Rusameylli qüvvələrin siyasi gərginliyi körükləməsi Ermənistanda hakimiyyətin devrilməsinə hədəflənib
Bir müddət İrəvan küçələrində rusameylli qüvvələrin siyasi gərginliyi körükləməsi Ermənistanda hakimiyyətin devrilməsinə hədəflənib. Elə bu təzyiqlər fonunda da Paşinyan parlamentdə “vaxtı gələndə Ermənistan KTMT-dən çıxacaq” sözləriylə Rusiyaya “qorxmuram” mesajını verdi.
NATO üzvü Fransadan müasir silahlar alınmasından sonra, Ermənistan rəhbərliyinin KTMT-dən ayrılmağı da müzakirəyə açması Rusiyanın ikinci qırmızı xəttinin keçilməsidir. Geriyə sadəcə Ermənistandakı rus hərbi bazalarının çıxarılması tələbi qalır ki, bu da artıq Ermənistanın tam olaraq Rusiyadan qoparılması deməkdir. Dünən baş tutmuş Ermənistan-ABŞ strateji dialoqunun Paşinyanı daha da cəsarətləndirdiyi şübhəsizdir. Bəllidir ki, Vaşinqtonun dəstəyini artırması Paşinyanın Rusiya qarşısında yeni tələblər səsləndirməsinə zəmin yaradır. Lakin Paşinyanın KTMT-dən çıxmaqdan danışmasını təkcə ABŞ-ın zəmanətləriylə izah etmək mümkün deyil. Xüsusilə, son proseslər nəticəsində Qərb-Gürcüstan münasibətlərinin kəskinləşməsi və Tbilisinin Moskvaya yaxınlaşması Ermənistanın Qara dəniz vasitəsilə Avropaya bağlantısının gələcəyini böyük sual altına alır. Eyni zamanda, prezident seçkiləri ərəfəsindəki ABŞ-ın qayığına minmək, Ağ Evə tam etibar etmək də ağılsızlıq olardı. Geriyə sadəcə bir ağlabatan variant qalır: Ermənistan-Türkiyə sərhədinin açılması. Aydındır ki, Paşinyan Türkiyə ilə sərhədin tezliklə açılacağına bel bağlayır. Türkiyə ilə sərhədlər açıldıqdan və münasibətlər normallaşdıqdan sonra prinsip etibarı ilə Ermənistanın Rusiya hərbi təhlükəsizliyinə ehtiyacı da olmayacaq, yəni Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun məqsədi ortadan qalxacaq. Ən önəmlisi isə Ermənistanın NATO-ya qoşulmaq ehtimalı aktuallaşacaq. Bu proseslər içində açıq qalan əsas sual, Türkiyə-Ermənistan sərhədinin açılmasının Ermənistan-Azərbaycan sülh müqaviləsindən asılı qalıb qalmayacağıdır. Birmənalı olaraq, Ankara İrəvanla sərhədlərin ən qısa müddətdə açılmasında maraqlıdır. Paşinyanın da tam olaraq bu məsələyə ümidvar olduğu bəllidir. Azərbaycan isə sülh sazişi üçün istədiklərini hələ tam almayıb. Xüsusilə, Naxçıvana gedən bağlantılar əsas açıq qalan məsələdir. Yeni beynəlxalq nizamın formalaşdığı bir vaxtda Türkiyə dinamik oynamağa, Azərbaycan isə gözləmə mövqeyində qalmağa üstünlük verir. Belə bir vəziyyətdə, Türkiyə-Ermənistan sərhədlərinin sülh sazişindən öncə açılması sürpriz olmayacaq.
Rasim Zeynalov- politoloq