23 Dekabr 2024

Rusiyada xalq-hakimiyyət qarşıdurması bitdi?

Fikrət Yusifov: “Rus xalqının səbir kasası dolanda onu idarə etmək o qədər də asan olmur”

Rusiyada müxalifət lideri Aleksey Navalnıya dəstək aksiyalarına pauza verilib. Belə ki, Navalnının qərargahlarının şəbəkəsinin rəhbəri Leonid Volkov bu açıqlama ilə çıxış edib. Bildirib ki, aksiyaların yaza qədər təxirə salınması barədə qərar qəbul olunub.

Onun sözlərinə görə, hər həftə aksiyaların davam etməsi minlərlə insanın həbsi ilə nəticələnir. Təkcə ötən bazar günü keçirilən aksiyalarda 5 mindən çox insan saxlanılıb. Ümumilikdə isə saxlanılanların sayı 11 mindən artıqdır, Navalnı da bunu xahiş edir ki, aksiyalara yaza qədər pauza verilsin. Etiraz dalğası yüksək nöqtədə başa çatmalıdır.

Volkov onu da qeyd edib ki, Navalnının komandası onun azadlığa buraxılmasına nail olacaq və bu zaman xarici siyasət metodlarından istifadə olunacaq: “Aksiyalar gələcəkdə də davam edəcək, ancaq buna yaxşı hazırlaşmaq lazımdır. Dinc aksiyaların da müxtəlif formaları var”.

Lakin ölkədə hakimiyyət-xalq gərginliyi qalır.

Rusiyada xalq-hakimiyyət arasında gərginlik hara qədər davam edəcək, hara qədər inkişaf edəcək? Davam edən gərginliyin kökündə daha çox əhalinin iqtisadi vəziyyətinin ağırlaşdığı faktoru dayanır, yoxsa sırf Navalnı məsələsidir?

Fikrət Yusifov ile ilgili görsel sonucu

 Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı professor Fik Fikrət Yusifovrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Rusiyada baş verən son olaylar heç də yalnız Aleksey Navalnın həbsi ilə bağlı deyil: “Küçəyə çıxıb etiraz edənlərin dilindən Navalnıya azadlıq kimi şüarlar eşidilsə də, məsələ tək Navalnıda deyil, bu, Rusiya hakimiyyətinin yürütdüyü daxili və xarici siyasətdən bezmiş xalqın etirazıdır. Əgər Rusiyada əhalinin sosial durumunu bir qədər dərindən təhlil etsək, o halda asanlıqla görmək olar ki, rus xalqı sürətlə azalır və Rusiya hakimiyyəti bu vəziyyəti ölkəyə gələn miqrantların hesabına tənzimləməyə çalışır. Sovet İttifaqı dağıldıqdan sonra müstəqil dövlət kimi yaşamağa başlayan Rusiya Federasiyası müstəqilliyin ilk 10 ilində miqrantlara qarşı çox sərt bir siyasət sərgilədi. Bu siyasət 10 ildə Rusiya əhalisinin 10 milyon nəfər azalması ilə nəticələndi. Belə bir durum Rusiya hakimiyyətini çox ciddi narahat etdi və bu vəziyyəti tənzimləmək üçün ölkəyə ilk növbədə keçmiş İttifaq respublikalarından gələn miqrantlara ”yaşıl işıq” yandırdılar. Onların Rusiyada yaşayıb işləməsi və hətta ən qısa zaman ərzində vətəndağlıq alması kimi imtiyazlar müəyyən etdilər. Beləliklə, növbəti 10 ildə əhalinin sayını yenidən əvvəlki səviyyəyə yüksəldə bildilər.

Ancaq bəlli həqiqət budur ki, belə bir siyasət də özünü doğrultmur. Rusiyada qeyri-rusların sayı durmadan artır. Rus insanı yaşadığı çətin sosial durumda dünyaya övlad gətirmək istəmir. Ən yaxşı halda bugünkü rus insanı ailədə bir uşağın doğulmasına normal baxa bilir. Bu isə yetərli deyil. Bu gün Rusiyanın Moskva, Sankt-Peterburq və bir neçə başqa iri şəhərlərini çıxmaq şərtilə, digər yaşayış məntəqələrində və xüsusilə də əyalətlərdə yaşam tərzi olduğca acınacaqlıdır. Orta Rusiya əyalətlərində minlərlə kənddə insan qalmayıb, qalanlar isə gün ərzində içkili vəziyyətdə olan yaşlılardır. Bugünkü hakimiyyətə müxalif olan ruslar belə bir vəziyyətə ciddi etiraz edirlər. İnsanlar hakimiyyətin apardığı daxili siyasətin kökündə rüşvət və korrupsiyanın dayandığının fərqindədirlər. Ölkədə hüquq-mühafizə orqanları meydan sulayır və ən yaxşı sosial vəziyyətə də məhz onlar sahibdirlər. Sıradan bir polis və ya prokurorun və ya digər güc strukturu əməkdaşının ağılasığmaz bir villada yaşaması və ya ən bahalı avtomobilə sahib olması Rusiyada normal hal kimi hər kəsin gözü qarşısında baş verir. Rus insanı bütövlükdə böyük səbir sahibidir. Lakin o, haqsızlığa demək olar ki, ən az susan xalqlardan biridir. Rus insanının belə  haqsızlıqlar qarşısında səbri artıq tükənib”.

F.Yusifov qeyd etdi ki, Rusiyanın tarixində belə hallar az olmayıb: “Bu xalqın səbir kasası dolanda onu idarə etmək o qədər də asan olmur. Yəqin Rusiyadakı son etiraz aksiyaları zamanı insanların polislə necə əlbəayaxaya çıxdığı videogörüntülər heç kimin diqqətindən qaçmayıb. Rus insanı onun fərqindədir ki, ölkədə vətəndaşlar səfalət içində yaşadığı halda, hakimiyyət Suriyada, İraqda, Liviyada, Ukraynada, Azərbaycanda, Gürcüstanda, Moldovada və dünyanın başqa yerlərində hərbi əməliyyatlar keçirir, yeni torpaqlar zəbt etməyə çalışır. Dünyada ən böyük əraziyə və ən böyük təbi zənginliklərə sahib olmasına baxmayaraq, Rusiya yeni torpaqlar zəbt etmək xəstəliyindən xilas ola bilmir. Öz ərazilərində insanları ac-yalavac yaşadan bir hakimiyyətin başqa ölkələrin ərazisində milyardlarla dollar xərcləməsi rus xalqına nə fayda gətirir? Bax, normal düşünən rus insanı bütün bu dediklərimizin fərqindədir. Bu böyüklükdə enerji və başqa resurslara sahib bir ölkə imperiya ambisiyaları diaqnozlu xəstəlik səbəbindən öz vətəndaşlarını səfalət içində yaşadır. Belə xislətə sahib olan Rusiya artıq illərlərdir Qərbin sanksiyaları məngənəsində boğulur. ABŞ-ın yeni prezidentinin Rusiyanın dünyada apardığı işğalçı siyasətə münasibəti olduğca neqativdir”.

Ekspertin sözlərinə görə, Rusiyanı indi çox ciddi sanksiyalar gözləyir. Belə sanksiyalar sırasında bu ölkəni beynəlxalq hesablaşmaların aparıldığı SWİFT sistemindən çıxarmaq qədər Rusiya üçün əsl fəlakətə səbəb ola biləcək sanksiyanın tətbiq edilməsi gözlənilir: “Bütün bu sadaladıqlarımız fonunda qışın 50 dərəcə soyuğunda küçəyə çıxıb hakimiyyətin apardığı daxili və xarici siyasətə etiraz etməyi bacaran insanların qarşıdan gələn isti aylarda daha ”isti” davranacaqları şübhəsizdir.

Bu ilin sentyabr ayının 19-da Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək. Öncəki seçkilərdə qalib gəlmiş və dumada 450 yerdən 343-nə, yəni 76%-dən çoxuna sahib olmuş hakim partiya budəfəki seçkilərdə Dumada Konstitusiya ilə müəyyən olunmuş minimal hədd sayılan 301 yeri saxlaya biləcəkmi? Seçkilər şəffaf keçirilməzsə, artıq ayağa qalxmış xalq nə edəcək? 2024-cü ilə planlaşdırılan prezident seçkilərinin taleyi necə olacaq? Düşünürəm bütün bu sualların cavabını yaxın aylarda ala biləcəyik”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”