Rusiya Bakıdan o məhsuldan milyonlarla istəyir
Ekspertlər hesab edir ki, yumurta istehsalı artırılsa, ixrac problemi də olmayacaq, qıtlıq da…
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və “Rosselxoznadzor” arasında əldə edilmiş razılaşmaya görə Azərbaycandan Rusiyaya yumurta ixrac olunmalıdır. Rusiyada yumurta qıtlığı yaranıb, qiymətlər qalxıb. Ölkə qıtlığın aradan qaldırılması üçün Azərbaycandan da yumura almağı planlaşdırır. Bu çərçivədə Bakıda Azərbaycanda yumurta istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) xarici ölkələrə yumurta ixrac edən sahibkarlarla görüş olub. “Yeni Müsavat” xəbər verir ki, görüşdə agentlik sədrinin müavinləri Balarəhim Quliyev, Əziz Şərifov, agentliyin şöbə müdirləri və sahibkarlar iştirak edib.
Müzakirə zamanı xarici ölkələrə yumurta ixracı sahəsindəki vəziyyət bir daha nəzərdən keçirilib. Həmçinin AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında əldə edilən razılaşmaya uyğun olaraq, respublikamızdan bu ölkəyə yumurta ixracının təşkil edilməsi ilə əlaqədar məsələlər müzakirə olunub, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Sahibkarlar mövcud qanunvericilik və tələblər barədə məlumatlandırılıb. Eyni zamanda bu sahədə mövcud olan imkanlar və gələcək perspektivlər nəzərdən keçirilib. Görüşdə sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
AQTA iddia edir ki, “Rosselxoznadzor” və AQTA arasında əldə edilmiş razılaşma Rusiya Federasiyasına yumurta məhsulu ixracı baxımından böyük iqtisadi imkanlar yaradacaq, təsərrüfatların genişlənməsinə və daha da inkişafına gətirib çıxaracaq.
Qeyd etmək yerinə düşər ki, ötən aylarda ölkədə yumurtanın qiymətində kəskin artım qeydə alınmışdı. Dövlət Statistika Komitəsinin də məlumatına əsasən, cari ilin oktyabr ayında sentyabr ayına nisbətən yumurtanın istehlak qiyməti 8,7 faiz bahalaşıb. Hazırda kənd yumurtasının qiyməti 35-40 qəpikdir. Bəs Rusiyaya yumurta ixrac edilərsə, bu, qıtlığa, yaxud qiymətin artmasına səbəb olmayacaq ki?
“Yeni Müsavat” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-oktyabr aylarında yumurta istehsalı 10,5 faiz artıb. Cari ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 57.5 min ton (keçən ilin yanvar-sentyabr aylarında 59.2 min ton) quş əti istehsal olunub. 9 ayda 764.5 milyon ədəd (keçən ilin yanvar-sentyabr aylarında 599.4 milyon ədəd) yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 11 523.5 min baş olmuş, yanvar-sentyabr aylarında hər yumurtlayan toyuqdan orta hesabla 194 ədəd yumurta alınıb.
Eldəniz Əmirov
İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda Rusiyaya yumurta ixracı üçün atılımalı olan birinci addım Azərbaycanda yumurta istehsalının artırılmasıdır. Ona görə ki, daxili tələbat və ölkədə istehsal olunan yumurta həcmi arasında fərq çox deyil: “Fərq var. Bu, gündəlik olaraq təxminən 1 milyon ədəddir. Yəni Azərbaycanda gün ərzində təqribən 4.5 milyon ədəd yumurta istehsal olunur. Daxili tələbatımız isə 3.6 milyon nəzərdə tutulur. Göründüyü kimi, ortada 1 milyon ədədlik ixraca istiqamətlənəcək bir ehtiyat qalır. Nəzərə alsaq ki, bu gün Azərbaycanda gündəlik tələbat 3.5-3.6 milyon ədəd olsa da, amma bu tələbat getdikcə artır. Həm menyunun zənginləşməsi, həm əhali artımı və digər istiqamətlərdə istifadə baxımından tələbat getdikcə artır. Buna görə də gündəlik 1 milyon yumurta Rusiya kimi ölkəyə ixrac üçün kifayət qədər həcm deyil. Rusiyanın idxal potensialı daha çoxdur. Buna görə də Azərbaycan yumurta istehsalını artırmalıdır. Düzdür, artım var, misal üçün, 2023-cü ilin ilk 9 ayı ərzində yumurta istehsalı 27 faizdən çox artıb. Amma sonrakı müddətdə, 10 ayda bu həcm 10 faizədək aşağı düşüb, yəni 10 faiz artıb.
İstehsalın artırılması üçün nə etmək lazımdır. İxracı artırmaq üçün birinci istehsalı artırmaq lazımdır. İstehsalı artırmaq üçün isə yumurta istehsalı üçün əlavə şəraitin yaradılmasına, stimullaşdırıcı tədbirlərə, quşçuluq təsərrüfatlarının genişləndirilməsi üçün yeni torpaq sahələrinin, ərazilərin ayrılmasına ehtiyac var”. Ekspert əlavə edib ki, quşçuluq təsərrüfatları ölkədə rəqabətin olduğu sahədir: “Buna görə də bu sahədə istehsal daxili tələbatı ödəyir. Bu özünü bir daha göstərir ki, rəqabət olan sahə ölkə üçün uğurludur. Quşçuluq sahəsini də ölkənin uğurlu iqtisadı sektorlarından biri hesab edirəm. Ona görə də bu istiqamətdə fəaliyyətin genişləndirilməsi üçün torpaq sahələrinin ayrılmasına ehtiyac var. Eyni zamanda sonrakı proseslərdə istehsal həcmi artdıqca Rusiyanın iri ticarət şəbəkələri ilə birbaşa əlaqələrin qurulması labüddür”.
Mürvət Həsənli
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, ölkədə hazırda kifayət qədər yumurta istehsal olunur: “Ölkə tələbatı 3.5-3.6 milyon ədəddir. Ölkəmizdə istehsal olunan yumurta sayı 4.6-4.9 milyon arasındadır. Keçirdiyimiz sonuncu toplantılarda əldə etdiyimiz nəticəyə əsasən onu deyə bilərik ki, yaxın 2 ay ərazində istehsalı artıra bilsək, Rusiyaya, həm də digər ölkələrə yumurta ixrac edə biləcəyik. Hətta artıra bilməsək belə, qiymət artımı olmayacaq, nə də yumurtanın qıtlığının olması mümkün deyil. Ona görə ki, qonşu ölkələrlə bizim aramızda qiymətlə bağlı elə bir fərq yoxdur. Eyni zamanda yemin maya dəyəri nə qədər ucuzdursa, bizdə qiymət də o qədər onu tənzimləyir. Yəni keçən ilə nisbətən hazırda yumurtanın qiyməti 2 qəpik ucuzdur. Fikrimcə, bizim ixrac potensialımız artır. Artıq Rusiyaya da ixrac etməyə başladıq. Bundan öncə də 10-a yaxın ölkəyə yumurta ixrac edirdik. Burada BƏƏ, Qətər, İraq, Əfqanıstan, Səudiyyə Ərəbistanı və digər ölkələr var idi. Bu gün üçün isə Rusiyaya ixrac etməyə başlayacağıq”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”