Riyakarlıq və ikili standartların təzahürü
05 iyul 2023-cü il tarixdə Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü baş tutdu. Ölkə başçımızın geniş nitqlə çıxış etdiyi konfrans ölkəmizlə yanaşı, dünya gündəmində də əhəmiyyətli yer tutdu.
Xüsusilə, Azərbaycan Prezidentinin Fransa Respublikasının müstəmləkəçilik siyasəti, İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdləri, BMT TŞ-də islahatlara zərurət duyulması və Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozması və bölgədə sülhə xidmət etməyən addımlar atması ilə bağlı fikirləri geniş oxucu kütlələrinə təqdim olundu.
Nüfuzlu konfransda Prezident İlham Əliyevin Fransaya və onun hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasətinə geniş yer verməsi diqqətəlayiq haldır. Əslində ilk dəfə deyil ki, Azərbaycan Prezidenti beynəlxalq tribunalardan Fransanın iç üzünü ifşa edirdi. Ötən ilin noyabr ayında Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərinə səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimindəki nitqində də ölkə başçımız Fransa ilə bağlı bənzər fikirlər səsləndirmişdi. Sitat: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir”. Ötən günkü çıxışında isə İlham Əliyev Fransanın utandıran keçmişini və bu gün də davam etdirdiyi neokolonializm siyasətini daha geniş şəkildə dünyaya təqdim etdi. Vurğulandı ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Ölkə başçımızın nitqində diqqət yetirilməli nüanslardan biri də Fransada Paris Muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərinin hələ də sərgilənməsi ilə bağlı oldu.
Sözün əsl mənasında dəhşətverici olan bu fakt Fransanın həm də ikiüzlü, riyakar siyasətinin açıq təzahürüdür. Yəqin ki, hər kəs xatırlayır ki, Azərbaycan 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsini əbədiləşdirmək məqsədilə “Hərbi Qənimətlər Parkı”nı istifadəyə verdikdə, bununla bağlı bir çox qınaqlara tuş gəlmişdi. Xüsusilə, Parkda dəbilqələrin nümayiş olunması və erməni əsgərlərinin manikenlərinin mövcudluğu “rezonans”a səbəb olmuşdu. Bunun “müharibədə həlak olan, itkin və əsir düşən ermənilərin xatirəsinin təhqir edilməsi, onların və ailələrinin hüququ və ləyaqətlərinin tapdalanması” olduğu qeyd edilmişdi. Halbuki, Azərbaycan Fransadan fərqli olaraq heç kimin kəlləsini kəsməmiş, bu vandallığı qürurla sərgiləməmişdi. Sözügedən dəbilqələr döyüşlər zamanı Ermənistan hərbçiləri tərəfindən sadəcə atılmışdı. Müharibə iştirakçısı olan erməni hərbçilərinin manikenlərinin sərgilənməsinə gəldikdə isə, dünyanın bir çox ölkələrində hərbi muzeylərdə manikenlərin sərgilənməsi təcrübəsi mövcuddur. Üstəlik, daha sonra Azərbaycan həmin dəbilqələri və manikenləri nümayişdən kənarlaşdırmışdı.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi