23 Dekabr 2024

Rusların Qarabağda parad niyyəti hiddət doğurur: “Onları ərazimizdən çıxarmalıyıq”

Azərbaycanda cəmiyyətində əminlik var ki, sülhməramlıların davranışları həddini aşmaqdır və bu özbaşınalığa son qoyulmalıdır

Rusiyanın Qarabağda yerləşdirdiyi sülhməramlı kontingent Qarabağda hərbi parad keçirəcək. Belə ki, Xocalı hava limanında hərbçilərin 9 May Qələbə Günü paradına hazırlıq məşqləri başlayıb. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, Dağlıq Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti İkinci Dünya müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibətilə “təntənəli keçid”in məşqlərinə başlayıb.

Xocalıdakı aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, Humanitar Reaksiya Mərkəzinin şəxsi heyətinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir. Tədbirdə hər biri 45 hərbçidən ibarət 10 dəstənin keçəcəyi planlaşdırılıb.

Sülhməramlı kontingentin bu cür təxribatçı addımları Azərbaycanın suverenliyinə qarşı hörmətsizlik və təhdid kimi qiymətləndirilir. Onsuz da, sülhməramlılar bölgəyə gəldikdən sonra zaman-zaman öz səlahiyyətlərinə uyğun olmayan addımlar atırlar. İstər humanitar yardım adı altında erməni qaçqınların Xankəndiyə qaytarılması və orada müharibə zamanı dağılmış evlərin təmir-bərpası, istərsə məclislər təşkil edib ermənilərin şəninə tostlar deyilməsi olsun – bunlar Azərbaycan ictimaiyyətinin haqlı qıcığına səbəb olur. Rusiya hərbçilərinin başqa bir ölkənin ərazilərində o ölkənin icazəsi olmadan hərbi parad və ya hərbi yürüş keçirməyə hazırlaşması növbəti təxribatçı addım kimi qiymətləndirilməlidir. 

Elçin Axundzadə

Politoloq Elçin Axundzadə məsələ ilə bağlı AYNA-ya deyib ki, Rusiya sülhməramlı kontingentinin bu hərəkəti Qarabağda törədilən növbəti təxribatdan başqa bir şey deyil: “Bəzi dövlətlər Azərbaycanın 44 günlük müharibədə qələbəsini hələ də həzm edə bilmir. Müxtəlif təxribatlarla, üsullarla Azərbaycana təzyiq etmək, təsir altında saxlamaq istəyirlər. Xocalıda parad keçirilməsi təşəbbüsü təxribatların bir qoludur”.

“Ümumiyyətlə, sülhməramlılar funksiyalarına daxil olmayan işlərlə məşğul olurlar. Məsələ burasındadır ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. Həmsədr olaraq Rusiya sülhməramlıları bölgəyə sülhün qorunması üçün əsgər göndərə bilməz. Bu, qanunla zidiyyət təşkil edir. İndi Azərbaycana təzyiqlər edirlər ki, rəsmi Bakı BMT-yə müraciət etsin ki, Rusiya sülhməramlılarına beynəlxalq mandat verilsin. Məndə olan məlumata görə, Azərbaycana bu baxımdan kifayət qədər həm rəsmi şəkildə, həm də qeyri-rəsmi şəkildə təzyiq var. Bu baxımdan təxribatlar törədilir. Xocalı aeroportunda parada hazırlıq da bu təxribatlardan biridir”, – deyə politoloq bildirib.

Axundzadə vurğulayıb ki, Rusiya sülhməramlılarının beynəlxalq mandata ehtiyacı var: “Onlar bilirlər ki, 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, müvəqqəti olaraq Azərbaycan ərazilərindədirlər. Prezident dəfələrlə bildirib ki, burada heç bir dövlətin hərbi bazası olmayacaq, Rusiya sülhməramlıları müvəqqəti olaraq buradadırlar. Missiyaları bitdikdən sonra Azərbaycandan çıxarılacaqlar. Amma Rusiya sülhməramlılarının burada qalmaq istəklərini təxribatlarla həyata keçirməyə cəhd göstərirlər”.

“Sülhməramlılar Qarabağda sülh missiyasından başqa üzərlərinə həddən artıq çox funksiya götürürlər. Biz düşünməliyik ki, sülhməramlıları necə çərçivəyə salaq. Bunlara qarşı hansı tədbirlər görülməlidir ki, missiyalarından kənar çıxa bilməsinlər? Müharibə dövründə Rusiyanın hərəkətlərini məhdudlaşdırmaq, neytral qalmasını təmin etmək üçün Türkiyə faktorundan istifadə etdik. Rusiya məcbur qalıb müharibə dövründə neytrallığını qorudu. Hesab edirəm ki, indi sülhməramlıların qeyri-qanuni əməllərinin qarşısını almaq üçün tədbir ətrafında düşünmək lazımdır”, – deyə analitik fikirlərini tamamlayıb.

Azərbaycanda daha 2 Ordu Korpusu yaradıldı

Hərbi ekspert Ədalət Verdiyev isə məsələyə bir qədər fərqli yanaşır. O, AYNA-ya deyib ki, sülhməramlıların keçirmək istədiyi tədbir sırf Azərbaycana qarşı yönəlməyib: “Azərbaycan özü də İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü qeyd edir. Digər yandan, sözügedən tədbiri hərbi paradla qarışıq salmaq olmaz. Burada təntənəli hərbi keçiddən söhbət gedir, paraddan yox. Rusiya Ordusunun mövcud olduğu bütün ərazilərdə, hərbi hissələrdə, ölkə xaricində olan hərbi kontingentlərdə 9 Mayı həmişə belə qeyd edib. Burada elə bir ciddi məsələ yoxdur. Əksinə, bu, faşizm üzərində, o cümlədən Qarabağda heykəli ucaldılmış Qaregin Njdenin üzərində qələbənin qeyd edilməsidir”.

Ekspert onu da xüsusi vurğulayıb ki, istər hərbi parad, istər təntənəli yürüş, istər hansısa hərbi şəhərciklərin salınması olsun – bunların keçiriləcəyi yer, ərazi, məkan, say, bütün detallar Azərbaycanla razılaşdırılmalıdır: “Bu, başqa məsələdir. Rusiya Azərbaycan ərazisi kimi tanıdığı Xankəndidə təntənəli tədbir keçirmək istəyirsə, bu, mütləq Azərbaycan tərəfinin iştirakı ilə olmalıdır. Azərbaycan da Qarabağın azad edilməsində ciddi nailiyyət qazanmış hissələrdən birini həmin əraziyə göndərməlidir. Bizim həm Birinci Qarabağ müharibəsi, həm İkinci Dünya müharibəsi, həm də İkinci Qarabağ müharibəsi veteranları da bu tədbirlərdə fəxri qonaq kimi yuxarı başda əyləşməlidirlər. Əks halda, bu tip razılaşdırılmayan tədbirlər Azərbacan tərəfindən rədd edilməlidir. Bunlara qarşı ictimaiyyət də öz etirazını bildirməlidir”.

Sərdar Cəlaloğlu:

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun isə məsələyə yanaşması daha sərtdir. Partiya sədri AYNA-ya açıqlamasında bildirib ki, tez bir zamanda rəsmi Bakı ölkə ərazisində başqa bir dövlətin hərbi kontingentinin parad və ya yürüş keçirməsinə etirazını bildirməlidir.

Onun sözlərinə görə, sülhməramlı kontingent bu cür təxribatları həddini aşmaqdadır: “Bu, Azərbaycanın suverenliyinə birbaşa təhdiddir. Rusiyanın hərbçiləri mənim ərazimdə nəyə görə parad keçirməlidir?! Bu, sülhməramlı missiya deyil, işğalçı yanaşmadır. Ümumiyyətlə, məh hər zaman bildirmişəm ki, Rusiya Qarabağa sülhməramlı missiya ilə gəlməyib, işğalçılıq maraqları ilə gəlib. Bunun qarşısı alınmalıdır, müqavimət göstərilməlidir”.

“Hesab edirəm ki, onların bu cür qeyri-qanuni fəaliyyətləri səbəbindən Qarabağdan çıxarılmaları məsələsi gündəmə gətirilməlidir. Beş illik müddəti gözləməyə gərək yoxdur. Müharibənin aktiv fazasının başa çatması üçün zorla, təhdidlərlə Rusiya Ordusu Qarabağa soxuldu. İndi biz düşünməliyik ki, bunları ərazilərimizdən necə çıxaraq. Nə qədər zaman uzanarsa, o qədər Azərbaycanın əleyhinə olacaq. Paralel olaraq, müharibə dövründə bizə yardım edən, siyasi dəstək göstərən Türkiyə ilə hərbi əməkdaşlığı intensivləşdirməliyik. Düşünürəm ki, tezliklə işğaldan azad edilən ərazilərimizdə Türkiyənin hərbi kontingenti yerləşdirilməlidir”, – deyə Cəlaloğlu fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu