21 Noyabr 2024

Rusiya-Ukrayna müharibəsi 6-cı aya girdi: sürünən savaşın taleyini həll edəcək gün

Pentaqon bəyan edib ki, döyüşlər həlledici fazaya daxil olub, ABŞ-ın verdiyi yeni raketlərə görə Moskva diş qıcayır, Lavrov işğalın miqyasını genişləndirməklə hədələyir – ekspert şərhi

İyulun 24-də Rusiyanın Ukraynaya hərbi təcavüzə başlamasının 5 ayı tamam olur. Belə bir ərəfədə – iyulun 20-də “Ramşteyn” formatı çərçivəsində ABŞ-ın patronajlığı altında Ukrayna üzrə Təmas Qrupunun 4-cü iclası keçirilib.

“Yeni Müsavat” yazır ki, iclasda Kiyevə daha müasir Amerika qırıcılarının verilməsi məsələsinə baxılıb. Həmçinin yeni hücum silahları, o cümlədən F-16-lar məsələsi diqqət mərkəzində olub. Bu qəbil silah-sistemlər isə müharibədə ciddi dönüş yarada və nəinki müharibənin, hətta Rusiyanın taleyini həll edə bilər. Pentaqon başçısı Loyd Ostin isə qeyd edib ki, Ukraynada müharibə həlledici fazaya daxil olub. Görünür, bütün bunları ciddiyə alan Rusiya xarici işlər naziri  Sergey Lavrov hədələyici tonda “xüsusi əməliyyat” coğrafi məqsədləri, o cümlədən Kiyevə “HİMARS” sistemlərinin tədarükü səbəbindən dəyişib. Onun sözlərinə görə, Qərb Kiyevi uzaqmənzilli silahlarla təmin edərsə, “əməliyyatın” coğrafi hədəfləri indiki xətdən uzaqlaşacaq. Yəni “dnr” və “lnr”dən kənar ərazilərin işğalına start veriləcək.

Erməniəsilli telejurnalist Marqarita Simonyan da Lavrovla bu mövzuda uzun-uzadı söhbət apardığını təsdiqləmişdi. Simonyan qeyd edir ki, müharibənin harada dayanacağı bəlli deyil, lakin Lavrovun cavabları onu razı salıb, məqsəd Ukraynanın içərilərinə doğru irəliləməkdir, yeni Rusiya-Ukrayna sərhədini Lvov ətrafında müəyyənləşdirməkdir. Bu, Kremlin ağzı ilə danışan və elə XİN rəhbərinin sözünü çatdıran erməni telejurnalistin onlardan gətirdiyi mesajdır. Rusiya rəhbərliyi “Ramşteyn” zirvəsi fonunda hədəflərini Qərb koalisiyasının diqqətinə çatdırır. Üstəlik, Simonyan etiraf edir ki, Ukraynaya verilən yeni raketlər Rusiyanı hərbi əməliyyatlarda korrektə etməyə məcbur qoyub. Habelə, Kremlin digər təbliğat ruporu olan telejurnalist Vladimir Solovyov da bildirir ki, artıq döyüşlər üzrə 4 general təlimatlandırılıb. Onların sırasında Qarabağdakı hərbi kontingentin keçmiş komandanı Rüstəm Muradov da var. Kəsəsi, Putin tələsir və nəticə tələb edir.

Almaniya kansleri Olaf Şolts isə bildirib ki, Ukraynadakı münaqişə “Rusiyanın şərtləri” ilə həll olunarsa, Moskvaya qarşı heç bir sanksiya götürülməyəcək. O, həmvətənlərini benzin, ərzaq və elektrik enerjisinin qiymətlərində artıq baş vermiş artıma baxmayaraq, sanksiyalar siyasətinin uzunmüddətli nəticələrinə hazır olmağa çağırıb. Siyasətçinin fikrincə, alman xalqı beləcə, Ukrayna ilə həmrəylik nümayiş etdirəcək və öz təhlükəsizliyinin qayğısına qalacaq. Kansler Rusiyanın Alyans ərazisinə hücumunu istisna etmədiyini də deyib. Onun sözlərinə görə, Berlin lazım olduğu qədər Ukraynanı dəstəkləyəcək.

Yeri gəlmişkən, Böyük Britaniyanın istefa vermiş və oktyabra qədər formal olaraq vəzifəsini icra edən baş naziri Boris Conson hökuməti də gedərayaq Ukraynaya növbəti hərbi yardım paketi elan edib. Bura 20-dən çox M109 özüyeriyən artilleriya qurğusu, 36 ədəd L119 topu, düşmən artilleriyasının koordinatlarını müəyyən edən radarlar, yüzlərlə PUA (o cümlədən zərbə dronları), 1600 ədəd antitank silahı, Ukraynada sovet dövründən qalmış artilleriya üçün 50 mindən çox mərmi daxildir. Yardımın həcmi 1 milyard funt-sterlinq təşkil edir.

Taliban Azərbaycana təhlükədirmi? -Şahin Cəfərli yazır

Şahin Cəfərli

Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, Ukrayna Hərbi Hava Qüvvələrinin NATO standartlarında yenidən formalaşdırılması məsələsi gündəmə gəlib: “ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi Çarlz Braun bildirib ki, Qərb ölkələri Ukraynaya 4-cü nəsil döyüş təyyarələri göndərə bilər. O, ”Eurofighter Typhoon” (Britaniya), “Rafale” (Fransa) və “Gripen” (İsveç) təyyarələrini mümkün variantlar arasında qeyd edib. ABŞ-ın hərbi hava qüvvələri naziri Frenk Kendall isə Ukraynaya “A-10 Thunderbolt” təyyarələrinin verilməsi ilə bağlı müzakirələrə açıq olduqlarını bəyan edib. Konqresdə hərbi büdcə qanununa edilən düzəlişə əsasən ukraynalı pilotların təlimi üçün 100 milyon dollar ayrılması nəzərdə tutulub. Pentaqon və CİA rəhbərlərinin Ukrayna savaşına dair  açıqlamaları da önəmlidir. Onlar deyiblər ki, Rusiyanın öz resurslarına güvənərək Ukraynanın daha tez tükənəcəyini və Qərbin bu ölkəyə dəstəyini sürdürməyəcəyini güman etməsi Putinin bu müharibə ilə bağlı növbəti səhvidir. Bu açıqlamalar təsadüfən, yaxud hansısa gündəlik zərurət səbəbindən səsləndirilmir və qəbul olunmuş srateji qərarlardan irəli gəlir”.

Təhlilçi xatırladır ki, Qərb, (üstəgəl Yaponiya) sonuncu zirvə toplantılarında mövqeyini konkretləşdirib: ““G-7″ zirvəsində Rusiyanın qələbəsinə imkan verməmək və Ukraynaya nə qədər lazımdırsa o qədər maddi və hərbi dəstək göstərmək. NATO zirvəsində isə Ukrayna ordusunun NATO standartlarına keçirilməsi barədə strateji qərarlar qəbul edib. Görürük ki, bu qərarlara uyğun olaraq Ukraynanın mərhələli silahlandırılması prosesində ”planka”nı getdikcə qaldırırlar. İlk baxışdan bu prosesin yavaş getdiyi təəssüratı yaransa da, müharibənin 5-ci ayında Ukraynanın 4-cü nəsil NATO döyüş təyyarələri ilə təchizatının gündəmə gəlməsi əslində tektonik bir sıçrayışdır. Təbii ki, bu proses üçün müəyyən zaman lazım olacaq. Rusiya yaşı Putinin yaşından çox olan köhnə sovet hərbi texnikalarını konservasiyadan çıxarıb, savaş meydanına daxil edərkən Ukrayna yüksək dəqiqliyə malik müasir raket-artilleriya sistemləri və mərmilərlə təchiz olunur. Rusiya bu savaşın enişdə, Ukrayna isə yüksəlişdə olan tərəfidir. Bu, artıq döyüş meydanında da özünü göstərir”.

Onun fikrincə, Severodonetsk-Lisiçansk çıxıntısını çox ağır itkilər hesabına ələ keçirdikdən sonra (Pirr qələbəsi) rus ordusunun hücum potensialının tükənməyə başladığı hiss olunur: “Şübhəsiz ki, HİMARS və M-270-lərin gəlməsindən sonra Ukrayna ordusunun düşmənin sursat anbarlarını, komanda məntəqələrini, kazarmalarını, kommunikasiyalarını bir-bir məhv etməsinin cəbhədəki vəziyyətin stabilləşdirilməsində çox böyük rolu var. Ukrayna komandanlığı Xerson və cənubdakı digər ərazilərin işğaldan azad olunması üçün müvafiq zəmin və platsdarm hazırlığı istiqamətində hərəkətə keçib. Amma strateji xarakterli hücum əməliyyatına başlamazdan əvvəl rus ordusunun təchizatının gerçəkləşdirildiyi logistik infrastruktur sıradan çıxarılır ki, düşmən Kiyev ətrafından və İlan adasından çəkilərkən olduğu kimi, bu dəfə də ”xoş məram” nümayiş etdirərək özü Xersondan çəkilmək zorunda qalsın. Bu olmadıqda isə onun müqavimət imkanları məhdudlaşdırılsın”.      

Ş.Cəfərli onu da düşünür ki, Putin müharibəyə başlayarkən Ukraynanın demilitarizasiyasını əsas hədəf kimi qoymuşdu, amma Ukrayna bu savaşın sonunda daha da militaristləşmiş bir dövlət olacaq: “Avropa Birliyi kimi qitədə postmüharibə dövrünün qeyri-militarist institusiyası Ukraynaya indiyədək silahlanma məqsədilə 2,5 milyard avro ayırıb. Avropa ölkələrinin verdiyi milyardlarla avroluq silah-sursat bura daxil deyil, ABŞ-ın hərbi yardımının məbləği 7 milyard dolları aşıb. Hələ nəzərə almaq lazımdır ki, lend-liz qanunu işə düşməyib, Ukraynanın silahlandırılması cari maliyyə ili üçün Konqres tərəfindən prezidentin öhdəsinə verilmiş 40 milyard dollarlıq fondun vəsaitləri çərçivəsində həyata keçirilir. Lend-liz isə oktyabrda başlayacaq yeni maliyyə ilində işə düşəcək. Müharibədən sonra Ukraynanın NATO-ya qəbulu qaçılmaz perspektiv kimi görünür, çünki Rusiyanın qarşısına 700 minlik (digər güc strukturları ilə birlikdə 1 milyonluq) silahlı qüvvə çıxaran və onunla şir kimi döyüşən belə bir resursu əldən buraxmaq ağla və məntiqə zidd olardı”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”