28 Mart 2024

Şəhid Xudayar Yusifzadəyə həsr olunmuş videokonfrans təşkil edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Beyin qazanma” proqramı çərçivəsində Vətən müharibəsində qəhrəmancasına şəhid olan Xudayar Yusifzadənin xatirəsinə həsr olunmuş videokonfrans keçirilib. Məqsəd – həyat hekayəsi ilə dastana çevrilmiş xalq qəhrəmanını diaspor gənclərinə daha yaxından tanıtmaq və Azərbaycan gəncliyinin necə güclü vətənpərvərlik ruhuna sahib olduğunu bir daha nümayiş etdirməkdir.

Müxtəlif ölkələrdə və Azərbaycanda yaşayan 60-a yaxın iştirakçının qatıldığı tədbir Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsilə başlayıb. Dövlət Komitəsinin əməkdaşı Lalə İsgəndərovanın moderatorluğu ilə keçirilən videokonfransda Azərbaycanın Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, şəhid Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə və ABŞ-da yaşayan azərbaycanlı memar Yavər Rzayev çıxış ediblər. Natiqlər müharibə qəhrəmanları haqqında fikirlərini, Xudayar Yusifzadə ilə bağlı xatirələrini bölüşüblər, onun musiqi sevgisinin kökləri və hərbi sahəyə marağından danışıblar.

Sonra Xudayar Yusifzadədən bəhs edən videoyazı nümayiş etdirilib və qəhrəman şəhidimizi milyonlarla izləyiciyə sevdirən “Vətən yaxşıdır” mahnısı səsləndirilib.

 

Tədbirin bədii hissəsində Omanın Sultan Qabus Universitetində piano müəllimi və sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusifzadə, gənc azərbaycanlı pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə, Azərbaycanın Əməkdar artistləri, görkəmli pianoçular İslam Manafov və Turan Manafzadə, Kanada Azərbaycanlıları İncəsənət Cəmiyyətinin rəhbəri Savalan Yusif və pianoçu Tarana Teylor çıxış ediblər. Onların ifasında “Vətən Balladası”, “Azərbaycanım”, “Yüksəliş”, “Payız”  mahnıları, “Xocalıya” əsəri, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən döyüş səhnəsi və digər musiqi kompozisiyaları təqdim olunub.

 

Videokonfrans https://www.facebook.com/braingain ünvanı üzərindən birbaşa yayımlanıb.