Rusiya aviaşirkəti Azərbaycana uçuşları LƏĞV ETDİ
Rusiyanın “Azimut” aviaşirkəti Mineralnıye Vodı və Soçi hava limanlarından Azərbaycana uçuşları ləğv edib.
Musavat.com xəbər verir ki, məlumatı şirkətin mətbuat xidməti “İnterfaks”a açıqlayıb.
Şirkət bildirir ki, uçuşların ləğv olunmasına səbəb Azərbaycanın aviasiya hakimiyyət orqanlarının uçuş icazəsini ləğv etməsi ilə əlaqədar Bakı və Gəncə hava limanları tərəfindən slotların çıxarılmasıdır. Buna görə də Mineralnıye Vodıdan Bakı və Gəncəyə, eləcə də Soçidən Bakıya reyslər təxirə salınıb.
Qeyd edək ki, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Qroznıya uçan “Embraer 190” sərnişin təyyarəsinin xarici təsir nəticəsində qəzaya uğraması ilə bağlı araşdırmalar fonunda bir neçə xarici aviaşirkət Rusiyaya uçuşları dayandırıb. Onların arasında AZAL-ın özü (Bakıdan Rusiyanın 10 şəhərinə uçuşlar ləğv edilib), eləcə də Qazaxıstanın Qazaq Air (Astanadan Yekaterinburqa), İsrailin El Al (Tel-Əvivdən Moskvaya), Arab Flydubai (Dubaydan) şirkətləri də var.