23 Dekabr 2024

Rusiya və Azərbaycan Paşinyanı niyə hakimiyyətdə saxladı: Ermənilərin qorxduğu sənəd çoxdan imzalanıb

Erməni keşişləri və biznesmenləri baş nazir Nikol Paşinyana Moskva görüşü barədə sərt xəbərdarlıqlar edirlər. Ancaq unudurlar ki, bundan sonra “geopolitik zarafatlar”, provakativ “siyasi yallı” mərasimləri qorxunc nəticələr verə bilər…

Rəsmi Bakı baş nazir Nikol Paşinyanı devrilmək təhlükəsindən yayındıra bilmək üçün Rusiya ilə birlikdə ona müəyyən qədər zaman verməyi üstün tutdu. Nəticədə o, hakimiyyətini nisbətən möhkəmləndirə bildi…

İndisə, imzalanmış sənədlərin, onun öz üzərinə götürdüyü öhdəliklərin intensiv icra mərhələsi başlayır. Azərbaycanın “dəmir yumruğu” isə bu dəfə həm Ermənistanın, həm də baş nazir Nikol Paşinyanın başı üzərində hazır vəziyyətdədir…

Növbəti mərhələ başlayır. Bu mərhələdə bir çox sualların cavabı tapılacaq. Cənubi Qafqazda bundan sonrakı geopolitik proseslərin hansı şərtlərlə yüklənəcəyi dəqiqləşmiş olacaq.

Bu baxımdan, növbəti üçtərəfli görüşün nəticələri böyük önəm daşıyır. İki ay əvvəlki görüşdə Ermənistan biabırçı kapitulyasiya imza atmaq məcburiyyətində qalmışdı. İndi nə olacaq, hansı yeni sənədlər imzalanacaq?

Ermənistanda bir çoxları bu görüşdən narahat və narazıdır. Anlayırlar ki, bu görüşdə Ermənistan üçün hərbi-siyasi üstünlük qazanmaq şansı yoxdur. Strateji hədəflər də xəyallardan uzağa getmir. Və şərtləri rəsmi İrəvan deyil, Moskva-Bakı cütlüyü müəyyən edir. Ermənistana isə sadəcə, icraçı rolu ayrılıb.

Bəli, savaşın belə “kapriz”ləri olur. Bir hədəfə yönələrsən, məğlub olduqda başqa şərtlər ilə qarşılaşarsan. Məğlublarla kimsə hesablaşmaz. Tələblər irəli sürülər, mütləq yerinə yetirilməsi istənər.

Ermənistan da hazırda məhz bu durumdadır. Həm Azərbaycanın, həm də Rusiyanın diqtəsinə boyun əyməyə məcburdur. Ona görə də, əksər erməni siyasi dairələri Paşinyana Moskva səfərindən imtina etməyi məsləhət görürdülər.

Halbuki, bu, çox təhlükəli “zarafat” olardı. Çünki artıq “zarafat” zamanı deyil. O dövr iki ay əvvəl sona çatıb. Bundan sonra “geopolitik zarafatlar”, provakativ “siyasi yallı” mərasimləri qorxunc nəticələr verə bilər. Xüsusilə də, Ermənistanın qarşısında Rusiya və qalib Azərbaycan olduğundan rəsmi İrəvan hər “kapriz”ini dəfələrlə düşünməlidir.

Artıq bu reallıq erməni diasporu tərəfindən də qəbul olunmalıdır. Ara Abramyan kimi müqavimət göstərməyə çalışılmamalıdır. Onun Nikol Paşinyana ünvanladığı xəbərdarlıq əslində, Ermənistan üçün təhlükəli nəticələr doğura bilər: “Erməni icması baş nazir Nikol Paşinyanın istefasını gözləyir, Moskvaya səfərini yox… İndi siz niyə və nə ilə Rusiyaya gəlirsiniz? Siz yenə hansı sənədi  imzalamağa hazırlaşırsınız və başqa nələri şifahi şəkildə razılaşdıracaqsınız?”

Erməni keşişlər də dinc durmurlar. “Suyu bulandırıb”, aranı qarışdırmağa çalışırlar. Hələ də özlərini söz sahibi hesab edərək,  baş nazir Nikol Paşinyanın üzərindən regional proseslərə təsir edə biləcəklərini düşünürlər. Hər halda, Kilikiya erməni katalikosluğunun Nikol Paşinyana xəbərdarlığı keşişlərin zamanın və proseslərin nə qədər sürətlə dəyişdiyindən xəbərsiz olduqlarını göstərir.

Keşişlər erməni baş nazirdən tələb edirlər ki, o, Moskvada baş tutacaq görüşdə hər hansısa bir müqaviləyə imza atmasın. Bu müqavilə Ermənistanın müstəqilliyinin sual altına düşməsi ilə nəticələnə bilər.

Sən demə, keşişlər Ermənistanı hələ də müstəqil dövlət hesab edirlərmiş. Onların ordusuz qalmış Ermənistanın sosial-iqtisadi problemlər içərisində boğulmaqda olduğundan xəbərsizmişlər…

Keşişləri anladıq. Onlar erməni faşizminin xəyal istehsalçılarıdır. Amma analitiklər və politoloqlar ilk növbədə reallığı doğru dəyərləndirməyi bacarmalıdırlar, proqmatik mövqedən çıxış etməlidirlər. Halbuki, “Ayatsk” analitik mərkəzinin direktoru Anna Karapetyanın 11 yanvar görüşü ilə bağlı iddialarında bu məqamlar qətiyyən nəzər çarpmır.

Çünki, Anna Karapetyan iddia edir ki, guya baş nazir N.Paşinyan üç önəmli məsələ – yeni ərazilərin Azərbaycana verilməsi, Naxçıvanla dəhlizin açılması və Ermənistan silahlı qüvvələrinin Qarabağdan tam çıxarılması ilə bağlı sənədlərə imza atacaq.

Bütün bunlar yəqin ki, reallığı qəbul etmək çətinliyindən və ya hələ də baş verənlərin nəticələrini doğru-düzgün anlaya bilməməkdən qaynaqlanır. Amma daha doğru açıqlamanı isə məhz baş nazir N.Paşinyanın mətbuat katibi verib: “Moskvada keçiriləcək üçtərəfli görüşdə Qarabağ və ya ərazi məsələləri ilə bağlı sənədlərin imzalanması nəzərdə tutulmayıb”.

Əlbəttə, bu açıqlama ilk növbədə Ermənistan cəmiyyətində narazılığın nisbətən azaldılmasına hesablanıb. Ancaq müəyyən mənada, həqiqətdən o qədər də uzaq görünmür.

Məsələ ondadır ki, əslində, üç ölkə arasında lazım olan bütün anlaşmalar artıq çoxdan imzalanıb. Hətta icrasına da başlanıb. İndi sadəcə, icra prosesinin necə getdiyi, növbəti mərhələdə hansı addımların atılmasınının vacibliyi dəqiqləşdirilə bilər.

Məsələ ondadır ki, Rusiya Azərbaycan və Ermənistanı savaş meydanında baş-başa buraxanda müharibənin necə nəticələnəcəyini ermənilərdən daha yaxşı bilirdi. Eyni zamanda, Azərbaycan da işğal altında olan ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlayanda qalib gələcəyinə əvvəlcədən tamamilə əmin idi.

Ona görə də, böyük ehtimalla Ermənistanın imzalamalı olduğu biabırçı kapitulyasiya sənədi də savaşın sona çatmasına qədər artıq hazırlanmışdı. Məzmunu isə regionda xüsusi maraqları olan Rusiya, hərbi qələbəsi savaş başlamadan öncə ermənilərdən başqa hər kəsə məlum olan Azərbaycan və yeni regional oyunçu Türkiyə arasında razılaşdırılmışdı. Sadəcə, Ermənistan darmadağın edildikdən sonra həmin sənədə imza atmaq məcburiyyətində qalacaqdı.

Əks halda, Şuşanın işğalından dərhal sonra, cəmisi bir neçə saat ərzində belə bir kapitulyasiya sənədinin hazırlanması mümkün olmazdı.

Bütün bunları nəzərə aldıqda, ehtimal etmək olar ki, 10 noyabrda əslində, geniş və detallı bir kapitulyasiya sənədi imzalanıb. Orada tərəflərin bütün öhdəlikləri və şərtləri ən incə məqamlarına qədər öz əksini tapıb. Sadəcə, imzalanma mərasimində kapitulyasiya sənədini ümumiləşdirən tezislər ictimailəşdirilib.

Məsələn, Anna Karapetyanın dediyi hər üç məsələnin icrası istiqamətində müəyyən addımların atılması da bu ehtimalı təsdiqləyir. A.Karapetyanın iddiasında yer alan “yeni ərazilər” Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya prosesidir. Və intensiv şəkildə icra olunur. Naxçıvan dəhlizinin açılması istiqamətində də konkret addımlar atılır.

Ermənistan silahlı qüvvələrinin Qarabağdan tam çıxarılmasına gəldikdə isə buna hansısa sənədin imzalanmasına ehtiyac varmı? Qarabağ Azərbaycan ərazisidir. Və orada Ermənistan silahlı qüvvələrinin nə işi ola bilər? Bəlkə, Ermənistan Azərbaycan ərazisində hərbi baza saxlamaq istəyir?

Əgər, Ermənistanda bunun mümkünlüyünə inananlar varsa, bu, çox gülməlidir. Azərbaycan ərazisində heç bir xarici ölkə rəsmi Bakının icazəsi olmadan hərbi qüvvə yerləşdirə bilməz. Və artıq terrorçu statusu qazanmış erməni silahlıları da bölgəni ya xoşluqla, ya da zorla ən qısa zamanda tərk etməli olacaq.

İndiyə qədər rəsmi Bakı bu və buna bənzər problemlərə mümkün qədər səbirlə yanaşmağa çalışıb. Çünki yenicə bitirmiş savaşdan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi üçün bu düşmən ölkədə hakimiyyət dəyişikliyini əngəlləmək vacib idi. Rəsmi Bakı da baş nazir N.Paşinyanı devrilmək təhlükəsindən yayındıra bilmək üçün Rusiya ilə birlikdə ona müəyyən qədər zaman verməyi üstün tuturdu. Nəticədə baş nazir Nikol Paşinyan hakimiyyətini nisbətən möhkəmləndirə bildi.

Düzdür, rəsmi Bakı əvvəllər də baş nazir N.Paşinyana zaman tanıyıb. Ancaq o, ikitərəfli anlaşmaları hər dəfə pozub. Ancaq bu dəfə durum fərqlidir. Azərbaycanın “dəmir yumruğu” bu dəfə həm Ermənistanın, həm də baş nazir N.Paşinyanın başı üzərində hazır vəziyyətdədir.

Bu baxımdan, 10 noyabr anlaşmasının tam şəkildə və intensiv olaraq, yerinə yetirilməsi üçün növbəti mərhələyə start verilib. Böyük ehtimalla Moskva görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Kreml sahibi Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan növbəti mərhələdə qarşıda duran əsas məsələləri dəqiqkəşfirəcəklər. Və bu prosesə hansısa keşiş, ya da erməni biznesmen mane ola bilməz.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu