22 Dekabr 2024

“Rəqəmsal İpək Yolu” layihəsi

Rəqəmsal İpək Yolu” layihəsi “Dubay Ekspo” ümumdünya sərgisində və “Capacity Middle East 2022” qlobal telekommunikasiya tədbirində təqdim edilib və beynəlxalq marağa səbəb olub. Layihənin məqsədi Azərbaycandan keçməklə Avropa və Asiyanı birləşdirəcək telekommunikasiya dəhlizinin yaradılmasıdır. NEQSOL Holding-in təşəbbüsü ilə AzerTelecom tərəfindən həyata keçirilən layihə Azərbaycanda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafı, eləcə də ölkənin regionun rəqəmsal mərkəzinə çevrilməsinə xidmət edir. Rəqəmsal İpək Yolu layihəsinin icrası rəqəmsal məzmunun və internet xidmətlərinin Avropa internet mərkəzlərindən Qafqaz, Mərkəzi və Cənubi Asiya ölkələrinə ötürülməsini nəzərdə tutur. Müxtəlif ölkələrin – Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistanın ərazisindən keçməklə bu meqa rəqəmsal telekommunikasiya dəhlizi yüksək ötürmə qabiliyyəti və məlumatların ötürülməsində ən az gecikmə ilə ən optimal, ən qısa marşrut olacaq və regional əməkdaşlıq və inkişafa təkan verəcək.Bu, həmin regionların internet trafikinə artan tələbatını ödəməyə və regionda rabitə xidmətlərini yaxşılaşdırmağa kömək edəcək. Bundan başqa, layihə Avrasiyada iqtisadi sabitliyi və rifahı genişləndirəcək.

Avropanı Mərkəzi və Cənubi Asiya ilə bağlayacaq rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” layihəsi 5 və 6 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilmiş “GCCM 2023” tədbirində təqdim olunub. Tədbir innovativ həlləri araşdırmaq, ideyaları bölüşmək və müxtəlif telekommunikasiya seqmentlərində işgüzar əlaqələr qurmaq üçün 40-dan çox ölkədən olan şirkətləri bir araya gətirib.

Layihənin Azərbaycan seqmentində dəmir yolları boyunca Cənub, Şimal və Qərb istiqamətlərində beynəlxalq standartlara uyğun yeni fiber-optik kabel xəttinin tikintisi başlanılıb və sürətlə davam edir. Tikintinin ilk ayında 10%-dən çox hissəsi tamamlanıb, bu da 110 km-dən çox olan seqmenti təşkil edir. İnfrastruktur fazası üzrə tikintinin tamamlanması 2023-cü ilin ortasına planlaşdırılır.

Layihənin müxtəlif mərhələlərinə beynəlxalq konsaltinq şirkətləri cəlb olunub. Bu infrastrukturun qurulması regionda multiterabitli magistral marşrutun yaradılmasına imkan verəcək, ölkənin rəqəmsal infrastrukturunu gücləndirəcək.

Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi