22 Dekabr 2024

Robert Köçəryan iqtidar ola bilərmi?- Cəlladın addım səsləri,Dağlıq Qarabağın statusu…

Nikol Paşinyanın rəhbərlik etdiyi Mənim Addımım İttifaqı (Vətəndaş İttifaqı) bu günlərdə bəyan etdi ki, erkən seçkilərə ehtiyac yoxdur. Halbuki daha əvvəl baş nazir erkən seçkilərə getməyə hazır olduğunu bəyan etmişdi.

Ermənistan parlamentində mövcud olan 132 deputat yerindən 83-ü Vətəndaş İttifaqına məxsusdur. Çiçəklənən Ermənistan Partiyası (Gagik Tsarukyan) isə 24 yerlə ikinci sırada gəlir. Üçüncü sırada gələn Parlaq Ermənistan Partiyası (Edmon Marukyan) 17 deputat mandatına sahibdir.

Ermənistan Konstitusiyasının 149-cü maddəsinə əsasən əgər baş nazir istefa verirsə, parlament 7 gün ərzində 2 dəfə yeni baş naziri seçmək üçün səsvermə keçirir. Baş nazir seçilmədiyi təqdirdə parlament buraxılır və yeni parlament seçkisi keçirilir.

Siyasi təhlilçilər ona da diqqət edirlər ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan (1998-2008) böyük siyasətə döndüyü və baş nazir seçilmək iddiasında olduğunu elan etdikdən dərhal sonra Vətəndaş İttifaqı erkən seçki fikrindən daşınıb.

“Qarabağ klanı”nın təmsilçisi olan Robert Köçəryana Ermənistanda münasibət birmənalı deyil. Hələ orası da var ki, “Qarabağ klanı”nın digər təmsilçisi Ermənistan Respublikasının 3-cü prezidenti (2008–2018) Serj Saərkisyanla Robert Köçəryanın ziddiyətli münasibətləri var. Təsadüfi deyil ki, Robert Köçəryan bu günlərdə eyham vurdu ki, Ermənistanın bugünkü hala düşməsində Serj Sərkisyanın da günahı var. Belə ki, o, Robert Köçəryanın yenidən iqtidara dönməsinə imkan verməyib. Ermənistan mətbuatı onu da yazır ki, hələ 2014-cü ildə Serj Sərkisyan Robert Köçəryanın siyasətdən getməli olmasına işarə vurmuşdu.

1601530048_kmo_168754_00098_1_t218_192513.jpg (243 KB)

Ermənistan, Azərbaycan və Rusiya arasında əldə olunmuş üçtərəfli anlaşmadan sonra Ermənistanda Nikol Paşinyana qarşı 17 partiya bir araya gəldi. Orada da Serj Sərkisyanla Robert Köçəryan yenidən rəqib kimi üz-üzə gəlməli oldular. Maraqlıdır ki, onların hər ikisi eyni elektorat uğrunda mübarizə aparırlar.

Xatırladaq ki, Robert Köçəryan öncə Ermənistanın sabiq baş naziri Vazgen Manukyana dəstək verdiyini bəyan etmişdi. Vazgen Manukyan Paşinyanı istefaya göndərmək üçün Ermənistan müxalifətinin böyük bir kəsimini öz ətrafına cəm etmişdi. Robert Köçəryanın “böyük siyasətə dönürəm” açıqlaması həm də Vazgen Manukyana verdiyi dəstəyin geri çəkilməsi anlamına gəlir.

O da maraqlıdır ki, bir neçə gün əvvəl Serj Sərkisyan da böyük siyasətə döndüyünü bəyan etdi.

Ermənistanda vəziyyət belədir ki, xalq “Qarabağ klanı”nın yenidən iqtidara gəlməsini istəmir. Qarabağ savaşında biabırçı məğlubiyyətə baxmayaraq Paşniyanın reytinqi kifayət qədər yüksəkdir. ABŞ-da Co Baydenin iqtidara gəlişindən sonra Nikol Paşinyanı istefaya məcbur etmək xüsusilə mümkünsüz görünür. Tramp dönəmində belə ABŞ-ın İrəvandakı səfirliyi Nikol Paşinyanı xalqın qəzəbindən qorumaq üçün böyük işlər gördü.

7d3b738945d1361d2d2f1adedded2a7d.jpg (93 KB)

Amma ortada olan Rusiya amilini heçə saymaq olmaz. Bəllidir ki, Robert Köçəryan ilə Vladimir Putin arasında gərginlik yoxdur. Robert Köçəryan həbsdə olduqda belə Rusiya prezidenti ona məktub yazırdı. Rəsmi Moskva üçün Köçəryan uzun müddətdir ki, ehtiyat variant kimi görünür. 

Ermənistan parlamentində baş nazir, spiker və daha 4 nəfər öldürüldü

1945-ci ildə Hələbdə doğulmuş Levon Ter-Petrosyan Ermənistanın birinci prezidenti (1991-1998) oldu. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daha mütərəqqi yanaşma sərgiləməsi ilk prezidentə baha başa gəldi. Belə ki, o, “Qarabağ klanı”nın təzyiqi altında iqtidardan getməli oldu. Onun yerinə isə 1998-ci ildə Robert Köçəryan gəldi. Ermənistanın ikinci prezidenti olan Köçəryan prezident seçkisində Sovet Ermənistanının rəhbəri olmuş Karen Dəmirçiyanla yarışdı. O vaxt müşahidəçilər deyirdilər ki, əslində Robert Köçəryanın prezident seçkisinə qatılması konstitusiyaya görə yasaq idi. Belə ki, konstitusiyaya görə, prezidentliyə namizəd ən azı 10 il ərzində Ermənistan vətəndaşı olmalı və Ermənistanda yaşamalı idi. Köçəryana Vazgen Sərkisyan (Respublika Partiyasının sədri. 1999-cı ildə 3-4 ay ərzində Ermənistanın baş naziri olub- E.H) və Ermənistanda qadağan olunmuş Daşnaksutyun Partiyası dəstək verdi. Köçəryan prezident olduqdan sonra Daşnaksutyunun Ermənistandakı fəaliyyətinə qoyulmuş qadağa aradan qaldırıldı.

kocaryan.jpg (20 KB)

R.Köçəryanın prezidentliyə namizədliyini irəli sürən koalisiya parlamentdə yerlərin çoxunu ələ keçirdi. Vazgen Sərkisyan baş nazir oldu, Karen Dəmirçiyan isə parlamentin spikeri seçildi. 1999-cu ilin 27 oktyabrında Vazgen Sərkisyan, Karen Dəmirçiyan və daha 6 dövlət yetkinlisi Ermənistan parlamentinə hücum edən 5 silahlı terrorçu tərəfindən qətlə yetirildi. Terrorçular 50 nəfəri girov götürmüşdü. Köçəryan özü silahlılarla danışıqlar apardı. O vaxt sonradan Ermənistanın prezidenti olacaq Serj Sərkisyan milli təhlükəsizlik naziri idi. Bir çoxları hesab edir ki, Qarabağ klanını təmsil edən Köçəryan və Sərkisyan öz siyasi opponentlərini aradan göstürmək üçün Ermənistan parlamentində bu qırğını həyata keçirdilər. Bu qətllə bağlı istintaq zamanı Köçəryana yaxın olan şəxslər də həbs olundu. Ancaq onlar bir neçə ay sonra yenidən azadlığa çıxdı.

Ter-Petrosyan dəfələrlə Robert Köçəryanı və Serj Sərkisyanı Ermənistan parlamentində törədilmiş qətllərin sifarişçisi adlandırıb.

“Mən “xaç suyu”na salsalar da, heç vaxt dindar ola bilmədim”

Köçəryan 1956-cı ildə Xankəndində (Stepanakert) doğulub. Kəlbəcər işğal altında olanda-1996-cı ildə arxiyepiskop Parqev Martirosyanın təkidi ilə Gəncəsər monastırında “xaç suyu”na salınıb. Sonralar Köçəryan etiraf edib ki, “xaç suyu”na salınsam da heç vaxt dindar ola bilmədim.

Köçəryanın cangüdəni,- “salam, Rob”,- deyəni vurub öldürdü

2001-ci ildə İrəvanda yerləşən Poplavok kafesində caz ifaçıları toplaşıblar. 2000-ci ildə jurnalist qismində mən özüm də o kafedə olmuşam. Son dərəcə elit bir yerdir…

Robert Köçəryan da kafeyə gəlir. Bu zaman prezidenti görən Poqhos Poqosyan keçmiş sinif yoldaşına ,-“Salam, Rob”,- deyə müraciət edir. Prezidentə bu cür müraciət onun cangüdənləri tərəfindən təhqir kimi qəbul olunur. Onlar Poqhosyanı tualetə aparırlar və orada onu döyə-döyə öldürürlər. Cangüdən Ağamal Harutiunyan bu qətldə şübhəli bilindiyinə görə, bir il məhbəsdə yatır.


Atanı öldürdü, oğlunu məğlub etdi

2003-cü ildə Ermənistanda növbəti prezident seçkisi keçirildi. Bu dəfə Köçəryanın əsas rəqibi mərhum Karen Dəmirçiyanın oğlu Stepan Dəmirçiyan oldu. Birinci turda kimsə zəfər çalmadı. İkinci turda isə Köçəryan 67 faizlə qalib elan olundu.

Silva Kaputyan: “Köçəryan getməlidir”

Buna cavab olaraq Stepan Dəmirçiyanın on minlərlə tərəfdarı küçələrə axışdı. Onlar Köçəryanın istefasını tələb edirdilər. Polis etirazçılara divan tutdu. Buna etiraz olaraq Ermənistanın xalq şairi Silva Kaputyan “Köçəryan getməlidir” adlı açıq məktub yazdı və Köçəryanı istefaya çağırdı. Daha əvvəl isə o, törədilmiş cinayətlərə etiraz olaraq Köçəryandan aldığı ordeni geri qaytarmışdı.

Yeni qətllər- 10 nəfər öldürüldü

2008-ci ildə keçirilən prezident seçkisində Robert Köçəryan o vaxt baş nazir olan Serj Sərkisyana dəstək verdi. Prezident seçkilərinə qatılmış Levon Ter-Petrosyan tərəfdarlarını İrəvandakı Azadlıq meydanına səslədi. İlk prezident seçkilərin Sərkisyanın xeyrinə saxtalaşdırıldığını bəyan etdi. Martın birində nümayişçilər polis və hərbi hissələrlə üz-üzə gəldilər. Tərəflər arasında gedən döyüşlərdən sonra 10 nəfər (8 etirazçı və 2 polis) öldürüldü. Prezident Köçəryan 20 günlük fövqəladə vəziyyət elan etdi. Ölkədə kütləvi həbslər həyata keçirildi. Müxalifətin nüfuzlu üzvləri zindana salındı. Növbəti nümayişlərə isə imkan verilmədi.

Düz 10 il sonra-2018-ci ilin iyun ayında Xüsusi İstintaq Qrupu Köçəryanı həmin əməllərindən dolayı Ermənistan konstitusiyasına məhəl qoymamaqda suçladı və o, kiçik fasilələrlə 2020-ci ilin iyun ayına qədər məhbəsdə qaldı. Ümumilikdə isə o, üç dəfə həbs olundu.

Köçəryan Qarabağ danışıqlarında

Köçəryan Dağlıq Qarabağ probleminin “paket həllinin” tərəfdarı idi. Yəni, Azərbaycanın 7 rayonu geri qaytarılır və Dağlıq Qarabağa status verilir. Bütün bunlar eyni müqavilədə öz əksini tapırdı. Bununla Azərbaycan haqlı olaraq razılaşmadı.

Onun iştirakı ilə keçirilən bundan sonrakı görüşlər də nəticəsiz qaldı.

2006-cı ilin sentyabrında isə “Dağlıq Qarabağ Respublikası”nın yaranmasının 15 illiyi münasibəti ilə çıxış edən R. Köçəryan dedi: ”Bu gün artıq Dağlıq Qarabağda azad və müstəqil dövlət qurulub. Ermənistan və dünya erməniləri bu dövlətin güclənməsinə və inkişaf etməsinə töhfə verməlidir. Biz həmçinin Dağlıq Qarabağın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına nail olmalıyıq”.

Bu avantüranın nəticəsi və Azərbaycan ordusunun yazdığı tarix isə artıq hər kəsə bəllidir.

Köçəryanın şəxsi həyatı

O, Bella Köçəryanla evlidir. Üç uşaqları var. Uşaqların üç də Xankəndində doğulub. Köçəryan rus və ingilis dillərini bilir. 2020-ci ildə çap olunmuş xatirələrində bildirir ki, erməni dilində yazmaq və oxumaqda çətinlik çəkir. Çünki Qarabağda istifadə olunan erməni dili İrəvanda istifadə olunan dildən xeyli fərqlidir.

Köçəryan etiraf edir

Levon Ter-Petrosyan deyir ki, biz 1997-ci ildə Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etməyə çox yaxın idik. Ancaq Robert Köçəryan buna imkan vermədi.

Köçəryan son müsabibələrinin birində etiraf edir ki, müharibədə Azərbaycan 9 rayon qazandı, status müzakirəsi üçün əlimizdə heç nə qalmadı: “İrəvanın Bakını Qarabağın status məsələsini müzakirə etməyə razı salması mümkün deyil…Özünü müdafiə edə bilməyən bir ölkənin statusu nədir, bilirsinizmi? Strateji müttəfiqdən Rusiyanın protektoratına çevrildik”.

kocaryan-1.jpg (63 KB)

Cəlladın geri dönmək şansı varmı?

Göründüyü kimi, Robert Köçəryanın əli təkcə azərbaycanlıların qanına batmayıb, o, həm də erməni xalqına divan tutub. Yuxarıda vurğuladığımız kimi, elə bu səbəbdən də o, Ermənistanda ən çox nifrət doğuran siyasətçi hesab olunur.

Bəs, ya vəlvələdən, ya da zəlzələdən Robert Köçəryan yenidən iqtidara gələ bilərmi? Rusiya amilini nəzərə alsaq bu, nəzəri baxımdan mümkündür. Ancaq bu ehtimal son dərəcə aşağıdır. O da aydındır ki, lap “odioz” daşnak kimi tanınan Köçəryan yenidən prezident olsa belə, Dağlıq Qarabağın statusuna nail ola bilməz. Özü də bunu dolayısı ilə etiraf edib: “Çünki həm hərbi, həm də siyasi üstünlük Azərbaycanın tərəfindədir”. Və bu üstünlük əzici xarakter daşıyır…

Elbəyi Həsənli, Sürix