16 Sentyabr 2024

Sərhəd çəpərlərinin söküldüyü gün: Güney və Quzey Azərbaycanı birləşdirən tarix – FOTOLARDA

Bu gün 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi bayram edilməsinə səbəb olan sərhəd hərakının da növbəti ildönümüdür.

Cebhe.info xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Naxçıvan şöbəsinin 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini ifadə edərək Güney və Quzey Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul edib. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atıblar.

Lakin buna baxmayaraq ardıcıl olaraq “Sərhəd hərəkatı” adlı bir sıra siyasi aksiyalar həyata keçirilib. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri sökülüb. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edilib.

1989-cu il dekabrın 31-i dünya azərbaycanlılarının həmrəylik bayramına çevrilib. 1990-cı ildə isə həmin günün ildönümü Muxtar Respublikasında geniş qeyd edilib.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Qərarda belə qeyd olunurdu:

1. 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin.
2. Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin.
3. 31 dekabrın Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilsin.
4. Naxçıvan Muxtar Respublikasının şəhər və rayon məclislərinə tapşırılsın ki, bayram günləri demokratik təşkilatların iştirakı ilə təntənəli mərasimlər hazırlayıb həyata keçirsinlər.
5. Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsinə, Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan vilayət şöbəsinə, Xalq Təhsili Nazirliyinə tapşırılsın ki, 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik gününə həsr olunmuş elmi konfrans keçirsinlər.
6. Sərhəd çəpərlərinin bərpa edilməsi qanunsuz hesab edilsin və istehkam qurğularının ləğv edilməsini təmin etmək üçün deputat komissiyası yaradılsın.

Hazırda 31 dekabr 50 milyonluq azərbaycanlı tərəfindən dünyanın əksər ölkələrində qeyd olunur.

Xəzər
Cebhe.info