23 Dekabr 2024

Rusiyadan ermənilərə növbəti tərs şapalaq: Kreml onların “status ümidləri”nin üzərindən birdəfəlik xətt çəkdi

Savaşın qanunları qalibin şərtlərini keçərli hesab edir. Ona görə də, ermənilər hər dəfə “Dağlıq Qarabağın statusu…” deyərək, cümlə qurmağa çalışdıqları an, son vaxtlar tez-tez baş verdiyindən artıq vərdiş etdikləri “tərs şapalaq”la üzləşirlər…

Rusiyalı politoloqlara görə, Azərbaycan Dağlıq Qarabağın tam nəzarət altına alınması ilə bağlı üçüncü mərhələyə başlayıb. Rəsmi Bakı bu ərazini daha hərbi və ya hətta siyasi-diplomatik yolla deyil, sadəcə, iqtisadi vasitələrlə, tədricən Dağlıq Qarabağın Azərbaycana inteqrasiya edilməsi ilə öz nəzarətinə qaytaracaq…

Rusiya xarici işlər naziri Sergey Lavrov isə Kremlin bu mövzu ilə maraqlanmadığına ehyam vuraraq, ermənilərə ATƏT-in imkanlarını sınamağı məsləhət görür. Prezident İlham Əliyevin “Sizi bura mən dəvət etməmişəm” deməklə, “yola saldığı” həmsədrlərin status mövzusuna hansı təsirinin ola biləcəyi ilə bağlı isə indi yalnız xəyallar qurmaq olar…

Ermənilər hərbi məğlubiyyətin nə qədər ağır və sarsıdıcı olduğunu anlayırlar. Ancaq biabırçı kapitulyasıyanın nəticələri ilə barışmaq istəmirlər. Və müxtəlif siyasi fırıldaqlarla bu çöküş durumundan müəyyən mənfəətlə çıxmağın yollarını axtarırlar.

Halbuki, savaşın öz qanunları var. Əgər, strateji hədəfə çatmaq istəyirsənsə, məğlub olmayacaqsan, nəyin bahasına olursa-olsun qalib gələcəksən. Əks halda, strateji hədəflərin kimsəni maraqlandırmaz.

Ermənilərin də xəyali hədəfləri boşa çıxıb. Bundan sonra kimsə onların hədəflərini ciddiyə almaz. Üstəlik, yersiz və mənasız xəyallar üzərində qurulmuş hədəflər uğur qazanmaz.

Çünki, savaşdan sonra bir qayda olaraq, şərtləri qalib tərəf irəli sürür. Məğlub tərəf isə qalibin bütün istəklərini yerinə yetirməyə məhkumdur.

Maraqlıdır ki, indi Ermənistan məhz bu durumdadır. Hərbi zəfər qazanmış Azərbaycanın bütün şərtləri qarşısında acizdir. Siyasi iradə göstərə bilmir, müqavimət gücü tapmır. Və rəsmi Bakının siyasi iradəsi ilə hesablaşmaq məcburiyyətində olduğunu anlayır.

Ona görə də, ermənilər öz iddialarını daha çox “əriyib, yox olmuş” rəsmi siyasi iradədən kənar səsləndirməyə çalışırlar. Bununla ümid bağladıqları hədəflərin aktuallığını qoruyub, saxlaya biləcəklərini düşünürlər.

Ancaq bu istiqamətdə də hansısa uğur qazana biləcəkləri artıq ciddi şübhə doğurur. Çünki ermənilər hər dəfə “Dağlıq Qarabağın statusu…” deyərək, cümlə qurmağa çalışdıqları an, son vaxtlar tez-tez baş verdiyindən artıq vərdiş etdikləri “tərs şapalaq”la üzləşirlər.

Ermənistana Azərbaycan ordusundan sonra ilk və ən ağır “tərs şapalaq” məhz Rusiya prezidenti Vladimir Putin tərəfindən vurulub. Bir müddət öncə Kreml sahibindən “Dağlıq Qarabağın statusu” soruşulduqda prezident V.Putin çox təmkinli tərzdə “Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Dağlıq Qarabağın müstəqilliyini heç Ermənistan özü də tanımayıb” cavabını vermişdi. Bu, Kreml sahibi tərəfindən dilə gətirildiyindən Rusiyanın rəsmi dövlət mövqeyi olduğu qətiyyən şübhə doğurmur.

Onu da qeyd edək ki, bəzi ermənilər də artıq bu reallığı anlayırlar. Bu iddiadan imtina etməyin vacibliyini vurğulayırlar. Buna misal olaraq, Rusiyada yaşayan erməni mənşəli kinorejissor Karen Şahnazaryanın fikirlərini göstərmək olar: “44 günlük savaşın mövcud nəticələri bir çox şeyləri kökündən dəyişdirdi. Bundan sonra ermənilər Dağlıq Qarabağın müstəqilliyi və ya hər hansı statusu barədə danışması yersizdir. İndi ermənilər son çıxış yolu kimi, Azərbaycanın tərkibində qalacaq Dağlıq Qarabağda dinc yaşamaq imkanlarından yararlanmaq barədə düşünməlidirlər”.

Təbii ki, erməni kinorejissor reallığı ifadə edir. Hətta K.Şahnazaryan bu reallıqla barışmaq istəməyənlərə alternativ variant da təklif edir: “Rəsmi Bakı Dağlıq Qarabağa hər hansı status verməyəcəyini bəyanlayıb. Bundan sonra status məsələsini ermənilərin xeyrinə həll etməyin tək bir yolu qalır. Yəni, Ermənistan yeni müharibəyə başlayıb, Bakını işğal etməlidirlər. Bu isə qətiyyən mümkün deyil”.

Göründüyü kimi, erməni mənşəli şəxslər belə, status mövzusunu artıq qapanmış məsələ hesab edirlər. Ermənilərin indiki hay-küyü mənasız cığallıq cəhdlərindən başqa bir şey deyil.

Rusiyalı politoloq Yevgeni Mixaylov isə “Qarabağ Azərbaycandır” deyə vurğulamaqla yanaşı, status mövzusunun  müzakirəsini mənasız məğlubiyyət hesab edir: “Mən həmişə Qarabağın Azərbaycana məxsus olması fikrinə əsaslanmışam. Onun statusunun müzakirəsi məna kəsb etmir”.

Belə anlaşılır ki, status mövzusuna artıq bəzi ermənilərdən başqa hamı mənasız və qeyri-ciddi məsələ kimi yanaşır. Üstəlik, gündəm tamamilə fərqli mövzular və geosiyasi perspektivlər müzakirə olunmaqdadır. Belə önəmli perspektivlərin ön planda olduğu bir mərhələdə isə “erməni kaprizləri” kimsəni maraqlandırmaz.

Yeni geopolitik mərhələdə cərəyan edən prosesləri və onun mümkün nəticələrini Kremlə yaxınlığı ilə diqqəti çəkən rus politoloq Sergey Markov maraqlı arqumentlərlə, daha proqmatik şəkildə təhlil edir. Onun fikrincə, rəsmi Bakı artıq Dağlıq Qarabağın tamamilə Azərbaycanın tərkibinə qaytarılması prosesinin üçüncü mərhələsinə start verib.

S.Markov vurğulayıb ki, birinci mərhələdə Azərbaycan şiddətli müharibə nəticəsində Ermənistanın işğalı altında olan ərazilərinin 40 faizini azad etdi. İkinci mərhələdə Azərbaycan artıq siyasi və diplomatik danışıqlarda öz müzəffər ordusunun təzyiqi ilə 30 faiz ərazini də hərbi əməliyyatlar aparmadan öz nəzarətinə qaytarmış oldu.

Rus politoloq hesab edir ki, hazırda 30 faiz ərazi Azərbaycanın nəzarətindən kənar qalıb. Rəsmi Bakı bu ərazini daha hərbi və ya hətta siyasi-diplomatik yolla deyil, sadəcə, iqtisadi vasitələrlə, tədricən Dağlıq Qarabağın Azərbaycana inteqrasiya edilməsi ilə öz nəzarətinə qaytaracaq”.

Bəli, hər kəs, hər şeyi demək olar ki, tam dəqiqliyi ilə görür, anlayır. Yalnız ermənilər ya anlamırlar, ya da sadəcə, anlamaq istəmirlər. Savaşdan öncəki ritorikalarına sadiq qalmağa çalışırlar. Halbuki, bu ritorika artıq keçmişdə qalıb, gələcəyə heç bir təsiri ola bilməz.

Erməni jurnalistin status barədə suallarına cavab verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov da onların son ümidlərini də dəfn edib: “Rusiyanın Dağlıq Qarabağı öz tərkibinə daxil etmək kimi bir fikri yoxdur. Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq kimi də bir fikri yoxdur”.

Təbii ki, S.Lavrov bu açıqlaması ilə ermənilərə Dağlıq Qarabağ ilə bağlı onları qane edəcək hər hansı variantın və çıxış yolunun olmadığını izah etməyə çalışır. Əslində, Rusiya xarici işlər nazirinin bu açıqlaması ermənilər üçün sarsıdıcı məzmun daşıyır. Çünki S.Lavrovun ermənilərə rəğbəti heç kəsə sirr deyil. Onların ümid bəsləyə biləcəyi ən son Rusiya təmsilçisi də belə konkret mövqe nümayiş etdirirsə, ermənilər üçün “status qatarı”nın artıq çoxdan getdiyini və hətta bir daha qayıtmayacaq bir məkanda, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi “cəhənnəm”də olduğunu düşünmək olar.

Əlbəttə, Rusiya xarici işlər naziri də yəqin ki, erməniləri dərindən məyus edəcək məzmunlu açıqlamaya həvəs göstərməzdi. Ancaq onun da başqa çıxış yolu yoxdur. Çünki “Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir” deyən Rusiya prezidenti Vladimir Putin bu məsələdə qətiyyətli mövqe tutur. Və Rusiya xarici işlər naziri də istər-istəməz Kreml sahibinin mövqeyi ilə uyğunlaşmaq məcburiyyətindədir: “Üçtərəfli bəyanatda Dağlıq Qarabağın statusu ilə bağlı heç bir şey qeyd edilməyib. Status ilə bağlı məsələni tərəflər özləri ATƏT-in vasitəçiliyi çərçivəsində nəzərdən keçirməlidir”.

Status məsələsinin artıq tarixə çevrildiyini S.Lavrovun bu iki cümləsi çox dəqiq şəkildə ifadə edir. O, xatırladır ki, üç ölkə rəhbəri Dağlıq Qarabağın statusu barədə hər hansı məsələ müzakirə etməyiblər, buna ehtiyac olmayıb və Ermənistanın baş naziri Nikol Paşinyan statussuzluq sənədini imzalayıb. Və Rusiya üçün heç bir əhəmiyyət daşımayan bu məsələdə geriyə yol yoxdur. S.Lavrov demək istəyir ki, Rusiya bu məsələ ilə daha heç vaxt məşğul olmayacaq, ancaq ermənilər istəsələr, ATƏT-in imkanlarını sınaqdan çıxara bilər.

ATƏT-in imkanları isə artıq hər kəsə məlumdur. Sonuncu dəfə Minsk Qrupu həmsədrlərini Azərbaycan Prezidenti İlham Əliyev “Sizi bura mən dəvət etməmişəm” deməklə, çox kübar şəkildə qovuşdu. İndi bu qurumun status mövzusunda hansı təsirinin ola biləcəyi ilə bağlı yalnız xəyallar qurmaq olar.   Ermənilər isə xəyal qurmağı dünyada hər kəsdən yaxşı bacarırlar…

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu