22 Noyabr 2024

Regional idarənin rəisi Mingəçevir şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Mingəçevir şəhərində olan bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib.

Mingəçevir şəhər şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzi, Dövlət Rəsm Qalereyası, Ü. Hacıbəyli adına 11 illik musiqi məktəbi,  Şəhidlərin Xatirə Muzeyi, M. P. Vaqif adına Mərkəzi kitabxana və N. Gəncəvi adına 9 nömrəli kitabxana filialında olan idarənin rəisi mədəniyyət müəssisələrinin hazırkı vəziyyəti, mövcud problemlərdən, mədəniyyət sahəsində qarşıda duran hədəflərdən, bu sahədə mədəniyyət  işçiləri üzərinə düşən vəzifələrdən, regionda əhaliyə göstərilən mədəni xidmət səviyyəsinin yüksəldilməsindən və bununla bağlı regional idarənin qarşısına qoyduğu məqsədlərdən geniş söz açıb.

Bildirilib ki, mədəniyyət müəssisələri insanlarla qarşılıqlı sıx əlaqədə işləməli, insanların mədəniyyət sahəsinə diqqətini artırmalı və onların mədəni-kütləvi tədbirlərdə iştirakı təmin edilməli, mədəniyyət müəssisələri fəaliyyət istiqamətlərini  günün tələblərinə uyğun qurmalı, mədəniyyət müəssisələrində fəaliyyət göstərən dərnək üzvləri işlərini günün tələblər səviyyəsində qurmalıdır.

Regional idarənin rəisi, həmçinin mədəniyyət müəssisələrində şəffaflığın tam təmin edilməsi, əmək intizamına ciddi riayət olunması, mədəniyyət müəssisələrində mövcud olan nöqsanların qısa müddət ərzində aradan qaldırılması, gənc və ixtisaslı kadrların önə çəkilməsi, sənədləşdirmə işlərinin düzgün aparılması, KİV nümayəndələri ilə sıx əlaqələrin qurulması, keçirilən tədbirlərin və görülən işlərin sosial media platformalarında daha geniş şəkildə işıqlandırılması ilə bağlı tapşırıqlarını çatdırıb.