Şəhid baş leytenantın memorial abidəsinin açılışı olub – FOTOLAR
Cavid Səfərlinin abidəsinin müəllifi heykəltəraş Zamiq Rzayevdir
İmişli rayonunda şəhid baş leytenant Səfərli Cavid Xaliq oğlunun memorial abidəsinin açılışı olub. Abidənin müəllifi heykəltəraş Zamiq Rzayevdir. Media1. az xəbər verir ki, açılışda şəhidin doğmaları, yaxınları və dostları iştirak ediblər.
Qeyd edək ki, şəhid Səfərli Cavid Xaliq oğlu 1993-cü ildə may ayının 31-də İmişli rayonunun Əliqulular kəndində doğulub. Namiq Şirinov adına İmişli rayon 5 saylı tam orta məktəbində təhsilini bitirəndən sonra 2007-ci ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olub, 2010-cu ildə oranı bitirib. Elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2014 cü ildə təhsilini başa vurub. “Leytenant” rütbəsi alan Cavid Səfərlinin çətin və şərəfli zabit həyatı başlayıb.
Ordumuza layiq zabit kimi yetişməyi qarşısına məqsəd qoyan Cavid Səfərli 2014-2015-ci illərdə Tədris-Təlim Mərkəzində hərbi təhsilini davam etdirib.
2018-ci ildə Azərbaycan ordusunun 100 illiyi medalı ilə təltif edilən gənc zabit Qusar şəhərində yerləşən N saylı hərbi hissədə zabit kimi xidmətini davam etdirib, Tabor komandirinin müavini vəzifəsinə yüksəlib.
Sentyabr ayının 27-dən başlayan II Qarabağ müharibəsinin ilk günündən Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə vuruşub. 21oktyabr 2020 ci ildə, Xocavənd rayonunun strateji əhəmiyyətli Qırmızı bazar qəsəbəsi istiqamətində yerləşən Düdükçü kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə ” medalları ilə təltif edilib.
Ən uca zirvədə dayanmış Şəhidlər bizim qürur mənbəyimiz, and yerimizdir! Onlar Vətən qədər əbədi yaşayacaqlar! Biz onları heç vaxt unutmayacağıq! Fotoları təqdim edirik