08 Fevral 2025

Rusiya ilə 2022-ci il Müttəfiqlik sənədinə yenidən baxıla bilər…

Belə məlum olur ki, Rusiyanın təyyarə qəzası ilə bağlı Azərbaycanın gözlədiyi və açıq tələb etdiyi addımları atmaq fikri yoxdur.

Artıq Kreml rəsmən bəyan edib ki, Putin Azərbaycan təyyarəsi ilə bağlı çıxış etmək niyyətində deyil.

Bu mövzuda Rusiyadan hələlik eşitdiyimiz son mövqe qara qutular barədə Qazaxıstan DİN-in açıqladığı ilkin hesabata Kremlin və “Rosaviasiya”nın rəyidir. Qazaxıstanın açıqladığı hesabatda təsdiqləndi ki, təyyarəmizdə heç bir texniki nasazlıq olmayıb, kənar müdaxilə olub, iki zərbə dəyib, təyyarənin naviqasiya sistemi sıradan çıxarılandan sonrakı 8 dəqiqə ərzində vurulub, 8 dəqiqə sonra “Kovyor rejimi” barədə məlumat verilib ki, pilotlarımız da bunu çox güman ki, bilməyiblər, çünki o dəqiqələrdə onların naviqasiya və rabitə sistemi artıq itirilmişdi, təyyarəmiz Qroznı limanına ikinci uğursuz eniş cəhdindən sonra Bakıya geri qayıtmaq kursunu elan edib və hər şey də bundan sonra baş verib.

AZAL SON.png (680 KB)

Hər şey aydın olsa da, Rusiyadan ilkin hesabata 2 reaksiya gəldi. Peskov bəyan etdi ki, Kreml olaraq hesabata münasibət bildirilməyəcək, çünki müvafiq orqanlarımızın araşdırmasını gözləyirik. Digər reaksiyanı isə “Rosaviasiya” etdi ki, ilkin hesabatda hadisənin səbəbləri barədə nəticə yoxdur və ikinci yekun hesabatı gözləməliyik.

Dostlarıma deyim ki, Çikaqo Konvensiyasına görə belə hallarda yekun hesabat hadisədən sonrakı 1 il ərzində açıqlanır. Demək, Rusiyada yekun hesabatın 1 ildən sonra ediləcəyinə stavka olunur.

Məlumatlara görə, Rusiya Azərbaycanın ciddi tələblərindən biri olan müqəssir şəxs(lər)in cəzalandırılması yönümündə yox, raketin Rusiyadakı hansı hərbi hissədən atılmasının müəyyən olunması yönümündə iş aparır. Demək, müqəssirlərə hələlik konkret cinayət işinin açılması niyyəti yoxdur. Halbuki bu, çox vacib məsələdir. Azərbaycandan üzr istənilməsindən və kompensasiya ödənişindən də vacib budur.

Ancaq Rusiya təəssüf ki, vacib olanı icra etmək əvəzinə, yalnız məsuliyyətdən yayınmaq haqda düşünür…

Müttəfiqliyə və perspektiv yaxınlığa uyğun olmayan mövqedir.

Hadisələr 2022-ci il Müttəfiqlik sənədinə yenidən baxılmasına qədər inkişaf edə bilər…

QULİYEV.jpg (37 KB)

Aydın Quliyev,
“Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi