Anbarın bəndinin hündürlüyü isə 125 metrdir. Sərsəng su anbarı bəndinin hündürlüyünə görə respublikada ən yüksək su anbarıdır.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin məlumatına görə, Sərsəngdən götürülən su ilə 14 min hektar Ağdərə, 24 min hektar Tərtər, 29 min hektar Ağdam, 6 min hektar Yevlax, 7 min hektar Goranboy, 2 min hektar Ağcabədi rayonu ərazisində torpaqları suvarmaq imkanı var.
Anbardakı mövcud 6 klapan vasitəsilə Tərtər çayına saniyədə 30 kubmetr su buraxmaq mümkündür. Suyun hündürlüyü təhlükəli həddə çatdıqda isə qəza sistemi vasitəsilə bu həcmi saniyədə 740 kubmetrə qədər artırmaq imkanı var. Son 27 ildə ermənilər lazımi texniki xidməti təmin edə bilmədiklərinə görə Sərsəng su anbarının bəndi aşınmalara məruz qalıb, texnogen qurğuların əksəriyyəti sıradan çıxıb və hazırda təhlükəli bir vəziyyət yaranıb: istənilən vaxt baş verə biləcək təbii hadisə və ya hər hansı bir təxribat bəndin dağılmasına gətirib çıxara bilər. Bu isə bir saat ərzində Tərtər rayonu, sonrakı 2-3 saat müddətində isə 6 rayonun su altında qalması demək olar.
Qeyd edək ki, Sərsəngə nəzarət Ermənistanın əlinə keçdikdən sonra ermənilər anbardan Azərbaycanın digər ərazilərinə su vermirdilər. Ətraf rayonlardakı su qıtlığından məlumatlı olan Qarabağdakı qondarma qurum, həmçinin Ermənistan dəfələrlə Sərsəngdən istifadə edərək Azərbaycandan güzəştlər qoparmağa çalışıblar. O cümlədən 2013-cü ildə Sərsəng su anbarından Azərbaycanla qondarma qurumun birgə istifadə etmələri təklif edilib. Hətta Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik 2015-ci ildə bu təklifi təqdir edən açıqlama da verib. Bundan başqa, Ermənistan və qondarma qurum Sərsəngdən istifadə əvəzində Azərbaycanın Xankəndi aeroportundan uçuşlara icazə verməsi şərtini də irəli sürürdü. Lakin Azərbaycan erməni hiyləgərliyinə aldanmayaraq buna razılaşmayıb. Belə ki, DQR-lə hər hansı formada əməkdaşlıq qurulması onun tanınması anlamına gəlirdi. Azərbaycan rəhbərliyi 100 min hektara qədər əkinəyararlı torpağın susuz qalmasına razı olaraq, qondarma qurumla hər hansı anlaşmaya getməyib.
Nəhayət, 2016-cı ildə AŞ PA-da Sərsəng Su anbarı mməsələsini də özündə ehtiva edən 2085 saylı qətnaməsi qəbul edildi.
O zamankı millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanovun müəllifi olduğu “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında məruzəçi təyin olundu. Böyük mübarizədən sonra AŞ PA-nın 2085 saylı qətnaməsi qəbul edildi. Lakin ermənilər bu qətnaməni də yerinə yetirməkdən imtina edirdilər. Baxmayaraq ki, həmin qətnamədə Ermənistanın işğalçı dövlət olduğu açıq şəkildə təsbit edilib və ekoloji fəlakətinin qarşısının alınması üçün Sərsəng anbarından istifadəyə imkan verilməsi birmənalı təsbit olunub.
2016-cı ilin yanvarında ATƏT Parlament Assambleyası ermənilərin Sərsəng su anbarından su buraxmamaqla Azərbaycana qarşı ekoloji təxribat həyata keçirməsini pisləyən qətnamə qəbul edib.
Noyabrın 10-da imzalanan 3 tərəfli razılaşmadan sonra Sərsəng ətrafındakı açar kəndlər olan Çərəkdar və Umudlu kəndlərində yaşayan ermənilər də kəndləri tərk etmişdilər. Lakin sonradan həmin kəndlərin Azərbaycanın nəzarətinə verilməyəcəyi elan olundu. Həmin vaxt ermənilər Sərsəngə nəzarətin itirilməsinin Xankəndini elektrik enerjisiz qoyacağını bildirərək hay-küy qaldırmışdılar ki, bu da əbəs deyildi: Sərsəng Su elektrik stansiyası qondarma qurumun yarıdan çoxunu elektrik enerjisi ilə təmin edirdi. Bundan əlavə, Sərsəng su anbarında ermənilər böyük balıqyetişdirmə müəssisəsi yaratmağı planlaşdırırdılar.
Ermənilərin Sərsəngə marağı yalnız elektrik enerjisi və su ilə bağlı deyil. Belə ki, Sərsəngin sahilində yerləşən Heyvalı (ermənilər ona Drmbon deyirlər) kəndində dağ-zənginləşdirmə kombinatı var. Burada hər il on minlərlə ton zənginləşdirilmiş mis-qızıl filizi Ermənistanın Allahverdi rayonundakı qızıl emalı zavoduna daşınırdı. Artıq bu imkan da ermənilərin əlindən çıxıb, Qarabağdan hər hansı təbii sərvətin Ermınistana daşınması mümkünsüz hala gəlib.
Hərbi ekspert, istefada olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, hazırda Sərsəng su anbarı Rusiya sülhməramlı qüvvələrinin nəzarət ərazisinə daxildir: “Biz Suqovuşan su anbarını döyüş yolu ilə azad etmişik. Sərsəng isə danışıqlar yolu ilə tam nəzarətimizə keçəcək. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Təxminən 4-5 faiz ərazidə sülhməramlılar var, onlar da vaxtı çatanda gedəcəklər. Sərsəng su anbarının ətrafında Azərbaycan hərbi qüvvələri hələlik yerləşdirilməyib. Amma yaxın gələcəkdə bölgədə bütün infrastruktur formalaşdırılıb, əlaqələr bərpa edildikdən sonra Azərbaycan bu anbarın su ehtiyatlarından istifadə edəcək”.
Ekspertə görə, təmas xətti anlayışı ortadan qalxdığına görə Azərbaycan hərbi qüvvələrinin yalnız ölkənin dövlət sərhədlərində yerləşdirilməsinə ehtiyac var: “Sərsəng Azərbaycan ərazisində yerləşən su anbarıdır və tezliklə bu anbardan istifadə etməyimizdə heç bir problem olmayacaq. Hələlik prosesin başlanğıcındayıq, Monitorinq Mərkəzi qurulur. Ona görə də bir qədər səbrli olmalıyıq”.
Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, son illərdə dünyanın bir sıra ölkələri arasında aşkar, yaxud örtülü formada su müharibələri gedir: “Ərəbistan yarımadasında, Hindistanla Pakistan arasında münaqişələrin kökündə məhz su resurslarına çıxış imkanları uğrunda mübarizə dayanır. Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması məqsədilə Azərbaycanın həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar əsasən dağlıq ərazilərdə yerləşən su ehtiyatlarının yenidən ölkəmizin istifadəsinə qayıtması deməkdir. Bu ərazilərdə çoxlu sayda ilin heç bir fəslində qurumayan çaylar var və onların ehtiyatlarından istifadə yolu ilə Azərbaycan böyük bir ərazidə suvarma ehtiyaclarını tamamilə qarşılamaq imkanı əldə edəcək. Bu baxımdan, Suqovuşan su anbarının tam nəzarətə götürülməsindən sonra müvafiq dövlət qurumları oradan suyun ətraf rayonlara verilməsini qısa müddətdə təmin etmək üçün zəruri addımlar atıblar. Sərsəng su anbarının ərazisinə nəzarət hələlik Rusiya sülhməramlılarındadır. Buna görə də yaxın 5-6 ay ərzində Azərbaycanın bu anbarın ehtiyatlarından istifadə etməsi real görünmür”.
Onu da bildirək ki, Xankəndində qondarma “DQR”-in dirçəldilməsi istiqamətində addımlar atılmaqdadır. O cümlədən quruma yeni “kənd təsərrüfatı naziri” təyin olunub, ermənilər əllərində qalan su ehtiyatlarından səmərəli istifadə ilə bağlı planlar qurmaqdadırlar. Bu isə Sərsəng su anbarından Azərbaycanın digər rayonlarının torpaqlarının suvarılması məqsədilə istifadəyə imkan verilməyəcəyi təhlükəsini yaradır. Lakin Ə.Verdiyev bildirir ki, artıq Qarabağdakı ermənilərin muxtariyyət və sair planları darmadağın edilib: “Önümüzdə olan il ərzində düşünürəm ki, Azərbaycanın müvafiq qurumları Sərsəng su anbarından istifadə ilə bağlı planlaşdırma və layihələndirmə işlərini həyata keçirəcəklər. Ümumilikdə isə Qarabağ ərazisindəki bütün su ehtiyatları Azərbaycana məxsusdur və onlardan yalnız Azərbaycanın planlaşdırdığı şəkildə, nəzərdə tutduğu istiqamətlərdə istifadə edilə bilər. Ya suvarma, ya içməli su kimi, yaxud enerji məqsədli – bütün bunlara Azərbaycan qərar verəcək”.
Dünya SAKİT