08 Sentyabr 2024

Respublikamızın ikitərəfli və çoxtərəfli münasibətləri uğurla inkişaf edir

Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru və Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan yüksək nüfuza malikdir. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursu nəticəsində ölkəmizin beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, respublikamızın ikitərəfli və çoxtərəfli münasibətləri uğurla inkişaf edir.

Ümumiyyətlə, dövlətimizin başçısı prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini qətiyyətlə müdafiə edir. Eyni zamanda, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin iyun ayının 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar bəyanatında bildirib: “Bugünkü dünyada güc amili ön plana çıxır. Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu”.

Həqiqətən də fəxarət hissi ilə bildiririk ki, “Qarabağ Azərbaycandır və nida” ifadəsi 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruq” əməliyyatında Böyük Qələbəmizin rəmzinə çevrildi. Azərbaycan dövləti öz milli gücü vasitəsilə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsinin, uzun illər ərzində kağız üzərində qalan BMT-nin məlum 4 qətnaməsinin döyüş meydanında hərbi-siyasi yolla həllinə nail oldu, 44 gün ərzində əks-hücum əməliyyatları ilə Ermənistanı diz çökdürdü, təcavüzkar ölkə tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi. Dövlətçiliyimizin ən şərəfli səhifəsi olan bu tarixi Zəfərlə Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymaqla təcavüzkar ölkəyə, dünya erməniliyinə və onların havadarlarına əsl dərs verdi, ona məğlub edilmiş ölkə damğası vurdu.Azərbaycan regionda, eləcə də beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən geostrateji layihələrin əhəmiyyəti və nəticələri deyilənləri təsdiq edir. Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi deyil ki, açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır, ölkəmizin beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir, sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı