22 Dekabr 2024

Rusiyanın tanınmış həkimindən proqnoz: Qarşıdan daha fəlakətli pandemiya gəlir

Rusiyanın tanınmış virusoloqu Anatoli Alşteyn “quş qripi”nin yeni mutasiyasının pandemiyaya yol açacağı ehtimalını yüksək dərəcədə qiymətləndirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə “Zvezda” kanalına müsahibəsində söyləyib.

Anatoli Alşteyn heç kimin yeni pandemiyanın başlayacağı tarixi və nə qədər sürəcəyini bilmədiyini də deyib.

“Hazırda bunun üçün məşğul olan laboratoriyalar var və onlar daima quşlardakı qrip viruslarını izləməklə məşğuldurlar. Buna görə də xəstəliyin erkən mərhələdə aşkar olunacağı və buna qarşı peyvənd tapılacağı gözləniləndir”,-deyə rusiyalı həkim izləyiciləri sakitləşdirməyə çalışıb.

Lakin ölkənin digər aparıcı tibb mütəxəssislərindən sayılan Aleksandr Myasnikov daha bədbin əhval-ruhiyyədə görünür. Onun sözlərinə görə bəşəriyyəti koronavirusdan daha təhlükəli epidemiya gözləyir və onun nə vaxt peyda olacağını bilən də yoxdur.

“Koronavirus əslində bir məşq prosesidir, lakin ondan daha dəhşətlisi gələcək. Mən buna yüz faiz əminəm”, –deyə o qeyd edib.

Myasnikovun fikrincə, infeksiya iki yolla insanlara yoluxacaq. “Biz burada iki mutasiyadan danışa bilərik. Birincisi istər quş, istərsə də donuz olsun, qrip heyvandan insana keçəcək. İkincisi isə artıq insandan insana ötürüləcək”,-deyə o söyləyib.

Həkim Myasnikov bu səbəbdən yeni universal peyvəndin hazırlanması işlərinin sürətlənməsinin vacibliyini vurğulayıb.