Rüsumlarla bağlı qanun layihəsi parlamentdə etirazlar doğurdu

Deputat Sabir Rüstəmxanlı: “Hər yerdə görülən işlərdən danışırıq, fəxr edirik, qürurlanırıq, amma bir hissə cəmiyyətin əsəbləri ilə oynayır, bunun sonu olmalıdır”; MM büdcə layihəsini ikinci oxunuşda təsdiqlədi
Noyabrın 24-də Milli Məclisin plenar iclası keçirildi. Spiker Sahibə Qafarova bildirdi ki, iclasda “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılır.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili layihə haqda məlumat verərək bildirdi ki, 2022-ci ildə yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir. Layihəyə əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyənləşdirilir.
Qeyd edək ki, 2021-ci ildə yaşayış minimumu 196 manat olub.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.

Milli Məclisdə “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edildi.
Komitə sədri Musa Quliyev bildirdi ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib. Bu isə cari ilə nisbətən 30 manat artım deməkdir. Bu, həm də ehtiyac meyarı ilə yaşayış minimumu arasında fərqin minimuma endirilməsi deməkdir.
Vergi Məcəlləsinə dəyişiklik layihəsi də II oxunuşda müzakirə edildi. Layihə barədə məlumat verən Tahir Mirkişili bildirdi ki, ilk oxunuşdan sonra layihəyə bir sıra düzəlişlər edilib. Belə ki, Vətən müharibəsi şəhidləri ilə yanaşı, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergisindən azad ediləcək. Eyni zamanda banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsi iştirakçılarının 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilməyəcək. Bu maddə ilə müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid ediləcək.
Dəyişiklik layihəsinin parlamentdə birinci oxunuşda qəbul olunan variantına əsasən, Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirin vergisindən azad edilməsi təklif olunurdu. Amma banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilmirdi.

T.Mirkişili qeyd etdi ki, dəyişikliyə əsasən, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq. Dəyişiklik layihəsinin birinci oxunuşuna əsasən, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 10 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulurdu.
Komitə sədri Siyavuş Novruzov vergi güzəştlərindən danışdı. O, vergi güzəştlərinə dair yeni qanun layihəsində İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri və qazilərin nəzərdə tutuldugunu bildirərək dedi ki, Birinci Qarabağ müharibəsinin şəhid ailələri də bu məsələ ilə maraqlanır. Siyavuş Novruzov bu məsələyə aydınlıq gətirilməsini vacib saydı: “Nəyə görə bu insanlar nəzərdə tutulmur? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən eyni qaydada Birinci və İkinci Qarabağ müharibəsinin şəhid ailələri, əlilləri, qazilərinə sosial ödənişlər edilir, evlə, maşınla təmin olunurlar”.
Fazil Mustafa Milli Məclisdəki çıxışında bələdiyyələrin fəaliyyətsizliyinə diqqət çəkdi. Bildirdi ki, vaxtilə konstitusiyaya düzəlişlər ediləndə bələdiyyələrin Milli Məclisə hesabat verməsi barədə müddəa da əlavə edildi. “Hələ bir dəfə də olsun bir bələdiyyə Milli Məclisə hesabat verməyib. Ölü maddə kimi orada qalıb. Bir seçkili orqan digər seçkili orqana hesabat verə bilməz, bunu konstitusiyadan çıxartmaq lazımdır”. F.Mustafa bildirdi ki, vətəndaşların bələdiyyə sənədinə etibarı yoxdur: “Sənədi etibarsız olan bir yerli özünüidarə orqanına nə ehtiyac var?” Deputat dedi ki, bugünlərdə bələdiyyələr Sosial Müdafiə Fondundan ayrılan vəsaiti götürmək üçün gözləyir: “Vətəndaşa bələdiyyə adından heç bir güzəşt yoxdur”.
“Bu gün vətəndaşları narahat edən məsələlərdən biri kommunal xidmətlərdən əlavə, rüsumlardır. İki qat, üç qat arta-arta gedir. Görək bu artım camaatın maaşına uyğun gəlir, gəlmir?”
Deputat Sabir Rüstəmxanlı bu fikirləri dövlət rüsumları ilə bağlı müzakirələr zamanı söylədi. O, cərimələrlə bağlı vətəndaşların ciddi narazılığının olduğunu vurğuladı: “Çıxırsan küçəyə, maşını saxlayırsan, axşam sənə kağız gəlir ki, 60 manat cərimən var. Başın qarışır, ödəmirsən, baxırsan ki, 70 manat olub. Bir sürü artımlar var. Bu, nədir, nəyə səs veririk? Təsadüfən çıxırsan bir yerə gedirsən, maska yaddan çıxıb, polis gəlir, cərimə edir. Yaxud başqası gəlib maşına görə cərimələyir”.
S.Rüstəmxanlı dedi ki, vətəndaşların çox ciddi narazılıqları var: “Biz çalışırıq ki, hər yerdə görülən işlərdən bəhs edək, fəxr edirik, qürurlanırıq. Amma bir hissə cəmiyyətin əsəbləri ilə oynayır. Bunun sonu olmalıdır”.

Milli Məclisdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunaraq, qəbul edildi. Komitə sədri Tahir Mirkişili layihə barədə danışarkən qeyd etdi ki, bəzən qeyri-dəqiq yanaşmalar olur. Komitə rəhbəri bildirdi ki, iclasda qeyd olunduğu kimi, rüsumlarda iki, ya üç dəfə artım yoxdur, bəzi rüsumlarda 30, bəzilərində 50 faiz artım var. “Deyilənlər həqiqətə uyğun deyil”, deputat əlavə etdi. Cərimələrin yüksək olması ilə bağlı deputat Sabir Rüstəmxanlının iradlarına gəldikdə, T.Mirkişili cərimələrin fəlsəfəsinə diqqət yetirməyi vacib saydı. Bildirdi ki, cərimələr qaydaları pozmamaq üçün müəyyən edilir: “Dünyanın hər bir ölkəsində cərimə qaydaların pozulmaması üçün tətbiq olunur”. Bununla belə, komitə rəhbəri dəbbə pulunun yüksək olması ilə bağlı fikirlərlə razılaşdığını söyləyəyək, məsələnin araşdırılacağını vurğuladı.
Azərbaycanda avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı üzrə dövlət rüsumlarının məbləği dəyişdirilir. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklikdə əksini tapıb. Layihə barədə müzakirələrdən sonra ikinci oxunuşda təsdiqləndi. Təklifə əsasən, rüsumlar dövlət nömrə nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə müəyyən edilib.
Belə ki, 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün
– müxtəlif seriya – 1500 manatdan 2000 manata;
– eyni seriya – 2500 manatdan 3000 manata;
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün
– müxtəlif seriya – 1000 manatdan 1500 manata;
– eyni seriya: 1500 manatdan 2000 manata;
111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün
– müxtəlif seriya: 500 manatdan 1000 manata;
– eyni seriya: 1000 manatdan 1500 manata qaldırılır.
Yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 manat rüsum müəyyənləşəcək.
Hazırda isə bu rəqəm 22 manatdır.
Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Ölkəyə gətirilən telefonlara görə rüsumlar-layihə ikinci oxunuşdan keçdi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarıldı. Qanun layihəsini komitə sədri Tahir Mirkişili təqdim etdi. Qanun layihəsinə əsasən, şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri müəyyənləşir. Belə ki, dəyişikliyə əsasən, rüsumlar aşağıdakı kimi olacaq:
Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;
Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;
Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat;
Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat;
Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manat;
Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu tutulacaq.
Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Milli Məclisdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olundu. Deputat Bəhruz Məhərrəmov məsələ ilə bağlı fikirlərini söyləyərkən diqqəti bir sıra məsələlərə yönəltməyə çalışdı: “Bu gün məsələyə Vergi Məsəlləsi kontekstində baxırıqsa, deməliyəm ki, vəkilin vergi və ödəniş yükü çox ağırdır, ümumilikdə 34 faiz vergi və icbari ödəniş nəzərdə tutulur”. Deputat qeyd etdi ki, bu mənada digər peşə sahiblərinə tətbiq olunan yanaşma vəkilə də təmin olunmalıdır: “Eyni zamanda vəkillərin pensiya təminatı ilə bağlı problemlər var. Əmək pensiyaları haqqında qanunda prokurorluq, məhkəmə və sair orqanların pensiya təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlər nəzərdə tutulsa da vəkilliyə münasibətdə nədənsə bu yanaşmanı görmürük. Başqa bir məqam, dövlət hesabına hüquqi yardıma ayrılan vəsaiti gündəmə gətirmək istəyirəm. Əvvəl dövlət hesabına hüquqi yardım üçün vəkilə ödənilən məbləğ 2 manat idi. Cənab Prezident böyük humanistlik göstərərək 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Nazirlər Kabinetinə bu məbləğin artırılmasını tapşırdı və hökumət də həmin ilin mayında bu vəsaiti 3 dəfə artırıb 6 manata çatdırdı. Bir daha deyim ki, dövlət başçımız artımla bağlı konkret rəqəm ifadə etməmişdi, iradə çox konseptual idi və mahiyyəti ondan ibarət idi ki, artım ağlabatan olsun. Artırılan məbləğə nəzər yetirsək, faktiki olaraq xərcləri çıxanda dövlət hesabına hüquqi yardım prosesində vəkil nəinki qazanmır, əksinə, bəzən əlavə xərclərin altında qalır”. Deputat hökumətdən xahiş etdi: “Xahiş edirəm, hökumət cənab Prezidentin iradə ifadəsini rəhbər tutaraq ödənişsiz hüquqi yardıma görə dövlət hesabına ödənilən məbləğə bir də baxsın.
İndiki halda bu məbləğin azı 2 dəfə artırılması, habelə, dövlət hesabına yardımlar üzrə ödənilən vəsaitin vergi və ödənişlərdən azad edilməsi zərurətdir. Mən demirəm vəkil vergi verməsin, amma heç olmazsa dövlət hesabına yardım üzrə məbləğ vergidən azad olunmalıdır. Vəkilin vergi yükünün azaldılması, dövlət hesabına hüquqi yardıma görə ödənişin vergidən azad edilməsi, vəkillərin pensiya təminatının vəkil adına layiq formada həlli xərc yox bizim üçün yeni perspektivlər deməkdir. Çünki güclü vəkillik insan hüquq və azadlıqlarının səmərəli təmini deməkdir, güclü ədalət mühakiməsi deməkdir. Güclü müstəqil vəkillik və müstəqil məhkəmə isə iqtisadi inkişaf, investisiyaların cəlbi üçün həlledici amillərdən biridir. Bu mənada mən hökumət üzvlərindən xahiş edirəm, bu problemə diqqət yetirilsin”.